Məhkəmə qərarları › İş №2-1(112)-10581/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10581/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10581/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanuni nümayəndəsi olduğu xx.xx.2005-ci ildə anadan olmuş oğlu Şahid Şahbuz rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydi kitabında həmin orqanın səhvi nəticəsində göstərilən “Quluzadə” soyadının onun digər sənədlərində, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda olduğu kimi “Həsənxanlı” kimi düzəldilməsi faktının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Ayxan xx.xx.2005-ci ildə Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. Oğluna ümum vətəndaş pasportu alarkən onlara məlum olmuşdur ki, oğlu Şahid soyadı doğum haqqında akt qeydi kitabında inzibati orqanın, yəni Şahbuz rayon qeydiyyat şöbəsinin səhvi nəticəsində “Quluzadə” olaraq qeyd olunmuşdur. Lakin onun digər sənədlərində, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və pasportunda soy adı, adı və ata adı Şahid kimi qeyd olunmuşdur. Onlar Cavabdehnə ərizə ilə müraciət edərək doğum haqqında akt qeydi kitabındakı səhvin düzəldilməsini xahiş etmişdirlər. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/13-793/23 nömrəli məktubuna əsasən ərizələri təmin olunmamışdır. Ona görə də bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli qəran ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Lakin heç bir əsaslı səbəb olmadan həmin orqan tərəfindən ərizələrinin təmin olunmasının qeyri-mümkün olduğu bildirilmişdir. Oğlu Şahid soyadı doğum haqqında akt qeydi kitabında inzibati orqanın, yəni Şahbuz rayon qeydiyyat şöbəsinin səhvi nəticəsində “Quluzadə” olaraq qeyd olunmuşdur. Lakin onun digər sənədlərində, yəni doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində ümum vətəndaş pasportunda soy adı, adı və ata adı Şahid kimi qeyd olunmuşdur. Lakin qeydiyyat orqanı heç bir əsaslı səbəb olmadan həmin orqanın özünün yol verdiyi səhvi düzəltməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13- 1016/2023 nömrəli məktubunda iddiaya etiraz etdiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. İddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək xx.xx.2005-ci il təvəllüdlü Şahid doğum haqqında akt qeydində soyadının “Quluzadə”dən “Həsənxanlı”ya dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ 628055 nömrəli xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Şahid xx.xx.2005-ci il tarixdə Naxçıvan M.R., Şahbuz rayonu Mahmudoba kəndində anadan olmuş, atası X4, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ–T 040702 nömrəli xx.xx.2021-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X4 ilə X5 xx.xx.2001-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 100 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1982-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 07433452 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü X1 MR, ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü Şahid Naxçıvan Muxtar Respublikası, ünvan 3i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İlkin Hərbi Qeydiyyata Alınma Haqqında İQ 266199 nömrəli vəsiqədə qeyd olunmuşdur ki, Şahid 03 fevral 2020-ci ildə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı sayılmışdır. İş materiallarına əlavə edilmiş Tam orta təhsil haqqında 563529 nömrəli Attestatın surətindən görünür ki, Şahid xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, E.Əliyev adına 297 nömrəli məktəbi bitirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Şahbuz rayonu İcra Hakimiyyəti Mahmudova kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 5-27- 20/2/-4/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2005-ci il tarixli 628055 seriyalı doğum haqqında şəhadətnamədə Şahid adına verilmiş şəhadətnamədə soyad Həsənxanlı, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat reystr kitabında doğum haqqında akt qeydiyyatında X7 qeydə alınıb. Elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Şahbuz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-191/20 nömrəli məktubu ilə göndərilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, uşaq haqqında məlumat: X7 xx xxxxxx 2005-ci ildə doğulmuşdur. Atası xx.xx.1974-cü il təvəllüdlü X4, anası xx.xx.1982-ci il təvəllüdlü İddiaçı. Akt qeydinə edilmiş qeydə əsasən doğum haqqında AZ-İ 628055 nömrəli şəhadətnamə verilmişdir. Bakı şəhəri Cavabdehiddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/13-793/23 nömrəli məktubunda bildirilmişdir ki, övladınız Şahid xx.xx.2005-ci il tarixli 20 saylı Şahbuz rayon Mahmudoba icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında qeydinin uşaq qrafasında soyad baba adı ilə “Quluzadə” yazılmışdır. Doğum haqqında akt qeydində soyadın “Quluzadə’dən baba adı ilə “Həsənxalıya” düzəliş barədə müraciətinizə baxılmışdır. “Ailə qanunvericiliyində qeyd olunur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Bu səbəbdən ərizənizi təmin edə bilmirik. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, Şahid xx.xx.2005-ci il tarixdə doğulmuş ona xx.xx.2005-ci il tarixli AZ-İ 628055 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə soyadı “Həsənxanlı”, doğum haqqında akt qeydində isə soyadı “Quluzadə” olaraq qeyd edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatarında soyadı “Həsənxanlı” kimi göstərilmişdir. Bundan əlavə, tam orta təhsil haqqında 563529 nömrəli Attestat, eləcə də İlkin Hərbi Qeydiyyata Alınma Haqqında İQ 266199 nömrəli vəsiqədə “Həsənxanlı” soyadı ilə sənədləşdirilmişdir. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, Şahid barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun soyadı “Quluzadə” kimi yazılsa da, həmin akt qeydinə əsasən verilən doğum haqqında şəhadətnamədə, həmçinin sonradan tərtib edilən bütün sənədlərdə, habelə ona verilən ilkin şəxsiyyət vəsiqəsi və atestat, hərbi qeydiyyatında soyadı “Həsənxanlı” kimi göstərilmişdir. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən Şahid şəxsiyyət vəsiqəsində soyadın “Quluzadə” deyil, “Həsənxanlı” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə də düzəliş edilməsini və övladının soyadının “Həsənxanlı” kimi qeyd olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: - 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı oğluna məxsus müvafiq sənədləri təqdim edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində soyadı “Həsənxanlı” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, həmin şəhadətnamədə soyadın “Həsənxanlı” kimi qeyd olunduğunu, habelə tərtib edilən bütün sənədlərdə onun barəsində məlumatların şəxsiyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Şahid akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü Şahid oğu barəsində tərtib edilmiş doğum haqqında akt qeydində “Quluzadə” soyadının “Həsənxanlı” soyadına düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar