Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1059/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 82.410 (səksən iki min dörd yüz on) manat maddi zərər, 4.120 (dörd min yüz iyirmi) manat faiz məbləği və 50.000 (əlli min manat) mənəvi zərərin, ümumilikdə 136.530 (bir yüz otuz altı min beş yüz otuz) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilə ailə üzvü ilə 19 avqust 1986-cı il tarixdən qeydiyyatda olmaqla yaşamışdır və ona məxsus olub. 1999-cu ildə o, həbs edildikdən sonra ailə üzvləri zorla evdən çıxarılaraq, mənzilləri 1999-cu il 19 yanvar ayında sökülmüş, başqa şəxsə satıldığı üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli qətnaməsi ilə onun cavabdeh Nəsimi rayon İH-ə və qeyrilərinə qarşı sərəncamın ləğvi və qanunsuz tikililərin İH-nin fonduna keçirilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri İH-ə onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunması həvalə olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək məhkəmənin qətnaməsini ləğv edib iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya Məhkəməsinin MİÜMK 10 avqust 2005-ci il tarixli İMK-3973/05 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamışdır. Bakı şəhər İH-i məhkəmə qətnaməsini icra etmədiyində görə Avropa Məhkəməsinə müraciət olunub. Avropa Məhkəməsinin 30 iyun 2016-cı il tarixli məhkəmə iclası qərar qəbul edərək iddianın təmin olunması üçün üç ay vaxt müəyyən edir. Qetnamənin icra üsulu 08.11.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin 8(006)-456/2019 saylı qərardadı ilə dəyişdirilərək, təmin olunmuşdur. Göstərilən ünvanda ona məxsus mənzilin ümumi sahəsi 80 kv. metr ölçüdə olub. 20 il müddətində Bakı şəhəri İH-i fondunda mənzil olmasına baxmayaraq öhdəliyini yerinə yetirmədiyinə görə o, keçirdiyi sarsıntı və əsəbdən ekzema xəstəliyinə mübtəla olmaqla ailəsi ilə birlikdə ağır şəraitdə kirayənişin yaşamaqla böyük miqdarda maddi və mənəvi ziyan çəkmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti apardığı təhlil və hesablamalar nəticəsində məlum etmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 otaqlı 2 saylı mənzilin 12 yanvar 1999-cı il tarixdən 27 dekabr 2019-cu il tarixədək illər üzrə hesablanmış kirayə haqqı 82 min 410 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə (üçüncü şəxsə) təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia ilə bağlı yazılı münasibətləri (etirazları) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Bakı şəhər İcra hakimiyyətinin nümayəndəsi-X3 iddia tələbinə etiraz edərək, məhkəmə qərarının tam icra olunduğunun nəzərə alınmaqla iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu ildə Saatlı rayonu, Potubəyli kəndində doğulmuş İddiaçı Saatlı rayonu, Əlisoltanlı Ərazi Dairəsi, Potubəyli kəndində qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli 2-458-2001 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Nəsimi rayon İH-ə və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinə ailə üzvləri ilə özü, arvadı, üç uşağı ilə birlikdə İddiaçı yaşayış sahəsi ilə təmin edilməsinin həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK- nın 10 avqust 2005-ci il tarixli 1MK-3973/05 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-456/2019 nömrəli, 08.11.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ərizə ilə həmin məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli 2-458- 2001 nömrəli qətnaməsinin icra üsulunun dəyişdirlərək, kompensasiya ilə əvəz olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş və ərizəsində göstərmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə birgə mənzillə təmin olunması onlara həvalə olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin məzil fondunda boş yaşayış sahəsi olmadığı üçün məhkəmə qərarının icrası mümkün olmamışdır. Qətnaməni icrasının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş, İddiaçı yaşayış sahəs ilə təmin edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğu bildirilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin 01.09.2019-cu il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən icra edilən pilot layihələrdə həmin ünvanlarda yaşayan sakinlərdən başqa mənzil növbəsində dayanan vətəndaşlara və digərlərinə mənzil verilməsi nəzərdə tutulmadığından tələbkarı mənzillə təmin olunmasının imkanları xaricində olduğu qeyd olunmuşdur. Qeyd olunan qərardadla Bakı şəhər İcra Hakimiyyətinin “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsi təmin edilmiş, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 2(006)- 458/2001 saylı 30 mart 2001-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi, Bakı şəhər İcra Hakimiyyətindən 120.000 (bir yüz iyirmi min) manat məbləğində kompensasiyanın tutularaq, İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən dəvət olunmuş şahid X4 izahatında göstərdi ki, iddiaçı tanışıdır. İddiaçı ona məxsus ünvan 3 ünvanında yerləşən mənzildə 2000-2016-cı illərdə kirayə qalmışdır, lakin aralarında heç bir müqavilə olmamışdır. İddiaçı kirayədə qaldığı müxtəlif dövrlər üzrə aylıq kirayə haqqı kimi hər ay 200-400 manat məbləğində pul ödəmişdir. İddiaçının hazırki tələblə bağlı müraciəti cavabdeh inzibati orqan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavablandırılmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən İddiaçı ünvanlanmış 17.05.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 19 yanvar 1999-cu il tarixdə mənzildən çıxarılaraq sökülməsi nəticəsində dəymiş zərərin ümumilikdə 136.530 manat ona ödənilməsi iddia tələbi ilə bağlı aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus olan yaşayış sahəsinin sökülməsinə görə cavabdehdən ona kompensasiya (ödədiyi kirayə haqlarının) ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Belə ki, hazırda iddiaçı cavabdeh inzibati orqandan özünə məxsus daimi qeydiyyatda olduğu və ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, F.Qasımzadə küçəsi, 17 saylı evin 2 saylı mənzilinin sökülməsi nəticəsində 12 yanvar 1999-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək yaşayış sahələri üçün ödədiyi cəmi 82.410 manat məbləğində kirayə haqqının tutulmasını tələb edir. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya məxsus olan sökülmüş yaşayış sahəsinin əvəzinə, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi cavabdeh inzibati orqana həvalə edilsə də, sonuncunun məzil fondunda boş yaşayış sahəsi olmadığı üçün məhkəmə qərarının icrası mümkün olmamış, qətnamənin icrasının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edilmiş, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarına əsasən icra edilən pilot layihələrdə həmin ünvanlarda yaşayan sakinlərdən başqa mənzil növbəsində dayanan vətəndaşlara və digərlərinə mənzil verilməsi nəzərdə tutulmadığından tələbkarın mənzillə təmin olunmasının imkanları xaricində olduğu qeyd olunmuşdur. Bununla yanaşı 08.11.2019-cu il tarixdə məhkəmə qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 30 mart 2001-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, Bakı şəhər İcra Hakimiyyətindən 120.000 (bir yüz iyirmi min) manat məbləğində kompensasiyanın tutularaq, İddiaçı xeyrinə ödənilməsi qərara alındıdıqdan sonra cavabdeh inzibati orqan tərəfindən (tərəflərin bildirdiyinə görə dekabr 2019-cu ildə) həmin məbləğin ödənilməsi təmin olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hər hansı qanunsuz hərəkətləri nətisəsində iddiaçıya ziyan vurulması sübut olunmadığından, iddiaçının tələbi maddi ziyanın, o cümlədən hesablanmış həmin məbləğə hesablanmış faizlərin tutulması hissəsində təmin olunmamalıdır. İddiaçı həmçinin mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurulması müəyyən olunmamışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1059/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1059/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver