Məhkəmə qərarları › İş №2-1(112)-1059/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1059/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1059/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “ziyana görə kompensasiyanın ödənilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, İddiaçı MMC-yə məxsus rəsmiləşməsi yekunlaşmayan yüklərin rəsmiləşməsinə icazə verilməsi, yüklərin ƏDV-nin ödənilməsindən azad olunması səbəbilə ƏDV ödənilmədən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulan 4.184.32 manat məbləğində ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində “xxxx” MMC, təchizatçı qismində GHİ Solutions GMbH arasında 09 aprel 2019-cu il tarixində LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə dörd adda olan yük (1 ədəd SİRONA İNTEGO CS markalı, 1 ədəd SİRONA İNTEGO PRO markalı, 1 ədəd MCX5 markalı, 1 ədəd suction unit (230V)) 08 avqust 2019-cu il tarixdə Bakı şəhərinə İddiaçı MMC adına idxal edilmişdir. Yük təyinatı üzrə Bakı Baş Gömrük İdarəsinə verilmişdir. İddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsinə başlanılmış və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, tələb olunan bütün lazimi sənədlər təqdim olunmuş və ödənişlər aparılmasına baxmayaraq, yükün buraxılmasına icazə verilməmişdir. Cavabdeh tərəfindən yükün buraxılmamasına səbəb kimi İddiaçı MMC-dən əsassız və qanunazidd şəkildə, ƏDV ödənilməsi tələb olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV ödəməkdən azaddır. Hazırkı vəziyyətdə yük lizinq müqaviləsindən də göründüyü kimi lizinq predmetidir, buna görə də ƏDV-yə cəlb olunmamalıdır. Gömrük rəsmiləşdirilməsi aparıla bilmədiyi üçün yüklər müvəqqəti saxlanca verilmişdir və gömrük orqanına bildirilmişdir ki, qurumun bu hərəkət və hərəkətsizliyi nəticəsində İddiaçı MMC-ə külli miqdarda ziyan dəyməkdədir və bu ziyanın da həcmi yüklər rəsmiləşənədək gündən günə artacaqdır və ziyan gömrük orqanından tələb ediləcəkdir. 15.08.2019-cu il tarixində iddiaçı tərəfindən 1508/2019 saylı məktubla DGK-ə məhkəməyə qədər edilməli olan son müraciəti edilmiş və yükün buraxılmasını, MMC-nın günbəgün ziyanla üzləşməsini onların nəzərinə çatdırılmışdır. Həmin məktuba cavab vermək əvəzinə cəmiyyətə 26.08.2019-cu il tarixində eyni məzmunlu elektron müraciətə cavab olaraq bildirilmişdir ki, guya idxal edilmiş mallar lizinq müqaviləsinin obyekti deyildir. Bu səbəbdən iddiaçı ƏDV ödəməlidir. Bir sözlə inzibati orqan tərəfindən müraciəti imtina cavabı verilmişdir. Sonradan İddiaçı MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi, Dövlət Gömrük Komitəsinin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin üzləşdiyi 73.851.43 manat ziyana görə kompensasiyanın (4184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma) məbləği; 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ; 276,58 manat terminal saxlanc xidmətlərinə görə; 778,80 manat saxlanc bəyannaməsi; 4.178,33 manat İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ödənilən kompensasiya məbləği; 63923,40 manat İddiaçı MMC-nin əldən çıxmış faydası) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə təqdim etdiyi iddiaya dair 01.10.2019-cu il tarixli 1000-210/003-22/021161 №li yazılı etirazda göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş LMAZ201904.02 nömrəli 09.04.2019-cu il tarixli müqavilədən görünür ki, lizinq verən qismində "İddiaçı” MMC, lizinq alan qismində "xxxx” MMC, təchizatçı qismində GHİ Solutions GMbH şirkətidir. İddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən malmüşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların "LMAZ201904.02” nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən "X3 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. İddiaçının ƏDV ödənilmədən gömrük rəsmiləşdirilməsini arzuladığı əmlak müqavilə subyekti olmayan şəxs tərəfindən göndərilmiş əmlak olduğundan, həmin əmlakın lizinq müqaviləsinin obyekti olan əmlak kimi qəbul edilməsi istisna edilməlidir. İddia tələbinin zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, tələbin qeyd edilən hissəsi əsas tələb olunan rəsmiləşdirilməsi yekunlaşmayan yüklərin rəsmiləşdirilməsinə icazə verilməklə yüklərin ƏDV ödənilməsindən azad olunması səbəbi ilə ƏDV ödənilmədən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsindən bilavasitə asılı olduğundan və həmin hissə qeyd edilənlərdən göründüyü kimi əsassız olduğundan iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, işdə iddiaçının cavabdehə ünvanladığı 1508/2019 nömrəli 15.08.2019-cu il tarixli müraciəti vardır. Həmin müraciətdə inzibati orqandan tələb edilən kompensasiyanın məzmunu ilə həmin inzibati orqana qarşı məhkəmədə irəli sürülmüş tələbin məzmunu fərqlidir. Belə ki, iddaçı iddia ərizəsində cavabdehdən boşdayanmaya görə müqavilə üzrə yaranmış zərərin əvəzi olaraq kompensasiya tələb etsə də, inzibati orqana müraciətində həmin məzmunda tələb irəli sürdüyünə dair işdə məlumat yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2721/2019 №li 19 noyabr 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı "İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı "ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi, iddiaçı "İddiaçı” MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 476/2020 №li 04 mart 2020-ci il tarixli tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2-1(103)-2721/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılaraq, kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. İşə yenidən birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 01.10.2019cu il tarixli 1000-210/003-22/021161 №li yazılı etirazla eyni məzmunlu 18.09.2020-ci il tarixli 1000-210/210-24/017839 №li etiraz təqdim edilərək, məhkəmədən iddianın rədd olunması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2021 saylı 23.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; İddiaçı MMC hüquqi şəxs kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 27.07.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində “xxxx” MMC, təchizatçı qismində GHİ Solutions GMBH arasında 09 aprel 2019-cu il tarixində LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Müqavilənin 6.1-ci bəndində göstərilmişdir ki, lizinq obyekti Lizinq alanın seçimi ilə bu Müqavilə əsasında Alıcı/Lizinq verən tərəfindən Lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Təchizatçısından alınır. Müqavilə şərtlərinə görə dörd adda olan yük (1 ədəd SİRONA İNTEGO CS markalı, 1 ədəd SİRONA İNTEGO PRO markalı, 1 ədəd MCX5 markalı, 1 ədəd suction unit (230V)) 08 avqust 2019-cu il tarixdə Bakı şəhərinə İddiaçı MMC adına idxal edilmişdir. İddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların "X3 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim olunmuş 18.12.2020-ci il tarixli 1000- 160/160-24/024377 №li məktubda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən göndərilmiş 07.10.2019-cu il tarixli məktubu araşdırılarkən daha öncə eyni məzmunlu müraciətlərin göndərildiyi və həmin müraciətlərin Komitənin 30.08.2019-cu il tarixli 1000-160/160- 26/018869 nömrəli və 10.10.2019-cu il tarixli 169/160-24/021928 nömrəli məktubları ilə cavablandırıldığı müəyyən olunmuşdur. Bu səbəbdən də “xxxx” MMC-nin 07.10.2019-cu il tarixli 1007 nömrəli müraciət məktubu qovluğa alınmışdır. Qeyd olunan məktuba əlavə olunmuş Komitənin eyni məzmunlu 30.08.2019-cu il tarixli 1000-160/160-26/018869 nömrəli və 10.10.2019-cu il tarixli 160/160-24/021928 nömrəli məktubları ilə müraciətçiyə bildirilmişdir ki, 26.08.2019-cu il tarixli elektron müraciətinə Komitədə baxılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsi ilə birgə “LMAZ201904,02” nömrəli üçtərəfli lizinq müqaviləsi təqdim edilmişdir. Qeyd olunan müqavilədə lizinq-verən – İddiaçı MMC, lizinq alan – “xxxx” MMC və mal satan – “GHİ Solutions GMBH” kimi təqdim edilmişdir. Lakin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 157-ci maddəsinə əsasən təqdim olunmuş gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların “LMAZ201904,02” nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X3 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-1-ci və 747-5-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Azərbaycan Respublikası Vergi və Mülki Məcəllələrinin tələblərinə əsasən qeyd olunan idxal əməliyyatı üzrə mallar lizinq müqaviləsinin obyekti hesab olunmur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsi ilə birgə təqdim olunmuş “LMAZ201904,02” nömrəli üçtərəfli lizinq müqaviləsində lizinq-verən – İddiaçı MMC, lizinq alan – “xxxx” MMC və mal satan – “GHİ Solutions GMBH” kimi təqdim edilmiş, gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların “LMAZ201904,02” nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X3 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmiş və cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bu mallara ƏDV tətbiq edilmişdir. Hazırda iddiaçı qeyd olunan əməliyyat üzrə cavabdeh inzibati orqan tərəfindən onlardan ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlər nəticəsində cəmiyyətə vurulmuş ziyanın cavabdehdən tutulmasını xahiş edir. İddianın hüquqi əsasını Azərbaycan Respublikası Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsi təşkil edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-1.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinin tələblərinə əsasən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalından ƏDV tutulmur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.01.2017-ci il tarixli qərarında göstərilmişdir ki, göründüyü kimi, mövcud qanunvericilikdə lizinq müqaviləsinin əsasən üçtərəfli saziş olması müəyyən olunmuşdur. Lizinq sövdələşməsinin iştirakçıları lizinq verən (lizinq şirkəti), lizinq alan və lizinqə veriləcək avadanlığın satıcısıdır. Lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması və ya bir üçtərəfli müqavilənin bağlanması nəzərdə tutulur:

1. Lizinq verən (lizinq şirkəti) və lizinq alan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;

2. Alqı-satqı müqaviləsinin bağlanması – lizinq verən və avadanlığın satıcısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır. Lizinq verən satıcı ilə alqı-satqı müqaviləsini lizinq alanın marağında bağlayır. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Eyni zamanda, lizinq əməliyyatı özündə həm də satış elementini daşıyır. Bundan başqa, lizinq verən lizinq müqaviləsi bağlamazdan əvvəl lizinq məqsədi üçün lizinq obyektini əldə edə və ya hazırlaya bilər. Beləliklə, lizinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu müqavilədə üç tərəf iştirak etməlidir. Mövcud mülki qanunvericilik lizinq əməliyyatlarının aparılmasında satıcının iştirakını vacib şərt kimi göstərir. Lizinqlə əlaqədar satıcı ilə alqı-satqı müqaviləsinin bağlanması mütləqdir. İş materiallarından isə müəyyən olunur ki, 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsində Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində “xxxx” MMC, təchizatçı qismində GHİ Solutions GMBH göstərildiyi halda, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17.08.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatlara əsasən həmin müqavilədə göstərilən malların müqavilə tərəfi olmayan digər bir hüquqi şəxs "X3 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir ki, belə olan halda da həmin əmlaklar gömrük rəsmiləşdirilməsində 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi üzrə lizinq predmeti kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”,“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən əlavə dəyər vergisi alınır. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İşin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçının iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyətin üzləşdiyi 73.851.43 manat ziyana görə kompensasiyanın (4184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma) məbləği; 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ; 276,58 manat terminal saxlanc xidmətlərinə görə; 778,80 manat saxlanc bəyannaməsi; 4.178,33 manat İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ödənilən kompensasiya məbləği; 63923,40 manat İddiaçı MMC-nin əldən çıxmış faydası) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Bundan başqa, iddiaçı hüquqi xidmət haqqı kimi ödənilmiş 510 (beşyüz on) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən hüquqi xidmət haqqı ilə bağlı xərcləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar