Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10579/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı (Khalygov Kenan) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər Həsənov Vəkil Əli oğlu, X7, X2, Həsənov Rəsul Vəkil oğlu, Həsənova Rəfiqə Vəkil qızı və Həsənov Bəhri Vəkil oğlu) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı (Khalygov Kenan) məhkəməyə müraciət edərək Həsənov Vəkil Əli oğlunun, X5, X1, Həsənov Rəsul Vəkil oğlunun, Həsənova Rəfiqə Vəkil qızının və Həsənov Bəhri Vəkil oğlunun ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə havələ edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-c mkr, H.B.Əliyev küçəsi, ev 7, mənzil 79-da yerləşən mənzili AN-l№0957612 saylı alqı-satqı müqaviləsinə əsasən alıb. Mənzili aldıqdan sonra adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin daşınmaz Əmlakın Dövlət reyesterindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan 3-cü şəxslər Həsənov Vəkil Əli oğlu, X7, X2, Həsənov Rəsul Vəkil oğlu, Həsənova Rəfiqə Vəkil qızı və Həsənov Bəhri Vəkil oğlu mənzil ona satıldıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də, lakın onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar, bu da mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Lakin hazırda arayışdan ona məlum olumşdur ki, aldığı mənzildə 3-cü şəxslər Həsənov Vəkil Əli oğlu, X7, X2, Həsənov Rəsul Vəkil oğlu, Həsənova Rəfiqə Vəkil qızı və Həsənov Bəhri Vəkil oğlu yenə də qeydiyyatdadırlar. O mənzili alandan sonra 3-cü şəxslər Həsənov Vəkil Əli oğlu, X7, X2, Həsənov Rəsul Vəkil oğlu, Həsənova Rəfiqə Vəkil qızı və Həsənov Bəhri Vəkil oğlu orada yaşamamış və ona məxsus mənzildə heç bir əmlak yoxdur. Bildirir ki, 3cü şəxslər onun mənzilində hazırda yaşamır. Hazırda da harada yaşaması barədə onda heç bir məlumat yoxdur. Ona görə ki, 3-cü şəxslərlə hər hansı qohumluq əlaqəsi yoxdur, 3cü şəxslərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququmu məhdudlaşdırır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu və 5ci maddəsinin maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur.
4. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, qeydiyyatdan çıxarmaq istədiyi şəxslər onunla bir evdə yaşamayırlar, qeydiyyatı formal xarakter daşıyır, qeyd edilən şəxslər mənzilin əvvəlki sakinləridir.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Həsənov Vəkil Əli oğlu, X7, X2, Həsənov (Bayroyev) Rəsul Vəkil oğlu, Həsənova Rəfiqə Vəkil qızı və Həsənov Bəhri Vəkil oğlu inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar.
9. CMS-AZEMİS məlumat axtarış sistemindən çıxarışa əsasən Həsənov Vəkil Əli oğlu, X7, X2, Həsənov (Bayroyev) Rəsul Vəkil oğlu, Həsənova Rəfiqə Vəkil qızı və Həsənov Bəhri Vəkil oğlu ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
10. Həsənov Vəkil Əli oğlu (Satıcı) ilə Khalygov Kenan (Alıcı) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 7 mənzil 79 (yeni qaydalarla AZ 1111, ünvan 5 Khalygov Kenan tərəfindən satın alınmışdır.
11. Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə notariat işindən görünür ki, X7, Həsənov Bəhri Vəkil oğlu, X3, X4, Həsənov Rəsul Vəkil oğlu Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 7 mənzil 79 (yeni qaydalarla AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 25, M2, mənzil 1 satılmasına razılıq vermişlər.
12. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi ev 2, mənzil 60 iddiaçının xüsusi mülkiyyətindədir.
IV. Məhkəmənin mövqeyi
13. Üçüncü şəxslər mənzilin əvvəlki sahibinin ailə üzvləridir, həmin ünvanda faktiki olaraq yaşamırlar, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
14. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
17. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Həsənov Vəkil Əli oğlunun, X5, X1, Həsənov (Bayroyev) Rəsul Vəkil oğlunun, Həsənova Rəfiqə Vəkil qızının və Həsənov Bəhri Vəkil oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi ev 7 mənzil 79 (yeni qaydalarla AZ 1111, ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva