Məhkəmə qərarları › İş №2-1(112)-10586/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10586/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10586/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “pulun tələb edilməsinin qadağan edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı borcun ödənilməsi barədə bildirişin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “ümumilikdə 54964,35 manat pul vəsaitinin iddiaçıdan tələb edilməsi cavabdehə qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin gömrük borcunun ödənilməsinə dair 30 may 2024cü il tarixli, 3-33-1100/2-003173/2024 nömrəli bildirişi ilə (qeydiyyat nömrəsi 11) bizdən ümumilikdə 54 964,35 manat (o cümlədən ƏDV-si 33 754 manat, gömrük rüsumları üzrə 7 677 manat, dəbbə pulu üzrə 13 533, 81 manat) məbləğində borcun ödənilməsinin bizdən tələb edilmişdir. Cavabdehin bu tələbi əsassız olduğuna görə cavabdehin qeyd olnunan bildirişi ləğv edilməlidir. Belə ki, 5 avqust 2017-ci il tarixli **********3431, 5 avqust 2017-ci il tarixli **********3575 nömrəli, 6 noyabr 2017-ci il tarixli **********2533 nömrəli və 26 yanvar 2018-ci il tarixli **********4446 nömrəli gömrük bəyannamələri üzrə İddiaçı MMC-nin heç bir borcu mövcud deyildir. Həmin gömrük bəyyannamələri əsasında müvvəqəti idxal olunmuş mallar Cavabdehin icazəsi əsasında gömrük ödənişlərindən və vergilərdən qismən deyil, tamamilə azad olunmuşdur. Buna görə də mallar gömrük ödənişlərindən və vergilərdən tam azad olunduğundan bu gömrük bəyyannamələri üzrə İddiaçı MMC-nin borcları yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının (bundan sonra - Qaydalar) 7.5-ci bəndinə əsasən gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlər yalnız gömrük rüsumlarından və vergilərdən qismən azad olunan müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinnin (bunlan sonra məntdə -GM) 192.2-ci maddəsinə görə mallar gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən də azad edilirlər. Cavabdeh tərəfindən **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük rüsumlarından və vergilərdən Qaydaların 1.2 və 1.3-cü bəndlərinin müddəalarına uyğun olaraq tamamilə azad edilmişdir. Habelə xüsusilə qeyd etmək lazımdır ki, gömrük borcunun məcburi tutulması üçün Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsi ilə nəzərdə tutulmuş 3 (üç) illik müddəti çoxdan keçmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prodedurunda rəsmiləşdirilmiş mallara görə tərtib edilmiş **********3431,**********2533, **********3575 və **********4446 sorğu nömrəli gömrük bəyannamələri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 sentyabr 2013cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük prodeuru altında yerləşdirilməsi Qaydaları”nın tələblərinin pozulması faktı aşkar edilmiş, gömrük rüsumları və vergilərin İddiaçı MMC tərəfindən ödənilmədiyi müəyyənləşdirilmişdir. İddiaçı MMC-nin rəhbəri İslam Abdullayev Bakı Baş Gömrük idarəsinə xx.xx.2020-ci il tarixli, AC-2020/047 saylı Öhdəlik məktubu ilə müraciət edərək, **********3431, **********2533, **********3575 və **********4446 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış borcun ödənilməsini təmin edəcəyini öhdəsinə götürmüşdür. Bununla da yuxarıda qeyd edilən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcları iddiaçı tərəfindən etiraf edildiyi üçün iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında iddianın predmetini təşkil edən mübahisə mövcud deyildir. Eyni zamanda bildirirəm ki, iddiaçı cavabdehə qarşı daha əvvəl eyni mahiyyətə malik iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı inzibati Məhkəməsinin 2-1(112)- 7844/2022 nömrəli Qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Appelyasiya Məhkəməsinin 2-1 (103)-1364/2023 nömrəli Qərardadı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı inzibati Məhkəməsinin 2-1(112)- 7844/2022 nömrəli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir və kassasiya şikayəti təmin edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1051/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi İddiaçı MMC-nin cavabdeh X2 Bakı Baş Gömrük İdarəsinə qarşı “borcun tələb edilməsi ilə hərəkətin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddianın mümkün sayılmaması barədə qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Göründüyü kimi iddianın mümkünlük şərtlərinin ödənilməməsinin əsası məhz cavabdeh tərəfindən iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməməsidir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı məhz xx.xx.2024-cü il tarixli gömrük borcunun ödənilməsi ilə bağlı bildiriş ilə iddiaçıdan borcun ödənilməsini tələb etmişdir ki, bununla da iddiaçıya münasibətdə məcburedici hərəkətlər edilmişdir. Faktiki olaraq hazırki iddia tələbi üzrə tərəflər arasında mübahisə mövcud olduğundan, iddia mümkünlük şərtlərini ödəyir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük borcunun ödənilməsi barədə bildirişdən görünür ki, gömrük orqanı 7.677 manat gömrük rüsumu, 33.754 manat ƏDV və 13.533,81 manat dəbbə pulunun ödənilməsini iddiaçıdan tələb etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh gömrük borcunun ödənilməsi barədə bildiriş ilə iddiaçıdan gömrük orqanı 7.677 manat gömrük rüsumu, 33.754 manat ƏDV və 13.533,81 manat dəbbə pulunun ödənilməsini tələb etmişdir. Qeyd olunmalıdır ki,həmin ödənişin edilməli olmasına dair bildiriş iş materiallarında mövcud olsa da, məhkəmə həmin bildirişin tərtibatına dair inzibati aktın mövcud olubolmaması istiqamətində araşdırma aparmış və müəyyən edilmişdir ki, borcun ödənilməsini tələb edən hər hansı inzibati akt cavabdeh tərəfindən tərtib edilməmiş, borc məbləği bildiriş əsasında iddiaçıdan tələb edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə gömrük ödənişinin ödənilməsi üçün hüquqi əsas yarada biləcək inzibati akt iş materiallarında mövcud deyil. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən borcun ödənilməsi kimi hüquqi nəticə yaradan tələbetmənin əsasında inzibati aktın mövcud olması zəruridir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-396/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il saylı qərarında gömrük orqanının bildirişi əsasında tələb edilən borcun silinməsinə dair iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl sözügedən borcun silinməsi üçün onun hesablandığı qaynağı, yəni inzibati akt və onun ümumiyyətlə mövcud olub-olmaması müəyyən edilməlidir. Məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. (qərarın 13-cü bəndi) İş materiallarından bəlli olur ki, iddiaçıya ümumilikdə 178.286,40 manat gömrük borcunun hesablanmasına dair hər hansı bir inzibati akt yoxdur. “ Analoji mövqe 2-1(102)-267/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir. Göründüyü kimi Ali Məhkəmə borcun ödənilməsinin tələb edilməsi ilə borc barədə bildiriş göndərilməzdən əvvəl bağlı borcun ödənilməsi ilə bağlı inzibati qərarın mövcudluğunun zəruriliyini öz qərarında qeyd etmişdir. Doğrudur həmin iş üzrə borcun silinməsi barədə iddia mümkünsüz sayılsa da, hazırkı iş üzrə isə iddia tələbi borcun silinməsi ilə bağlı olmadığından, müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi ilə əlaqədar iddia olduğundan iddianın mümkünlüyü istisna edən halların mövcudluğu müəyyən edilmir. Qeyd olunan səbəbdən də məhkəmə hazırkı iddianı mümkün saymışdır. Belə ki, işin faktiki halları, o cümlədən iş materiallarında olan borcun ödənilməsinə dair bildirişdən müəyyən edilir ki, gömrük orqanı inzibati akt mövcud olmasa belə həmin məbləğin ödənilməsinə yönələn faktiki xarakterli hərəkətlər etməkdə israrlıdır ki, həmin növ qanunsuz və əsassız hərəkətlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi 337.956,45 manat gömrük ödənişinin ödənilməsinin İddiaçı MMC-dən tələb edilməsinin qeyri-qanuni hesab edilərək qadağan olunması formasında iddia mümkünlük şərtləri ödənilməklə irəli sürüldüyündən iddiaya mahiyyəti üzrə qiymət verilməsi mümkün hesab edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən gömrük ödənişinin tələb edilməsini əks etdirən heç bir inzibati akt qəbul etmədən yalnız gömrük borcunun ödənilməsinə dair bildirişə əsasən gömrük borcunun ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Göründüyü kimi iddianın təminini istisna edən heç bir hal cavabdeh tərəfindən sübut edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 54.964,35 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tələb edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar