Məhkəmə qərarları › İş №2-1(112)-10574/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10574/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10574/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqlarının Bakı şəhəri, Nəsimi rayonu ərazisində faktiki olaraq yaşadıqlarını nəzərə alıb onların Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə X6 ərə gedərək qaynatası X3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi, ev 17, 6 saylı mənzilə gəlin köçmüşdür və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin ünvanda yaşadığı zaman 04.02.2008-ci ildə oğulları X8 və 09 noyabr 2012-ci ildə digər oğulları X9 anadan olmuşdur ki, onlar da həmin ünvanda qeydiyyata alınmışdır. Aralarındakı nikah qeydiyyatı 26.04.2019-cu ildə pozulmuşdur və hər iki övladları onun himayəsinə verilmişdir, onların maddi təminatı üçün aliment məbləği müəyyən edilmişdir. Nikahları pozulandan sonra qaynatası X7 mənzilə istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılmaya dair ona qarşı iddia tələbi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir və həmin məhkəmənin 12 mart 2000-ci il tarixli, 2(006)-1088/2020 saylı qətnaməsi ilə qaynatasının iddiası təmin olunmuş və onu azyaşlı uşaqları ilə birlikdə ünvan 5 yaşayış sahəsindən əşyaları iİə birlikdə çıxarılmağı və onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsində istifadə hüququnun olmaması barədə qət olunmuşdur. Sonralar qətnamə icraya yönəlmişdir ki, beləliklə də hazırda onun və iki azyaşlı uşağının Bakı şəhərində qeydiyyatsız olmağı yaranmışdır. O, yaşayış yeri üzrə valdeyinlərinin qeydiyyatda olduqları ünvan 2 ünvanda faktiki olaraq yaşadığını göstərməklə Nəsimi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmağı barədə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdehin 04.09.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, guya vətəndaşın faktiki yaşayış ünvanını təsdiq edən heç bir sənəd olmadığına görə qeydiyyata alınmağı məqsədə müvafiq deyildir. Hesab etmişdir ki, cavabdehin cavabı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə uyğun deyildir. Həmin cavabla onun yaşayış yeri üzrə qeydiyyata alınmağı barədə olan hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsinə əsasən qeydiyyatda olduqları ünvandan çıxarıldıqlarından şəxsiyyət vəsiqəsi öz hüquqi qüvvəsini itirmişdir. Nəsimi rayonu ərazisində kirayədə yaşadığı ünvanla bağlı isə şəxsiyyət vəsiqəsi olmadığından kirayə müqaviləsi bağlaya bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.11.2019-cu il tarixli, AZ-İ 338619 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah 16.11.2019-cu ildə ləğv olunmuşdur. - Azərbaycan Respublikası vətəndaşının 04.02.2024-cü ilədək etibarlı olan 25.05.2015-ci il tarixli, AZE 10603463 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Yaqub Qəmbərov, anası İddiaçı olan Laçın Qəmbərov 04.02.2008-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının 09.11.2028-ci ilədək etibarlı olan 26.08.2017-ci il tarixli, AZE 18109638 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Yaqub Qəmbərov, anası İddiaçı olan Selim Qəmbərov 09.11.2012-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(006)-1088/2020 №-li qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı X2 iddiası təmin edilmiş, cavabdeh İddiaçı, azyaşlı övladları X4 və X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, bu qətnamənin İddiaçı, azyaşlı övladları X4 və X5 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 14 №-li tam orta məktəbinin 345 №-li, 10.11.2021-ci il tarixli arayışından görünür ki, X8 Bakı şəhəri 14 №-li tam orta məktəbinin 8D sinifində oxuyur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 14 №-li tam orta məktəbinin 346 №-li, 10.11.2021-ci il tarixli arayışından görünür ki, X9 Bakı şəhəri 14 №-li tam orta məktəbinin 4E sinifində oxuyur. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 №-li Uşaq Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 160 №-li, 11.11.2021-ci il tarixli məktubdan görünür ki, 3-cü mikrorayon R.Məmmədov küçəsi, ev 17, mənzil 6 ünvanında yaşayan uşaqlar 04.02.2008-ci il təvəllüdlü X8 və 09.11.2012-ci il təvəllüdlü X9 doğulduqları tarixdən poliklinikanın qeydiyyatındadırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04.09.2021-ci il tarixli 082-32501-1221 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun Nəsimi RPİ-nin inzibati binasına qeydiyyata alınmağına dair ərizəsinə baxılmış, lakin vətəndaşın faktiki yaşayış ünvanını təsdiq edən heç bir sənəd olmadığı üçün qeydiyyata alınmağı məqsədə müvafiq olmamışdır. Onun məhkəmə orqanlarına müraciət etmək hüququ var. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 28-ci maddəsinin 2-ci hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən gedə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarına əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Qeyd olunan Qərarda məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusiyada bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin reqional Qeydiyyat Mərkəzləri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, 09.04.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqları X11 və X9 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(006)- 1088/2020 №-li qətnaməsi ilə onların həmin mənzildə istifadə hüquqlarının olmaması müəyyən edilmiş və mənzilin mülkiyyətçisinin müraciətinə əsasən onlar həmin mənzil üzrə qeydiyyatdan çıxarılmışlar. İddiaçının yetkinlik yaşına çatmayan uşaqları Nəsimi rayonunun inzibati ərazisində yerləşən təhsil müəssisəsində təhsil alır, tibbi sağlamlıqla bağlı qeydiyyatda olduqları poliklinika da Nəsimi rayonunun inzibati ərazisində yerləşir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək onun və uşaqlarının Bakı şəhəri, Nəsimi rayonu ərazisində faktiki olaraq yaşadıqlarını nəzərə alıb onların Nəsimi RPİ-nin inzibati binasına qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh orqan isə vətəndaşın faktiki yaşayış ünvanını təsdiq edən heç bir sənəd olmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqları məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarıldıqları vaxta qədər yaşadıqları, halhazırda faktiki yaşadıqları ünvanlar, eyni zamanda uşaqların təhsil aldıqları müəssisə Nəsimi rayonunun inzibati ərazisi daxilində yerləşdiyindən onların cavabdeh inzibati orqanın ünvanı üzrə qeydiyyata alınmalarından imtina edilməsi iddiaçının və onun uşaqlarının qanunvericiliklə qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin edilməli, İddiaçı, onun uşaqları 04.02.2008-ci il təvəllüdlü X4 və 09.11.2012-ci il təvəllüdlü X5 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin ünvanı üzrə qeydiyyata alınmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun uşaqları 04.02.2008-ci il təvəllüdlü X4 və 09.11.2012-ci il təvəllüdlü X5 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin ünvanı üzrə qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar