Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10575/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzillə bağlı vəfat etmiş X2 adına hüquq müəyyənedici sənədin (çıxarış və ya arayış) verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR pııblik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-ci il təvəllüdlü X1 faktiki yaşadığı və qeydiyyatda olduğu, kirayəçisi olduğu mənzilində - Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 62 ünvanında xx.xx.2021-ci il tarixdə öz əcəli ilə vəfat etmişdir. Vəfatından sonra miras əmlak tərəfimdən qəbul edilib. Mənzilə bir müddət sahiblik etmişdir. Bacısı ömrünün sonlarında xəstə omuş, aylarla onun evində yaşayıb ona baxmış, faktiki olaraq onun ailə üzvü olmuşdur. Həmin mənzil 1977-ci il tarixində X10 adına olub. Həmin mənzillə bağlı onun adına xx.xx.1977-ci il tarixli.040423 nömrəli order olub. X13 12 yanvar 1980-ci il tarixində vəfat etdikdən sonra mənzil Nizami rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 29/1366 nömrəli sərəncamı ilə miras qoyanın (X10) oğlu X6 adına rəsmiləşdirilib. Bacısı 1979-cu ildən həmin şəxslə rəsmi nikah münasibətində olub və həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. Belə ki, bacısı kirayəçinin (X6) ailə üzvü olub. 1982-ci ildən həmin ünvana daimi pasport qeydiyyatına alınıb. 1984-cü il tarixində onlar boşanıblar. Bununla belə, bacısı həmin mənzildə yaşamaqda davam edib. Keçmiş yoldaşı isə mənzili tərk edərək başqa bir ünvana köçüb. 1980-ci illərin sonunda isə daimi yaşamaq üçün Rusiya ərazisinə gedib, orada da vəfat edib. X1 xx.xx.1982-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri, Naxçıvanski küçəsi.ev 23,mənzil 62 ünvanında qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2021-ci il tarixində şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Bacısının Nizami rayon MKTB-ə ödədiyi mənzilkommunal xidməti qəbzləri ilə təsdiq olunur ki, bacısı həmin mənzilin kirayəçisi olmuş, burada yaşamış, buradan istifadə etmiş, bu üzdən xidmət haqları ödəmişdir. Mənzillərin özəlləşdirilməsi haqqında qanunvericiliyə əsasən bacısının mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı "qanuni gözlənti" hüququ olmuş, lakin vəfat etməsi səbəbindən bu hüququnu gerçəkləşdirə bilməmişdir. Bacısının vəfatından sonra o miras qoyanın qanuni varisi hesab olunur. Özü vərəsə olaraq notariat orqanına müraciət etmiş və müraciəti üzrə 12 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinə dair X2 adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti (keçmiş Nizami rayon XDS İK) başçısının 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinin kirayə müqaviləsi X7 adına bağlanmışdır. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 46 kv.m olduğu məlum olmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs iddiaya yazılı münasibətində bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı, X2 mülkiyyət hüququnun qeydiyyata alınıb, bu barədə arayışın verilməsini iddia etdiyi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 23 saylı evin, 2 otaqlı, 62 saylı mənzili Dövlət mülkiyyətində və Dövlət mənzil fonduna aidolmaqla, Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı ünvan 3 ünvanda yaşamaqla, heç zaman Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 23 saylı evin, 62 saylı mənzildə yaşamamışdır. Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Əsasnamə üzrə vəzifələrinə uyğun olaraq Birliyin balansında olan mənzil fondunun qorunub saxlanılmasını və texniki baxışını təmin etməklə, həmçinin, mənzil qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti də həyata keçirir. Dövlət mülkiyyətində və dövlət mənzil fonduna aid olan Bakı şəhəri, Nizami rayonu,Naxçıvanski küçəsində yerləşən 23 saylı evin, 2 otaqlı, 62 saylı mənzilinin keçmiş kirayəçisi X5 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra Əsasnaməyə uyğun olaraq, mənzil qanunvericiliyinin tələblərinə əsasən tərəflərindən həmin mənzilin qorunub saxlanması üzrə bəzi zəruri tədbirlər görülmüşdür. Məhkəmə iclasında iştirak edən edn iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmş Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nizami rayon XDS İK-nin (indiki Nizami RİH) arxiv fondu üzrə xx.xx.1982-ci il tarixli, 29/1366 saylı qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin şəxsi hesabının 1 nəfə ailə tərkibi (özü) olmaqla X7 adına keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X5 xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 5in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə ünvanladığı xx.xx.22023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər 06 sentyabr 2021 -ci ildə ölmüş -X2 adına vərəsəlik işi açılmışdır və İddiaçı vərəsə kimi tanınmışdır. əlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325- ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin məcəllənin 1151 -ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlar ilə bağlı Nizami rayon XDS İk-nin(indiki RİH) arxiv fondu üzrə ünvan 6 ünvanında yerləşən mənzilə dair mərhum X2 adına hüquqmüəyyənedici sənədin ya ya arayışın verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinə dair X2 adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti (keçmiş Nizami rayon XDS İK) başçısının 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinin kirayə müqaviləsi X7 adına bağlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-ii forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı X2 vərəsəsidir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün həmin mənzilin mərhum S.Məmmədovaya məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə istinadən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindəb müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən mənzilə hüququn X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçının iddia tələbinin, yəni mənzilə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı tələbin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” çıxış edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş mülkiyyət hüququ mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçınıın istinad etdiyi Qanunun 22.2-ci maddəsi mənzilə olan hüququn mərhum S.Məmmədovaya məxsus olması barədə arayış verilməsinin, ümumiyyətlə belə bir tələbin iddiaçının mənzilə dair hüquqlarının təmin edilməsinin hüquqi əsası kimi çıxış edə bilməz. İşin hallarından müəyyən olur ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzil ilkin olaraq xx.xx.1977-ci il tarixdə verilmiş 040423 nömrəli order əsasında xx.xx.1980-ci ildə vəfat etmiş X10 istifadəsinə verilmiş, daha sonra mənzilin şəxsi hesab vərəqi Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti (keçmiş Nizami rayon XDS İK) başçısının 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə X7 adına 1 nəfər ailə tərkibi (özü) olmaqla keçirilmişdir. İddiaçı mərhum X2 X11 ilə nikahda olduğunu, daha sonra kirayəçi X8 ilə nikah münasibətlərinə xitam verildiyi, soncuncuun mənzili tərk etdiyi, vəfat etdiyini, X2 isə X7 ailə üzvü olmaqla xx.xx.1982-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək həmin mənzildə yaşadığını, mənzili özəlləşdirmək hüququ olsa da həmin hüququ həyata keçirmədən vəfat etdiyini əsas gətirərək sonuncunun qanuni gözlənti hüququ olmaqla hazırkı halda mənzilin ona məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Hazırda sözügedən mənzil dövlət mənzil fonduna aid olmaqla Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli mənzilin istifadəyə verildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299-cu maddəsinin (1966-cı il 23 dekabr tarixdən qüvvədə olan redaksiyada) İ hissəsinə əsasən yerli X9 evlərində mənzillər yerli Sovetin İcraiyyə komitəsi tərəfındən ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə verilir. Dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzillər müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin xalq deputatları Soveti icraiyyə komitəsı tərəfındən təsdiq edilən birgə qərarı ilə verilir, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müdiriyyətlə həmkarlar ittifaqı fabrik, zavod, yerli komitəsinin birgə qərarı ilə verilir və köçmək üçün mənzil ayrıldığı barədə yerli Sovetin icraiyyə komitəsinə məlumat təqdim olunur. Həmin Məcəllənin 301-ci maddəsinin İ hissəsinə əsasən evlər idarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Həmin maddənin İİ hissəsinə əsasən, yerli X9 evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. ... Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçıları: -3.9.2-ci bəndinə görə müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzilistismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir; -3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Göründüyü kimi dövlət və ya ictimai mənzil fonduna aid olan mənzil müvafiq müəssisə, idarə və ya təşkilatın müdiriyyəti ilə həmkarlar ittifaqının xalq deputatları Soveti icraiyyə komitəsi tərəfindən təsdiq edilən birgə qərarı ilə vətəndaşın istifadəsinə verilir, bu barədə həmin şəxsə mənzilə köçmək üçün order verilir, eyni zamanda həmin mənzilə dair order əsasında kirayədarla mənzil-istismar təşkilatı arasında kirayə müqaviləsi bağlanır. Mənzilin istifadəçisi olan icarədar (kirayəçi) həmin mənzildən kirayə müqaviləsinə əsasən istifadə istifadə hüququna malik olur. Dövlət mənzil fonduna aid mənzillə bağlı kirayəçi mənzil kirayə münasibətlərinin iştirakçısı olmaqla həmin mənzildən istifadə etmək, o cümlədən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla nəzərdə tutulan qayadada həmin mənzili şəxsi mülkiyyətinə keçirmək - mənzili özəlləşdirmək hüququna malikdir. Mənzili özəlləşdirmək hüququ bilavasitə mənzilin kirayəçisinin onun sağlığında realizə edə biləcəyi hüquqdur. Hazırkı iş üzrə iddiaçı X2 mübahisəli mənzili özəlləşdirmək hüququ olduğuna istinad etsə də qeyd edilməlidir ki, mərhum X2 dövlət mənzil fonduna aid mənzili özəlləşdirmək hüququ bilavasitə onun həmin mənzilin kirayəçisi kimi tanındığı, adına order verildiyi və ya onunla balanssaxlayıcı arasında mənzil kirayə müqaviləsi bağlandığı, bu barədə yerli icra hakimiyyəti orqanının müvafiq sərəncamının olduğu təqdirdə yaranmış hesab oluna bilərdi. Hazırkı iş üzrə dövlət mənzil fondunun idarəedicisi qarşısında mübahisəli mənzilə hüquq sahibi sonuncu dəfə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarına əsasən X11 çıxış etmiş, həmin qərarda nə sonuncunun ailə üzvü kimi X2 adı göstərilmiş, nə də sonradan X5 ilə mənzil kirayə müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, nə qədər ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla özəlləşməmiş mənzildir, sözügedən mənzil mənzilin keçmiş kirayəçisi mərhum X11 istifadəsinə verilmiş idi, eləcə də mənzil Nizami RİH-nin mənzil kommunal təsərrüfatı birliyinin balansındadır, mənzil fondunun idarəedicisi (sərəncamvericisi) qismində yerli icra hakimiyyəti orqanı çıxış edir, belə olan halda, adıçəkilən dövlət mənzil fonduna aid mənzilə ölmüş şəxsin bilavasitə mülkiyyət hüququ yaranmır, bu hüquq mülkiyyətçi kimi birbaşa miras qoyanın miras aktivinə daxil edilmir və miras aktivinə daxil olmayan mənzilə isə mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Başqa sözlə, hüququn məxsus olması barədə arayışın sərəncamvericisi dövlət qurumu olan daşınmaz əmlak barəsində deyil, əsasən fiziki şəxsin bilavasitə “xüsusi mülkiyyət” anlayışından irəli gələn əmlaka münasibətdə verilməsi mümkündür. Dövlət mənzil fonduna aid, özəlləşməmiş mənzilə istifadə hüququ vətəndaşa həmin mənzilin özəlləşdirilməsində üstünlük imkanı verir, lakin mülkiyyətçisi dövlət, sərəncam hüququ isə bilavasitə mənzil fondunu idarə edən quruma məxsus olduğundan, həmin mənzilə birbaşa “mülkiyyət” hüququnun yaranmasını ehtiva etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Qeyd edildiyi kimi mənzilə dair əmlak hüququ, o cümlədən istifadə hüququnu təsdiq edən sənəd qismində bilavasitə mənzilin mülkiyyətçisi ilə bağlanmış mənzil kirayəsi müqaviləsi çıxış edir. Mənzilin kirayəçisi öldükdə mənzildə yaşayan ailə üzvləri mənzil kirayə müqaviləsinin öz adlarına bağlanmasını tələb etmək hüquna sahibdirlər. Konstitusiya Məhkəməsinin yuxarda da qeyd etdiyi mövqeyə uyğun olaraq mənzili özəlləşdirmək hüququ kirayəçi ilə yanaşı onunla birlikdə yaşayan, birgə təsərrüfat aparan və mənzil kirayə müqaviləsində göstərilmiş yetkinlik yaşına çatmış şəxslərə də məxsusdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsi də məhz dövlət mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşın həmin mənzili şəxsi mülkiyyətinə keçirmək hüququnun olduğunu birbaşa təsbit etmişdir. Bütün bu qeyd edilənləri nəzərə aldıqda müəyyən olunur ki, hazırkı halda X2 vərəsəsi kimi çıxış edən iddiaçının da sözügedən mənzillə bağlı mənzil kirayə müqaviləsinin bağlanması barədə yerli icra hakimiyyətinin sərəncamı mövcud deyildir. Beləliklə, iddiaçının tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilmiş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir, bu əsasdan iddia tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10575/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10575/2024
06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver