Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1061/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6, X22, X23 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömərli qərarına əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889K nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23.08.2019-cu il və 13.07.2020-ci il tarixli qərardadları ilə X6, X22, X23 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına və 17.01.1991-ci il tarixli, 889k bağ sahəsinin orderinə əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsindəki ünvan üzrə faktiki istifadə və sərəncamında olan 0,12 ha ölçüsündə bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsi ayrılmışdır. Buna dair ona 102 saylı BTK tərəfindən müvafiq order də təqdim edilmişdir. Bağ sahəsi verildiyi vaxtdan onun istifadəsindədir və ona qulluq edir. O, bağ sahəsinə hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh İdarəyə müraciət etmişdir. Lakin cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina barədə 02.04.2019-cu il tarixli, **********89 nömrəli məktubda göstərilmişdir ki, sxematik xəritədə 889k nömrəsi yoxdur. Həmçinin bağ sahəsinin nömrəsi bağ nömrələnmə ardıcıllığına uyğun deyil. Bundan əlavə göstərilən əraziyə dair digər fiziki şəxs tərəfindən müraciət edilib. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsinin verilməsinə dair orderin qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilmir və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan başqa imtina məktubundan göstərilən digər hallar da qanunla imtinanın əsasları kimi müəyyən edilməmişdir. Belə ki, digər hər hansı fiziki şəxsin müraciəti imtinanın əsası kimi müəyyən edilməmişdir. Bununla belə həmin mübahisəyə dair ekspertiza rəyi və məhkəmə qərarları mövcuddur. Həmin mübahisəyə dair iş üzrə verilmiş 18 sentyabr 2018-ci tarixli, 11303 nömrəli ekspert rəyindən göründüyü kimi X16 ayrılmış 857 B nömrəli torpaq sahəsi həmin koordinatlardan aralıda **********96 reyestr nömrəsilə digər şəxsin adına qeydiyyatdan keçmişdir. Eyni zamanda ona bağ sahəsi daha əvvəl ayrılmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-1(81)-1669/2018 saylı qərarı ilə bağ sahələrinin üst-üstə düşmədiyi öz təsdiqini tapmışdır. Qeyd edilən faktlar məhkəmə qərarında öz əksini tapdığı üçün onların yenidən sübutuna ehtiyac yoxdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası tərəflərindən etirazla qarşılanır. İddia ərizəsinə münasibətdə bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil. Bundan əlavə göstərilən əraziyə digər fiziki şəxs tərəfindən müraciət olunub. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 02.04.2019-cu il tarixli, **********89 saylı saylı cavab məktubu ünvanlanmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirdi ki, Bakı şəhəri, İcraiyyə Komitəsinin 19.11.1990-cı il tarixli, 7/386 saylı qərarına əsasən onun mərhum atası X16 Goradil bağlar sahəsində 102 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 857 b nömrəli bağ sahəsi ayrılmışdır. Uzun illər həmin bağ sahəsi onların istifadəsində olmuşdur. İddiaçının “888 K” sayı ilə iddia etdiyi torpaq sahəsi onun atasına ayrılmış torpaq sahəsidir. Həmin bağ onlara məxsus olduğundan iddiaçının adına rəsmiləşdirilə bilməz. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Üçüncü şəxslər X6, X22, X23 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslər X2, X10, X11 iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 1513 №li, 17.09.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19.10.1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən İddiaçı 102 №-li BTK-nın nəzdində olan Goradil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X19 bağlar sahəsindəki 102 №-li kooperativinin 17.01.1991-ci il tarixli, B/S №-li orderinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19.10.1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən X17 Goradil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 889K №-li bağ ayrılmışdır. - İdarənin 30.09.2019-cu il tarixli, **********51 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyi İddiaçı bağ sahəsinin alınması haqqındakı ərizəsinə baxılaraq onu qeydiyyata götürmüş, növbəlik qaydasına uyğun olaraq bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacağı bildirilmişdir. BTK tərəfindən 102 №-li kooperativə 17.01.1991-ci il tarixdə məktub ünvanlanaraq Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən yoldaş İddiaçı 102 №-li kooperativinin tərkibində bağ sahəsi verilməsinə icazə verildiyi bildirilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 02.04.2019-cu il tarixli, **********89 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 889 K saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 05.03.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, bağların bölgüsünə dair sxematik xəritədə “889K” nömrəsi yoxdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil. Bundan əlavə göstərilən əraziyə digər şəxs tərəfindən müraciət olunub. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 1700 №li, 17.06.2015-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19.11.1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən X38 oğluna 102 №-li BTK-nın nəzdində olan Goradil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmışdır. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X19 bağlar sahəsindəki 102 №-li kooperativinin B/S №-li orderinin surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19.11.1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən X38 oğluna Goradil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 857b №-li bağ ayrılmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********88 №-li, 02.10.2020-ci il tarixli, **********84 №-li, 06.11.2020-ci il tarixli məktublardan və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 857b saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X30 arasında 29.12.2001-ci il tarixli, 30524 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən sözügedən bağ sahəsi 04.06.2016-cı il tarixdə X25 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra Arif Vəliyev məlumatlandırma icraatı qaydasında həmin bağ sahəsində tikdiyi evin qeydiyyata alınmasını xahiş etmişdir. Goradil qəsəbəsində yerləşən 857b saylı torpaq sahəsi və üzərində ümumi sahəsi 119.8 kv.m olan bağ evi vahid əmlak kimi 19.07.2018-ci il tarixdə X25 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19.11.1990-cı il tarixli, 7/386 nömrəli qərarına əsasən X16 102 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində, 0.12 hektar torpaq sahəsi olan 857b nömrəli bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order İdarənin arxivində mövcuddur. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 17.11.2020-ci il tarixli, **********21 №-li məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889 k nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1269,0 kvm. bağ sahəsinin sərhədləri üç tərəf qonşu hasarlar, qalan tərəf şərtidir, üzərində yarımçıq tikili var. Bağların bölgüsünə dair sxematik xəritədə 889k nömrəsi yoxdur. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil, qonşu bağ nömrələri 857ö, 898z, 826ğ, 857ş, 857o-dur. Bundan başqa iddiaçı tərəfindən naturada göstərilən əraziyə digər fiziki şəxslər (X26, X24) tərəfindən də Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi 857b saylı bağ sahəsinə dair çıxarış almaq məqsədilə İdarəyə müraciət edilmişdir. Göstərilən ərazi ilə bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində digər məhkəm mübahisəsi də mövcuddur. 857b saylı bağ kimi iddia edilən sahənin nömrəsi sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir, iddia edilən digər 889k saylı bağ sahəsinin nömrəsi isə sxematik xəritədə öz əksini tapmadığından, bağ sahələrinin üst-üstə düşübdüşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən eyni 857b nömrəsi göstərilən mübahisəli sahədən cənubda tərəfdə **********96 reyestr nömrəsi ilə digər şəxsin (X30) adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı **********82 №-li, 29.12.2020-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X21nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X21 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində aşağıdakı kimi cavablanmışdır: araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 102 saylı Bağlar Tikinti Kooperativi nəzdində 0,12 ha ölçüsündə 889k nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi 1269,0 kvm. bağ sahəsinin sərhədləri üç tərəfi qonşu hasarlar, qalan tərəfi şərtidir, üzərində yarımçıq tikili var. Bağların bölgüsünə dair sxematik xəritədə 889k nömrəsi yoxdur. Elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ nömrələrinin ardıcıllığına uyğun deyil, qonşu bağ nömrələri 857ö, 898z, 826ğ, 857ş, 857o-dur. Bundan başqa, iddiaçı tərəfindən naturada göstərilən əraziyə digər fiziki şəxslər (X26, X24) tərəfindən də Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 857b saylı bağ sahəsinə dair çıxarış almaq məqədilə İdarəyə müraciət edilmişdir. Göstərilən ərazi ilə bağlı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində digər məhkəmə mübahisəsi də mövcuddur. “857b" saylı bağ kimi iddia edilən sahənin nömrəsi sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir, iddia edilən digər “889k” saylı bağ sahəsinin nömrəsi isə sxematik xəritədə öz əksini tapmadığından, bağ sahələrinin üst-üstə düşübdüşmədiyini və hansı bağ sahəsinə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən eyni “857b” nömrəsi göstərilən mübahisəli sahədən cənubda tərəfdə **********96 reyestr nömrəsi ilə digər şəxsin (X30) adına qeydiyyatdan keçmişdir. Göstərilən bağ sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********12 №-li, 17.05.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, arxiv qovluğunda 102 nömrəli bağ tikinti kooperativinə aid sxematik xəritə aşkar olunmadı. Qovluqda Göradil bağ massivindəki 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxemi mövcuddur. Sorğuda qeyd edilən bağ nömrələri ilə əlaqədar olraq bildirilir ki, 856 bağ nömrə ilə Binəqədi rayonu, Göradil kəndi ünvanında 0,12 hektar torpaq sahəsi (reyestr nömrəsi-**********57) 02.05.2008-ci il tarixdə X12 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndi ünvanında 857 bağ nömrə ilə 0.071 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********99-11301) 12.03.2021-ci il tarixdə X13 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndi ünvanında 857b bağ nömrə ilə 0,12 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********96-11301) 19.07.2018-ci il tarixdə X25 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Həmçinin Bakı Şəhər İcraiyyə Komitəsinin 19.11.1990-cı il tarixli, 7/386 nömrəli qərarına əsasən X16 102 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində, 0,12 hektar torpaq sahəsi olan 857b nömrəli bağ sahəsinin ayrılmasına dair B/S nömrəli order İdarənin arxivində mövcuddur. Binəqədi rayonu, Göradil ərazisində 857a bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Binəqədi rayonu, Göradil ərazisində 858 bağ nömrə ilə qeydiyyata alınmış bağ torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Göradil ərazisində yerləşən 858 nömrəli bağ sahsinə (0.25 hektar) dair Səriyyə Hənifə qızı ilə bağlanılmış 02.04.2004-cü il tarixli, 15611 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Binəqədi rayonu, Göradil kəndi ünvanında 887 bağ nömrə ilə 0,0732 hektar torpaq sahəsi (reyestr nömrəsi-**********92) 17.09.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndin ünvanında 888 bağ nömrə ilə 0,12 hektar torpaq sahəsi və bağ evi (reyestr nömrəsi-**********17-11301) 27.02.2016-cı il tarixdə X3 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil kəndi ünvanında 889a bağ nömrə ilə 0,111806 hektar torpaq sahəsi (reyestr nömrəsi- **********54) 12.11.2013-cü il tarixdə X7 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Göradil qəsəbəsində, 102 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 889k nömrəli bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcraiyyə Komitəsinin 19.10.1990-cı il tarixli, 7/348 nömrəli qərarına əsasən İddiaçı adına verilmiş B/S nömrəli order idarənin arxivində mövcuddur. Binəqədi rayonu, Göradil kəndi ünvanında 890 bağ nömrə ilə 0,12 hektar bağ torpaq sahəsi və bağ evi (reyestr nömrəsi- **********42-11301) 24.01.2012-ci il tarixdə X8 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona bağ sahəsinin ayrılması üçün Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinə müraciət etmiş, birlik tərəfindən ərizəsi baxılaraq qeydiyyata götürmüşdür. Bakı şəhəri İcraiyyə Komitəsinin 19.10.1990-cı il tarixli, 7/348 №-li qərarına əsasən İddiaçı 102 №-li BTK-nın nəzdində olan Goradil massivində sahəsi 0,12 ha bağ sahəsi ayrılmış və müvafiq olaraq ona 17.01.1991-ci il tarixli, B/S №-li orderlə 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 889K №-li bağ verilmişdir. İddiaçı həmin bağ sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyatı üçün cavabdehə müraciət etsə də müraciəti bağların bölgüsünə dair sxematik xəritədə 889K nömrəsinin olmaması, həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağ nömrələrinin ardıcıllığına uyğun olmaması, bundan əlavə göstərilən əraziyə digər şəxs tərəfindən müraciət olunması əsas göstərilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X21 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X21nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X21 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə ilk növbədə qeyd edir ki, üçüncü şəxslər mübahisəli bağ sahəsinə iddia etsələr də X38 oğluna 19.11.1990-cı il tarixli, 7/386 №-li qərara əsasən Goradil bağ sahəsində 102 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 857b №-li bağ ayrılmışdır. Həmin nömrəli bağ sahəsi 04.06.2016-cı il tarixdə X25 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və iş üzrə alınmış müvafiq mütəxəssis rəyi ilə onun mübahisəli sahədən cənub tərəfdə yerləşməsi müəyyən edilmişdir. Üçüncü şəxslərin mübahisəli bağ sahəsinə dair hər hansı hüquqlarının mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh inzibati orqan imtinasında bir tərəfdən bağların bölgüsünə dair sxematik xəritədə 889K nömrəsinin olmamasını göstərir, digər tərəfdən isə məhkəmənin sorğusuna cavab olaraq arxiv qovluğunda 102 nömrəli bağ tikinti kooperativinə aid sxematik xəritənin aşkar olunmamasını, eləcə də qovluqda Göradil bağ massivindəki 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxeminin mövcud olmasını bildirir. Cavabdehin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağ nömrələrinin ardıcıllığına uyğun olmamasında dair əsası ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə mütəxəssis rəyindən göründüyü kimi mübahisəli bağ sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla üç tərəfi qonşu bağlarla əhatələnmişdir və həmin bağ sahələrinin nömrələri 857ö, 898z, 826ğ, 857ş, 577o-dur. Belə olan halda həmin bağ sahələrinin nömrələri də ardıcıllığa uyğun deyildir və həmin bağ sahələri də 102 nömrəli bağ tikinti kooperativinə aid bağ sahələrinin ilkin yerləşmə sxemində də qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə istinadən verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı 102 №-li BTK-nın nəzdindəki Goradil massivində sahəsi 0,12 ha ona 889K №-li bağ sahəsinin ayrılmasına dair Bakı şəhəri İcraiyyə Komitəsinin 19.10.1990-cı il tarixli, 7/348 №-li qərarı və 17.01.1991-ci il tarixli, B/S №-li order hal-hazırda qüvvədə olaraq mübahisələndirilməmiş və ləğv edilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək əsasən hesab edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etdiyindən, iddiaçıya 889k saylı bağ sahəsinin ayrılmasına dair qüvvədə olan və mübahisələndirilməyən səlahiyyətli orqan tərəfindən verilmiş qərar və order mövcud olduğundan, həmin qərar və order əsasında iddiaçının fakitiki sahibliyində və istifadəsində olan, eyni zamanda «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 889k bağ sahəsi iddiaçının mülkiyyətinə veridliyindən həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyildir. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990cı il tarixli, 7/348 nömrəli qərarına və 17.01.1991-ci il tarixli, 889k bağ sahəsinin orderinə əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsindəki ünvan üzrə faktiki istifadə və sərəncamında olan 0,12 ha ölçüsündə bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən **********82 №-li, 29.12.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc taarif cədvəlinə müvafiq 71,03 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. - 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, prosessual xərc olan 71,03 manat cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 19 oktyabr 1990-cı il tarixli, 7/348 nömrəli qərarına və 17.01.1991-ci il tarixli, 889k bağ sahəsinin orderinə əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsindəki ünvan üzrə faktiki istifadə və sərəncamında olan 0,12 ha ölçüsündə bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən 71 (yetmiş bir) manat 3 (üç) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisiarın Bankı: Kapital Bank ASC Xətai Filialı, Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Mühbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ23AİİB**********701778107, VÖEN: **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1061/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1061/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver