Məhkəmə qərarları › İş №2-1(112)-10605/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10605/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10605/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dəfn üçün müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəfn üçün nəzərdə tutulan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X6 Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi xidmət etmişdir. O, eyni zamanda İ Qarabağ müharibəsində iştirak etmişdir. Döyüşlərdə yaralandığı üçün ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Əri öldükdən sonra ona dəfn üçün nəzərdə tutulan xərclər ödənilməmişdir. Cavabdehin ünvanına dəfn xərcinin ödənilməsi ilə bağlı müraciət etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, X11ovun pensiya işinə dair məlumatlara əsasən X3 xx.xx.2016-cı il tarixindən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərhumun əlillik dərəcəsinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilən əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən dayandırılıb. X8 xx.xx.2021-ci il tarixində vəfat edib. Qeyd olunanlara əsasən X4 vəfat etdiyi tarixdə Mərkəzi Filialda əmək pensiyaçısı və ya sığortaolunan kimi qeydiyyatda olmadığı üçün iddiaçı F.H.Zeynalovun müraciətinə əsasən dəfn müavinətinin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd olunanlara əsasən iddiaçı F.H.Zeynalovun iddiası təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qanunvericilikdə aşağıda göstərilən kateqoriyada olan şəxslərin vəfat etməsi ilə əlaqədar dəfn müavinətinin verilməsi nəzərdə tutulur. Belə ki; 1) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 2) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.13-cü maddəsinə uyğun olaraq, dəfn üçün müavinət bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət və ailə başçısını itirməyə görə müavinət) biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə. 3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 114-cü hissəsinə əsasən sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur. Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır. Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir. Sözügedən Əsasnamənin 114-1-ci hissəsinin yeddinci abzasının tələblərinə görə dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra sığortaedən məktubu dərhal Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya “DOST" mərkəzlərinə təqdim etməlidir. X1 əlillik dərəcəsinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilən əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən dayandırılıb. X8 xx.xx.2021-ci il tarixində vəfat edib. Qeyd edilənləri nəzərə alaraq, X4 vəfat etdiyi tarixdə Mərkəzi Filialda əmək pensiyaçısı və ya sığortaolunan kimi qeydiyyatda olmadığı üçün müraciətində göstərdiyi dəfn müavinətinin iddiaçıya ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşin faktiki hallarından görünür ki, ki, iddiaçının əri xx.xx.2021-ci il tarixində ölmüşdür. İddiaçı ona dəfn üçün müavinətin ödənilməsini mübahisələndirir. Cavabdeh isə iddiaçının ərinin əlillik dərəcəsinin etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilən əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixindən dayandırıldığını bildirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 7.0 və 7.0.13-cü maddəsinə əsasən, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması ve ödənilməsi haqqında Əsasnamə”nin 114-cü bəndinə əsasən, sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur. Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır. Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir. Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir; 2.6-cı bəndinə əsasən, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq qeyd edir ki, iddiaçının ərinin əmək pensiyaçısı statusu, onun əlilliyinin bitdiyi xx.xx.2021-ci ilədək mövcud olmuşdur. Başqa sözlə, iddiaçının əri öldüyü vaxt (xx.xx.2021) əmək pensiyaçısı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsi tətbiq edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “dəfn üçün müavinətin ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dəfn üçün müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar