Məhkəmə qərarları › İş №2-1(112)-1061/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1061/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1061/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarı və B/C saylı order əsasında ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2V/25 saylı bağ torpaq sahəsinə hüququ olmuş vəfat etmiş X7 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarı və B/C saylı order əsasında keçmiş Bağlar İdarəsi tərəfindən Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2V/25 saylı bağ sahəsi qaynatası X7 verilmişdir. X9 xx.xx.1995-ci ildə, həyat yoldaşı və X3 Esmiralda Cavad qızı isə xx.xx.2019-cu ildə vəfat etmişlər. 1995-ci ildən o həmin bağ sahəsindən təyinatı üzrə istifadə edir. Mülkiyyət və vərəsəlik hüquqların bərpası məqsədilə tərəfindən Bakı şəhəri 25 saylı Notariat Kontoruna ərizə ilə müraciət edilmiş, həmin notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli x/o 328/23 saylı saylı məktub ilə onun xx.xx.1995-ci ildə vəfat etmiş X5 vərəsəsi olduğu müəyyən edilərək vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,12 ha. torpaq sahəsindən ibarət 2V/25 saylı bağ sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Hazırda isə mərhumun vərəsələrinin həmin bağ sahəsində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün, həmin bağ sahəsinə müvafiq arayışın verilməsinə zərurət yaranmışdır. Bu barədə əvvəlki müraciətinə cavab olaraq xx.xx.2023cü il tarixli bildirişlə imtina edilmiş və qeyd edilmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinə dair digər şəxslərin müraciətləri olmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və dəmiryolunun mühafizə zolağına düşür. Hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli imtina bildirişi müvafiq yoxlama aparılmadan və formal olaraq verilmişdir. Belə ki, "xxxx" QSC-nin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 2V/25 saylı bağ sahəsi dəmir yolunun mühafizə zolağına düşmür. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, həmin bağ sahəsi 6 KV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir. Hər iki dövlət qurumu bağ torpaq sahəsinin dəmiryolu və elektrik xəttinin mühafizə zolağına düşməməsi barədə rəsmi cavab verdikləri halda, cavabdehin mühəndisləri necə yalandan saxta rəy verirlər? Bununla bağlı sonuncu dəfə xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla cavab verilmiş və imtinada göstərilib ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla hüquqlarını məhdudlaşdırır. Onun xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunundan da müəyyən olunur ki, o cavabdeh inzibati orqana müxtəlif dövlət qurumlarından alınmış cavab məktublarını alıb, rəsmi qaydada təqdim etmişdir. Lakin, cavabdeh həmin məktublara ümumiyyətlə əhəmiyyət verməyib. Göründüyü kimi, iddiaçı zəruri olan sənədlərə malik olduğu halda cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan halların heç birinin olmamasına baxmayaraq əsassız olaraq müraciətimi təmin etməmiş, ona məxsus bağ torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır.

3. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin torpaq sahəsinə iddiaçının 2q/32 saylı bağ sahəsi kimi də müraciəti olmuşdur. Bundan başqa elektron kadastr məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və dəmiryolunun mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaq ayırma normaları”nın 3.5-ci bəndinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-48-2F/2- 1940/2024 nömrəli məktubuna əlavə edilmiş arxiv çıxarışında olan Bakı Xalq Deputatlarının İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarında qeyd edilmişdir ki, X7 178 nömrəli BTK-ı nəzdində bağ sahəsinin icarəyə ayrılması qərara alınmışdır.

5. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X6 bağ sahəsindəki 178 nömrəli kooperativinin orderinə əsasən, 178 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 2V/25 saylı bağ sahəsi ayrılmışdır.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-2/06-4-9167/3-5/2023 nömrəli arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağlar sahəsi, 2B/25 saylı 0.12 ha torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmir.

7. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1-24/2-G-4733/1-39/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan ərazisində mərhum həyat yoldaşınız X1 adına Çöl-Şüvəlan bağlar sahəsində 178 nömrəli kooperativ (BS) tərəfindən verilmiş 2q/32 nömrəli 0,12 ha və 2v/25 nömrəli 12.5 ha hasar daxilində olan torpaq sahələri, dəmir yolunun Qala-Dübəndi mənzili 22 km pk 6-8-də yolun kilometr artımı istiqamətinin sol tərəfində mühafizə zolağının sol tərəfində yerləşir. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən təsdiq edilmiş sxematik plana uyğun olaraq dəmiryolunun sözügedən ərazisində təhkim zolağının eni 24 (iyirmi dörd) metr təşkil edir. Araşdırmanın nəticəsi olaraq bildiririk ki, yuxarıda qeyd olunan hər iki 2q/32 və 2v/25 nömrəli bağlara aid olan torpaq sahələri həqiqətən də dəmir yolunun mühafizə zolağına düşmür.

8. 470141 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir.

9. Ədliyyə Nazirliyinin ünvan 3 ünvanlandığı xx.xx.2023-cü il tarixli x/o 328/23 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsə İddiaçı (yeni ş/v AA*******, FİN: xxxxxxx) müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1995-ci il tarixdə vəfat etmiş X5 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.1991-ci il tarixidə verilmiş 178 nömrəli orderə əsasən ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimatın 7-ci bəndinə və “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq X7 məxsus göstərilən əmlaka çıxarış verilməsi xahiş olunmuşdur.

10. Daşınmaz əmlakın texniki vəziyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, 2v25 saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki sahəsi 0.12 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 3 tərəfdən mişar daşı ilə, şərq tərəfdən isə sərhədi şərtidir. Bağ sahəsinin ərazisi mişar hasarla iki hissəyə ayrılıb. Sahədə tikili yoxdur.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X7 Bakı Xalq Deputatlarının İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı əsasında Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X6 bağ sahəsindəki 178 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 2V/25 saylı bağ sahəsi ayrılmışdır. X8 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. ünvan 5 ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

18. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

22. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Cavabdehin etirazında göstərdiyi əsas dəliləri ondan ibarət olmuşdur ki, torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin elektron kadastr məlumatına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və dəmiryolunun mühafizə zonasında yerləşir.

30. Məhkəmə cavabdehin etirazda qeyd etdiyi həmin dəlilləri imtina üçün əsassız hesab edir.

31. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışdan və "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağlar sahəsi, 2v/25 saylı bağa aid olan torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında və dəmir yolunun mühafizə zolağında yerləşmir.

32. Cavabdeh etirazında imtinanın əsası kimi daha sonra qeyd etmişdir ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.

33. Məhkəmə cavabdehin etirazda qeyd etdiyi bu dəlili də imtina üçün əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən bildirilən dəlil bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz.

34. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

36. Cavabdehin imtinasının digər dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinə iddiaçının 2q/32 saylı bağ sahəsi kimi də müraciət olunmuşdur.

37. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin təqdim etdiyi müayinə (baxış) aktından müəyyən edilir ki, 2v/25 və 2q/32 bağ sahələri ümumi sərhəd daxilində yerləşirlər. İddiaçının 2q/32 saylı bağ sahəsinə dair arayışın verilməsi barədə iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8132/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə qismən təmin edilərək, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində, 178 saylı ВТК nəzdində yerləşən 0,1030 ha torpaq sahəsindən ibarət 2Q/32 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddia tələbinin torpaq sahəsinin dəmiryolunun mühafizə zolağında yerləşən 170 kv.metr hissəsinə münasibət rədd edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan məhkəmə qərarı ilə razılaşaraq, həmin qərardan apellyasiya şikayəti verməmiş, qərar qanuni qüvvəsini almışdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində 178 saylı ВТК nəzdində yerləşən 2V/25 saylı 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar