Məhkəmə qərarları › İş №2-1(112)-10597/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10597/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10597/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeydiyyat vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 ilə yaxın istifadələrində olan və faktiki olaraq mövcudluğu ərizəyə əlavə etdiyi layihə sənədlərinə əsasən təsdiq olunan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və həmin sənədlərə əsasən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2-ci qrup 1-cı X2. Yaşadıqları rayon işğal olunduqdan sonra ünvan 1 ünvanında məskünlaşaraq cəbhə bölgəsinə getmişdir. İndi də 30 ilə yaxındır ki, həmin ünvanda yaşayır. Lakin indiyə qədər həmin mənzil üçün sənəd ala bilmir. Dəfələrlə aidiyyətli orqanlarına müraciət etsə də, məsələnin müsbət həllinə nail ola bilməmişdir. Axırıncı dəfə 27 dekabr 2019-cu il tarixində bu işə aidiyyəti olan, iddia ərizəsində cavabdeh kimi qoyduğu 4 dövlət orqanına eyni vaxtda ərizə ilə müraciət etmişdir. Ərizəsinə "AV GROUP" Layihə Dizayn Mərkəzinin X1 tərəfindən həmin yaşayış sahəsi barəsində tərtib olunan layihəni də əlavə etmişdir. Bu yaxınlarda həmin dövlət orqanlarından ikisi, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər ərazi İdarəsi və Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti indiyə qədər müraciətinə cavab verməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona göndərilən cavabda göstərilmişdir ki, bu məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsin. Xətai Rayon İcra Hakimiyyəti də göründüyü kimi ona heç bir cavab verməmişdir. Xətai Rayon Bələdiyyəsi tərəfindən ona göndərilən cavabda göstərilmişdir ki, Bələdiyyələr torpağı ancaq hərrac yolu ilə vətəndaşlara verirlər. Halbuki, hərracla torpaqlar 2007-ci il tarixdən sonra verilməyə başlanılmışdır. Həmin torpaq sahəsi isə istifadəsində olanda hələ Bələdiyyələr yaranmamışdır. Ona görə də Xətai Rayon Bələdiyyəsi tərəfindən ona göndərilən imtina məktubu qanuni və əsaslandırılmış cavab deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdehlər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5644/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Xətai rayon Bələdiyyəsinə, Bakı şəhəri İcra Hakimiyyətinə və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 ilə yaxın istifadəsində olan və faktiki olaraq mövcudluğu əriizəyə etdiyi layihə sənədərinə əsasən təsdiq olunan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədərin və həmin sənədlərə əsasən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-5644/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir; 8.5-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Xətai Rayon Bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeydiyyat vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar