Məhkəmə qərarları › İş №2-1(112)-10609/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10609/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10609/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Xara oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı BXra oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X oğluna sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarı ilə, Xa oğluna əlillik təyinatı aparılan xx.xx.2021-ci il tarixdən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 2610/2024 nömrəli qərarı ilə, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 21 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi idarə heyətinin qərarının İddiaçı aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarının və cavabdehin İdarə heyətinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2016-cı ildə 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin diaqnoz bölməsində “ÜİX gərginlik stenokardiyası İİ FS" qeyd edilmişdir. xx.xx.2016-cı ildə təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra yəni xx.xx.2021-ci il tarixdə təkrar müayinədən keçmiş və iddiaçıya xx.xx.2021-ci ildə müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir, əlillik təinatı zamanı diaqnoz olaraq “Stenokardiyanın digər formaları. Gərginlik stenokardiyası İİİ f.s. Aorta və tac damarlarının aterosklerozu. Ritm pozğunluğu. Ağırlaşma İSO.Q. Durğunluq, ürək çatışmazlığı. QDÇ İİ dərəcə“ qeyd edilmişdir. Bundan sonra iddiaçıya təyin edilmiş əlillik heç bir əyani müayinəyə dəvət edilmədən və heç-bir məlumat verilmədən 2024-cü ilin iyun ayında dayandırılmışdır. İddiaçı dayandırılmadan yalnız əlilliyə görə əmək pensiyasının kəsilməsi zamanı məlumatlı olmuşdur. Əlilliyin dayandırılmasına dair qərar iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Cavabdeh orqanın iddiaçıya münasibətdə əlillik qiymətləndirməsinin ləğv edilməsinə dair hərəkətləri qanuni olmadığından bu barədə qəbul edilmiş qərar ləğv edilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş sonuncusu 3-17-4/2-Q-5029/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət olumuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan xx.xx.2021-ci il tarixdən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İştirak etməməsinin səbəbləri ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, İddiaçı Xa oğluna sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarı ilə, Bağırov Əİəkbər Əliqara oğluna əlillik təyinatı aparılan xx.xx.2021-ci il tarixdən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarı ilə, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 21 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda onun əlilliyinin ləğvinə dair həmin qərarları mübahisələndirir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, iddiaçıya əlilliyin təyin edilməsinə dair inzibati iş materiallarının (əlilliyin təyin edilməsi, müddətinin uzadılması barədə qərarlar, müayinə aktları, müraciət və digər materiallar), o cümlədən əlilliyin təyin edilməsi barədə inzibati aktın ləğv edilib-edilməməsi, əlilliyin etibarsızlığı və ya ləğvi ilə bağlı qərar qəbul edilibedilməməsi, ümumiyyətlə əlilliyin ləğvi ilə bağlı inzibati araşdırma aparılmışdırsa inzibati araşdırma materialına daxil olan bütün sənədlərin (inzibati araşdırma zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilib-edilməməsi, əyani müayinəsinin aparılıbaparılmaması və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün cavabdehə sorğu göndərilmişdir. Cavab olaraq Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 2610/2024 nömrəli qərarı və Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarları məhkəməyə təqdim edilmişdir. Həmin qərarların məzmunundan aydın olur, Bağırov Əİəkbər Əliqara oğlu da daxil olmaqla ümumilikdə 21 nəfər barəsindədir. Sözügedən qərarların qəbul edilməsinin səbəbi kimi cavabdeh qeyd edir ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş sonuncusu 3-17-4/2-Q-5029/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət olumuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan xx.xx.2021-ci il tarixdən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı iş üzrə cavabdeh ümumi qaydada əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılmasına istinad etmiş, həmin yoxlamanın iddiaçıya aid hallarla bağlı olmasına dair hər hansı dəlil irəli sürülməmiş və sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçını əyani müayinəyə dəvət etdiyini qeyd etməklə, bildirişi məhkəməyə təqdim etsə də, həmin bildirişin iddiaçıya çatıdırılmasını və ya iddiaçının əyani müayinədən imtina etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bildirişlə bağlı həmçinin qeyd edilməlidir ki, bildirişin göndərildiyi ünvan olaraq “AbşeroXXi” kimi natamam ünvan qeyd edilmiş, iddiaçı nə həmin ünvanda qeydiyyatdadır, nə də həmin ünvanda faktiki olaraq yaşayır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, o, “ünvan 2 ünvanında qeydiyyatdadır, 54 saylı MKİS-in 043551 nömrəli arayışına əsasən isə “ünvan 3 ünvanında faktiki olaraq yaşayır. Ümumiləşdirsək, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə əməl etmədən əlilliyin ləğvinə dair qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Qanunsuz əliverişsiz inzibati akt isə hər bir halda ləğv edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarı və Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-3-2610/2024 nömrəli qərarı Bağırov Əİəkbər Əliqara oğluna aid hissədə ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2610/2024 nömrəli qərarı və Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-3-2610/2024 nömrəli qərarı X oğluna aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar