Məhkəmə qərarları › İş №2-1(112)-10573/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10573/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10573/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “xarici ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (əvvəlki Təhsil Nazirliyi) (bundan sonra – Cavabdeh) müraciət edərək, S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B18 №211854 nömrəli xx.xx.2018-ci il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmiş və qərarı bununla əsaslandırmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş B18 №211854 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması və tanlnma haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2013-xx.xx.2018-ci illərdə S.Kuznets adına Xarkov Milli İqtisad Universitetində Mühasibat uçotu və audit ixtiası üzrə qiyabi təhsil almışdır. Həmin Universiteti o internetdə görmüş və qərara gəlmişdir ki, yaşı çox olsa da, təhsil alaraq ölkəsinə daha da faydalı ola bisin. Bu səbəbdən hətta özü şəxsən sənədlərini hazırlayıb bilet alaraq Ukraniyanın Xarkov şəhərinə getmişdir. Sənədləri təqdim etdikdən sonra universitetlə tanış olmuş, Universitetin daxili qaydalarına uyğun olaraq, birinci smestrdən təhsilini davam etdirməyə başlamışdır. xx.xx.2018-ci ildə qiyabi olaraq bakalavr təhsilini uğurla bitirmiş, Universiteti bitirdikdən sonra ölkədə yaranan bəzi çətinliklər (pandemiya şəraiti və müharibə vəziyyəti) səbəbindən diplomun tanıdılmasına vaxt ayıra bilməmişdir. Lakin həmin məsələlər aradan qalxdıqdan sonra qərara gəlmişdir ki, müraciət edərək diplomunu tanıtsın. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının X3 vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2013/2014-cü tədris ili üzrə - 7 gün, 2014/2015-ci tədris ili üzrə - 7 gün, 2015/2016-cı tədris ili üzrə - 6 gün, 2016/2017-ci tədris ili üzrə - 7 gün, 2017/2018-ci tədris ili üzrə - 23 gün qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, bundan sonra məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddiaçı xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra 30 gün müddətində (xx.xx.2024-cü il) məhkəməyə müraciət etmiş, bununla da iddia müddəti ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2018-ci ildə Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr dərəcəsini bitirmiş, Universitet tərəfindən onun adına xx.xx.2018-ci il tarixli, B18 №211854 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir. Diplom xx.xx.2018-ci il tarixdə Kiev şəhərində Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən apostil edilmişdir. Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin xx.xx.2023-cü il tarixli, 39/1218 nömrəli arayışından görünür ki, İddiaçı Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində xx.xx.2013-cü il tarixindən xx.xx.2018-cü ilə qədər qiyabi şöbədə “Mühasibat uçotu və audit” təhsil proqramı üzrə təhsil almışdır. Qiyabi şöbədə standart təhsil müddəti 4 il 10 aydır. Giriş sessiyasında qiyabi tələbə olmadıqda, universitetdə imtahan sessiyasına müstəqil şəkildə hazırlaşmaq və distantdan məsləhətlər almaq imkanı verən universitet tərəfindən hazırlanmış fərdi təlim sistemlərindən istifadə etməklə növbəti imtahan sessiyası üçün tapşırıqların alınması təmin edilir, həm də giriş və imtahan sessiyalarını birləşdirməyə icazə verilir. Qəbul imtahanlarına gəliş xx.xx.2013-cü ildən xx.xx.2013-cü il tarixlərində aparılmışdır. xx.xx.2014 - xx.xx.2014 tarixində 1-ci kurs, xx.xx.2015 - xx.xx.2015 tarixində 2-ci kurs, xx.xx.2016 - xx.xx.2016-ci il tarixdə 3-cü kurs, xx.xx.2017 - xx.xx.2017-ci il tarixdə 4-cü kurs, xx.xx.2017 - xx.xx.2017, xx.xx.2018 xx.xx.2018-ci il tarixdə 5-ci kurs üzrə giriş və imtahan sessiyaları keçirilmişdir. İmtahanlar və qiymətləndirmələr tam başa çatdırılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixinədək ixtisas imtahanından keçmişdir. İxtisas imtahanı verdikdən sonra 8 nömrəli İmtahan komissiyasının xx.xx.2018-ci il tarixli 1 nömrəli protokolu ilə İddiaçı “Mühasibat uçotu və audit” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsinin verilməsi ilə xx.xx.2018-ci ildə B18 №211854 bakalavr diplomunu və №3360924 diplom əlavəsini almışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı təhsil aldığı dövrdə xx.xx.2013-xx.xx.2013, xx.xx.2014xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2018-ci illərdə təhsil aldığı ölkədə, Ukrayna Respublikasının ərazisində olmuşdur. Cavabdehin iddiaçının xarici ölkədə aldığı təhsilə aid kvalifikasiyanı tanınmaqdan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşaraq qeyd edir ki, iddiaçının diplom aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına əsasən: -bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. -bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən: -5.5. ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırki işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və bununla Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığı nəticəsinə gəlinir. Belə ki, iddiaçı təhsil aldığı illər ərzində 2013/2014-cü tədris ili üzrə - 7 gün, 2014/2015-ci tədris ili üzrə - 7 gün, 2015/2016-cı tədris ili üzrə - 6 gün, 2016/2017-ci tədris ili üzrə - 7 gün, 2017/2018-ci tədris ili üzrə - 23 gün həmin ölkəyə getmişdir. İddiaçı digər vaxtlarda təhsilini distant formada aldığını bildirmiş, bununla bağlı Universitetin məktubunu təqdim etmişdir. Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkədə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı təhsil aldığı müddətdə qısa müddət ərzində təhsil aldığı ölkəyə getmişdir. Deməli, o, həmin dövrdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlilindən biri ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur. Məhkəmə hazırkı halda xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və iddiaçının təhsil aldığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan əlavə, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə olan qanunvericilikdə də mübahisənin həllini onun xeyrinə dəyişmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; - 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; - 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; - 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; - 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İstinad olunan normadan görünür ki, qanunverici ali təhsilə aid kvalifikasiyanın tanınmasını o halda tanıyır ki, şəxs hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olsun və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə olunsun. İşin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçı bu tələblərdən heç birini ödəmir. Buna görə də, məhkəmə yekunda belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamaldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar