Məhkəmə qərarları › İş №2-1(112)-10583/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10583/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10583/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladı Androsov Ruslanın doğum haqqında akt qeydinin uşaq qrafasında X4 və ata adının X3 düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş 11.07.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X2 doğumu 3122 nömrə ilə qeyd edilmişdir. Doğum tarixi 28 iyun 2017-ci il, valideynləri anası - İddiaçı, atası - X7. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. Verildiyi tarix 11 iyul 2017-ci il, № 540/11. İş materillarına əlavə edilmiş AZ-İİİ 973750 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 28.06.2017-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 11.07.2017-ci il tarixdə 3122 nömrəsi ilə qeyd edilmiş, atası X7, anası İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı 17.08.2021-ci il tarixli, 05Q-2087/76 nömrəli cavab məktubundan görünür ki, sizin 28.06.2017-ci il təvəllüdlü övladınız Androsov Ruslan oğlunun doğum haqqında akt qeydinin uşaq qrafasında X4 və ata adının X3 düzəliş edilməsi barədə müraciətinizə əsasən Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-ci il tarixli 145 nömrəli Qərarına əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Sizin sənədləri nəzərdən keçirərkən müəyyən edilir ki, doğum qeydiyyata alınarkən sizin istəyinizi nəzərə alaraq ərizədə göstərdiyiniz atanın və babanın adı qeyd edilmişdir. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara” dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarına əsasən yalnız səhvlərin düzəldilməsi nəzərdə tutulduğundan uşağın doğum haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsində səhv olmadığından müraciətinizə qeydiyyat şöbəsində baxılması mümükün deyildir. Məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 28.06.2017-ci ildə Bakı şəhərində doğulmuş övladı X2 doğum aktı qeydində ata adının X6, uşaq qrafasında X1 qeydlərə düzəliş edilməsi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasının əsassız hesab etməklə doğum aktı qeydlərinə düzəliş edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. -4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: -1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; -2.12-ci bəndinə görə atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 3.1-ci bəndinə görə uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Sadalanan normalardan görünür ki, vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, ilk dəfə qeydiyyat aparılarkən yalnış məlumat daxil edilmiş olsun. Qeydlərdə dəyişiklik edilməsi isə sonradan meydana çıxmış hüquqi hallarla bağlıdır ki, bu hallar ilkin qeydiyyat zamanı mövcud deyildi. Hazırkı iş üzrə iddiaçı övladının doğum aktı qeydində uşağın ata qrafasında düzəliş edilməsini mübahisələndirir. İnzibati orqan doğum aktı qeydiyyata alınarkən iddiaçının istəyi nəzərə alınaraq ərizədə göstərdiyi ata və babanın adının qeyd edildiyinə istinad edərək uşağın doğum haqqında akt qeydində səhv olmadığından qeydlərə düzəliş edilməsindən imtina etmişdir. İddiaçı da məhkəmə iclasında doğum aktı qeydində uşağın ata adının öz ərizəsi əsasında qeyd edildiyini bildirmişdir. Beləliklə, doğum aktı qeydlərində ilkin qeydiyyat zamanı uşağın ata adı ananın göstərişi ilə yazıldığından həmin qeydin səhv olduğu müəyyən olunmamışdır. Qeydlərin özü səhv olmadığı halda ona düzəliş edilməsi də Qanunla nəzərdə tutulmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun tələb doğum aktı qeydlərində dəyişiklik edilməsidir. Belə ki, yuxarıda sadalanan normalardan da müəyyən olunur ki, uşaq nikahı olmayan anadan olduqda doğum haqqında aktın qeydində uşağın atasının adı bir qayda olaraq uşağın anasının göstərişi üzrə, atalıq müəyyən edildikdə isə atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi ilə qeydə alınır. Hazırkı halda qeyd edildiyi kimi doğum aktı qeydində ananın göstərişi üzrə yazılmış ata adının (şərti ad olmuş olsa belə) dəyişdirilərək başqa birinin ad və ata adının qeyd edilməsi doğum aktı qeydinin dəyişdirilməsi hesab olunur ki, bu da yalnız atalığın müəyyən edilməsi qaydasında mümkündür. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: -6.1-ci bəndinə əsasən ərizə əsasında Atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. -6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. -6.5-ci bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən olunması haqqında aktların qeydiyyat kitabında atalığın müəyyən olunması barədə akt qeydləri tərtib edilir. -6.7-ci bəndinə görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. -6.10-cu bəndinə görə atalığın müəyyən edilməsinin dövlət qeydiyyatının doğumun dövlət qeydiyyatı ilə eyni vaxtda aparıldığı hallar istisna olmaqla, atalığın müəyyən edilməsi haqqında ərizəyə uşağın doğum haqqında şəhadətnaməsi əlavə edilməlidir. -6.14-cü bəndinə əsasən doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. -6.19-cu bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. -6.22-ci bəndinə əsasən atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinin 18-ci qrafasında göstərilir. Göründüyü kimi Qaydalarda atalığın müəyyən edilməsinin iki qaydası - valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında müəyyən edilməsini nəzərdə tutulmuşdur. Qeyd edilən iki qaydadan biri əsasında atalıq müəyyən olunarsa, atalığın müəyyən olunması haqqında akt qeydi açılır, atalığın müəyyən olunması barədə şəhadətnamə verilir, eyni zamanda həmin qeydə istinadən uşağın doğum aktı qeydində ata qarafasında dəyişiklik edilməklə uşağa yeni doğum şəhadətnaməsi verilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın özündə də doğum aktı qeydində dəyişikliyin edilməsinin əsası kimi ananın qeydiyyat orqanına verdiyi ərizə deyil, məhz atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsini, başqa sözlə, atalığın müəyyən edilməsi haqqında akt qeydinin açılması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə uşağın doğum aktı qeydinə dəyişiklik edilməsinə əsas olan atalığın müəyyən edilməsi akt qeydi mövcud deyildir. İddiaçı cavabdeh inzibati orqana birbaşa uşağın doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda da qeyd edildiyi kimi atalıq müəyyən edilmədən uşağın doğum haqqında akt qeydinə dəyişiklik edilməsi məsələsinə baxıla bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyi müəyyən olunmadığından iddia tələbi mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar