Məhkəmə qərarları › İş №2-1(112)-1058/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1058/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1058/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən ona ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən kompensasiyanın hesablanması və iddiaçının adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC ilə arasında xx.xx.2014cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 12 (on iki) ay müddətində qaytarmaq şərti ilə 7650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən tam icra olunmuşdur. Müqavilə üzrə öhdəlik icra olunduqdan sonra kompensasiya hesablanması barədə cavabdehə müraciət ünvanlamışdır. Mərkəzi Banka ünvanlanmış müraicəti X1 Komissiyasında baxılaraq, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraicətində qeyd olunan kreditə dair məlumatlar göstərilən bazada olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsassızdır. Belə ki, müraciəti cavablandıran X1 Komissiyası ərizə ilə ünvanlanan "xxxx" ASC-nin iddiaçıya təqdim etdiyi borc öhdəliyinin olub-olmaması barədə arayışın və ödənilmiş cədvəli araşdırmadan formal olaraq restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablandığını və iddiaçının kreditinə dair məlumatlar göstərilən bazada olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. Halbuki, "xxxx" ASC-nin iddiaçıya təqdim etdiyi cədvəldə bütün ödəmələr açıq aydın göstərilmişdir. Göründüyü kimi, Mərkəzi Bank iddiaçının təqdim etdiyi sənədləri mötəbər sübut etməmiş və müraciətini imtina ilə cavablandırmışdır. İnzibati orqanın müraciətindən imtina etməsini əsassız hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli keditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********603 nömrəli məktubda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də, xx.xx.2014-cü il tarixində kredit müqaviləsi bağlanılmışdır. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) 5.899,64 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuş və öhdəliklər xx.xx.2015-ci il tarixində tam şəkildə icra edilmişdir. Beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 1.474,91 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan məhkəmənin sorğusuna əsasən Ləğv prosesində olan "xxxx" ASC tərəfindən **********730 nömrəli, 07 sentyabr 2022-ci il tarixli məktubla təqdim edilmiş İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış sözügedən kredit müqaviləsinə əsasən illik 25 % dərəcəsi ilə 12 (on iki) ay müddətinə İddiaçı 7650 (yedid min altı yüz əlli) USD məbləğində kredit verilmişdir. İşdə olan məhkəmənin sorğsuna əsasən Ləğv prosesində olan "xxxx" ASC tərəfindən təqdim edilmiş **********603 nömrəli, 22 dekabr 2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcalana 12 (on iki) ay müddətinə 7650 (yeddi min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixinə xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında İddiaçı 5899.64 (beş min səkkiz yüz doxsan doqquz dollar 64 sent) ABŞ dolları məbləğində borc öhdəliyi mövcud olub. Qeyd etmişlər ki, yuxarıda qeyd olunan müqavilə üzrə öhdəlik xx.xx.2015-ci il tarixində yerinə yetirilmişdir və xx.xx.2022-ci il tarixinə İddiaçı sözügedən kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14 fevral 2022-ci il tarixli 01.26-2-2022-2330 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankının Apellyasiya Komissiyasında baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun müraciətində qeyd olunan kreditinə dair məlumatlar göstərilən məlumat bazasında olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının "xxxx" ASC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsi mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan "xxxx" ASC-dən dollar krediti götürməsi, həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) 5.899,64 ABŞ dolları məbləğində əsas kredit borcunun mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından və həmçinin İddiaçı götürdüyü kredit məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşərək, onun 1.474,91 manat məbləğində kompensasiya məbləğini almaq hüququnun olması təsbit edildiyindən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısına əlavə edilməsi və ona "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 1.474,91 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar