Məhkəmə qərarları › İş №2-1(112)-10606/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10606/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10606/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən evin 31,7 kv.m yaşayış sahəsi olan, 2 otaqlı mənzilinin İddiaçı2 adına rəsmiləşdirilərək, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 2 ünvanda qeydiyyatdadırlar. Mənzil faktiki olaraq iddiaçılara məxsusdur. Belə ki, həmin mənzili iddiaçı Cəbiyev X1 Fəzli Məmməd oğlundan dəyərini ödəməklə və aralarında olan rəsmi notariat qaydasında təsdiq olunmuş razılaşma yolu ilə almışdır. X6 mənzilə dair bütün səlahiyyətlərlə bağlı İddiaçı1 xx.xx.2015-ci ildə Bakı şəhəri 12 saylı notariat kontorunda 30 il müddətinə, yəni xx.xx.2045-ci ilədək müddətə etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən, X6 Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 460 nömrəli sərəncamına əsasən, kirayəçi olduğu ünvan 1 evin yaşayış sahəsi 31,7 kv.m olan 2 otaqlı mənzilinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar onu bütün idarə, təşkilat, dövlət və qeyri-dövlət orqanlarında, İcra hakimiyyəti orqanlarında, ƏMDX yanında DƏDRX-nin müvafiq ərazi idarələrində təmsil etməyi, bununla bağlı bütün lazımi sənədləri toplamağı, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imzalamağı, kirayə müqaviləsi bağlamağı, həmin mənzili addan-ada keçirməyi, Çıxarış, Texniki pasport və 1 saylı (forma-1), arayış aldıqdan sonra həmin mənzil üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və imzalamağı, bütün sənədləri imzalamağı və bu əməliyyatların aparılması ilə əlaqədar olan bütün zəruri işləri görməyi İddiaçı1 etibar etmiş (səlahiyyət vermiş) və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2015-ci ildə bunu rəsmiləşdirmişdir. Qeyd edilir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi əsasında və məhkəmənin qətnaməsi icra olunaraq, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 120 nömrəli Sərəncamına əsasən, ünvan 1 evin yaşayış sahəsi 31,7 kv.m olan, 2 otaqlı mənzili, köməkçi sahələri ilə birlikdə Rayon İcra Hakimiyyətinin yaşayış fonduna keçirilməsi və mərhum X7 order verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, X8 vəfat etmiş və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 460 nömrəli Sərəncamına əsasən, ünvan 1 evin yaşayış sahəsi 31,7 kv.m olan, 2 otaqlı mənzilin kirayə müqaviləsinin onun oğlu-X3 adına keçirilməsi barədə qərar qəbul edilmişdir. X6 isə ünvan 1 evin yaşayış sahəsi 31,7 kv.m olan, 2 otaqlı mənzilə dair bütün səlahiyyətləri xx.xx.2015-ci il tarixdən notariat qaydasında baş etibarnamə ilə İddiaçı1 həvalə etmişdir. İddiaçı1 hazırda X3 ona dəyərini alaraq satdığı və baş etibarnamə əsasında bütün hüquqları və səlahiyyətləri verdiyi- ünvan 1 ünvanda yerləşən evin, 31,7 kv.m yaşayış sahəsi olan, 2 otaqlı mənzili qanuni nikahda olan həyat yoldaşı İddiaçı2 adına rəsmiləşdirmək və gələcəkdə isə həmin mənzili həyat yoldaşının adına özəlləşdirmək istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Hesab edilir ki, imtina qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə və üçüncü şəxsə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Belə ki, ********** saylı ərizə ilə İdarəyə müraciət zamanı İddiaçı1 nümayəndə qismində çıxış etmişdir. Bundan əlavə, iddiaçının müvafiq əmlaka dair subyektiv hüququ mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlər X3 adına olsa da, iddiaçı kimi İddiaçı1 və İddiaçı2 Babaxan qızı çıxış edirlər. Əlavə olaraq bildirilir ki, ünvan 1 evin, mənzili yaşayış sahəsi 31.7 kv.m. olan 2 (iki) otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın faktiki olaraq 6 (altı) otaqlı, yaşayış sahəsi 74.8 kv.m., ümumi sahəsi 146.65 kv.m. olan ayrıca tikili olduğu, 2-ci mərtəbənin sonradan inşa edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və bununla bağlı tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək tələbin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin mümkün sayılaraq tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sözügedən əmlakın hüquqmüəyyənedici sənəddə adı qeyd olunan X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilə biləcəyi qeyd edilərək, müvafiq tələbin təmin edilməsindən imtina edilmişdir. -Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 120 №-li Sərəncamın təsdiq edilmiş surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən, X5 yaşadığı, V.Əliyev küçəsi, 208 saylı evin yaşayış sahəsi 31.7 kv.m-dən ibarət 2 otağı, köməkçi sahələri ilə birlikdə Rayon İcra Hakimiyyətinin yaşayış fonduna keçirilmiş və ona order verilmişdir (orderə daxil edilib: X8 – özü). -Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 003912 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 31.7 kv.metr sahədən ibarət, 2 otaqlı mənzil 1 nəfər ailə üzvü ilə birlikdə (özü) X7 verilmişdir. -Yasamal Rayon İcra Hakimiyyəti başçısının “Mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2008-ci il tarixli, 460 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, AR MM-nin 83-cü maddəsi nəzərə alınaraq, Bakı şəhəri, V.Əliyev küçəsi, 208 saylı evin, yaşayış sahəsi 31.7 kv.m olan, 2 otaqlı mənzilinin kirayəçisi X5 vəfat etməsi ilə əlaqədar mənzilin kirayə müqaviləsi oğlu X3 adına keçirilmişdir (ailə tərkibi bir nəfər – özü). -xx.xx.2015-ci il tarixli, 398755 №-li etibarnamədən görünür ki, X6 bu etibarnamə üzrə Yasamal RİHB-nin xx.xx.2008-ci il tarixli, 460 №-li sərəncamına əsasən kirayəçisi olduğu Bakı şəhəri, V.Əliyev küçəsi 208 saylı evin yaşayış sahəsi 31.7 kv.m olan 2 otaqlı mənzilinin sənədləşdirilməsi və özəlləşdirilməsi ilə əlaqədar onu bütün idarə, təşkilat, dövlət və qeyri-dövlət orqanlarında, icra hakimiyyəti orqanlarında, ƏMAK yanında DƏDRX-nin müvafiq ərazi İdarələrində təmsil etməyi, əmlakla bağlı digər zəruri işləri görməyi və.s səlahiyyətləri 30 il müddətinə (xx.xx.2045-ci il tarixədək qüvvədədir) İddiaçı1 vermişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Baxılan işin hallarından və iddiaçının izahatından müəyyən edilən odur ki, iddiaçıların hazırkı tələbi üzrə hüquqi marağı və məqsədi dövlət mənzil fonduna daxil olan ünvan 4 ünvanda yerləşən 2 otaqlı mənzilin özəlləşdirilməsi və həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Lakin iddiaçılar qeyd olunan yaşayış sahəsinin onlara məxsus olmasına dair məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddia olunan mənzilin kirayəçisi hesab edilməsinə dair yerli icra hakimiyyətinin sərəncamı əvvəlcə X5, onun ölümündən sonra isə oğlu X3 adına verilmişdir. İddiaçının adına mənzil fondunun ayrılmasına dair hər hansı sübut mövcud deyil. İddiaçıların sözügedən yaşayış sahəsində faktiki yaşaması və bildirdikləri digər faktiki hallar onlara hazırkı iddianı irəli sürməyə əsas vermir. İddiaçının və üçüncü şəxsin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, daşınmaz əmlak üzərində sərəncamvermə hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən yaranır. Hazırkı işdə isə belə hal müəyyən edilmir. Belə ki, sözügedən mənzil qanunla nəzərdə tutulmuş qaydada ilkin olaraq mənzil fondunu əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ olan şəxsin adına özəlləşdirildikdən, bu barədə müvafiq reyestrdə qeydiyyat aparıldıqdan sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə uyğun olaraq iddiaçıların adına notarial qaydada bağlanmış mülki-hüquqi əqd əsasında özgəninkiləşdirilə bilər. Odur ki, hazırkı halda nə üçüncü şəxsin mübahisəli yaşayış sahəsini satmaq, nə də iddiaçının həmin yaşayış sahəsini almaq üçün subyektiv hüququ olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş etibarnaməyə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Burada ilk növbədə, təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına, hansı səlahiyyətlərin həyata keçirilməsinə yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Başqa sözlə, iddiaçının istinad etdiyi etibarnamə özünün deyil, yalnız etibarnamə verən şəxsin hüquqlarını qanunla yol verilən hədlər daxilində təmsil etməyə imkan verir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar hazırkı tələbi irəli sürməyə ixtiyar verən hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə bilmədiklərindən, onların cavabdehə qarşı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yaranmamışdır. Cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar