Məhkəmə qərarları › İş №2-1(112)-10613/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10613/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10613/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçılar X2 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X6 və İddiaçı2 cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 500 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. İddia ərizəsinin əsaslarına görə, iddiaçının anası X7 01 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı və onun anası Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Dalğa” Elmi-İstehsalat Müəssiəsində işlədiklərinə görə həmin müəssənin “Nord” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 29 oktyabr 1985-ci il tarixli 2-85 saylı protokoluna əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 500 kv.m torpaq sahəsindən ibarət olan 91 saylı və iddiaçının mərhum anasına isə 27 oktyabr 1991-ci il tarixli, 5-91 saylı protokola əsasən 500 kv.m torpaq sahəsindən ibarət olan 107 saylı bağ sahəsi verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 02 noyabr 2009-cu il tarixli Qeydiyyat vəsiqəsinə əsasən həmin bağ sahələri birləşdirilərək 91-107/699, 715 saylı bağ evi kimi qeydiyyata alınmış və hər bağ sahəsi 500 kv.m olsa da, ancaq bir bağ sahəsini, yəni 500 kv.m olan bir bağ sahəsi qeydiyyta alınmışdır. Digər 500 kv.m sahədən ibarət torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdehə dəfələrlə müraciət edilsə də, cavabdeh bundan imtina edərək həmin bağ sahələrinin birləşdirilərək iddiaçının adına “91-107/669, 715” saylı bağ evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirildiyini, ərizənin icrası heç bir səbəb gətirmədən mümkün olmadığı qeyd edilmişdir və həmin bağ sahələri birləşdirilərək (500 kv.m +500 kv.m=1000 kv.m ) 1000 kv.m olmalı olduğu halda, 500 kv.m-nin qeydiyyata alınmasını, digər 500 kv.m torpaq sahəsinin isə hansı səbəbdən qeydiyyata alınmaması barədə heç bir məlumat verilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə daxil olmuş etirazında qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********65 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində “91” saylı torpaq sahəsinə dair İddiaçı1 adına üzvlük kitabçası və torpaq sahəsinin planı və ölçüsü sənədi mövcuddur. Belə ki, həmin üzvlük kitabçasının üzərində “91-107” sahələrinin birləşdirilməsi qeyd olunmuş və sonuncunun adına “91-107/699, 715” saylı bağ evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. İddiaçı X6 məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram ünvanlayaraq bildirmişdir ki, o, heç bir iddia ərizəsi imzalamamış, heç kimə bununla bağlı razılıq və etibarnamə verməmişdir və 2-1(112)-10613/2024 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, onun etibarnamə verdiyi yeganə şəxs X1 olmuşdur. (AR-İİİ 01158 saylı, xx.xx.2023-cü il tarixli). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materialları ilə tanış olmadığını, İddiaçı2 iləxx.xx.2024-cü il tarixdə müqavilə bağladığını və belə bir haldan məlumatlı olmadığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ərizələr ilə X2 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X5 müraciət etmişdir. İddiaçı X2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramda, həmçinin iddiaçı tərəfindən X1 verilən AR-İİİ 01158 sayli, xx.xx.2023-cü il tarixli etibarnamənin ləğv edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X6 və İddiaçı2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətində iddiaçı X3 məxsus imza ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsində əks olunan imzanın bir-birindən fərqləndiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – “İPM”) 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə həm də hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsi faktiki olaraq X6 və ya onun qanunun tələblərinə müvafiq şəkildə səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, hətta şəxsin sonradan, ona münasibətdə səlahiyyətli olmayan şəxs tərəfindən verilmiş iddianı bəyənərək qəbul olunduğunu şifahi ifadə etməsi ehtimalında belə, irəli sürülərkən qanunvericiliklə müəyyən edilmiş imza ilə bağlı tələblərə və mümkünlük şərtlərinə cavab verməyən iddia sonradan mümkün sayıla bilməz. Həmçinin E.Rubsova məhkəməyə ünvanlamış olduğu teleqramında məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyini, heç kimə bu barədə razılıq və etibarnamə vermədiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Sözügedən Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində konkret olaraq torpaq sahəsinin kimin adına qeydiyyata alınaraq çıxarışın verilməsinin tələb edildiyi göstərilməsə də, iddianın məzmunundan görünür ki, torpaq sahəsinin İddiaçı1 adına qeydiyyata alınması tələb olunmaqdadır, onun isə işə baxılmasında maraqlı olmaması və iddia ərizəsini imzalamaması məhkəməyə ünvanladığı teleqram əsasında müəyyən edilmişdir. İddiaçı2 onunla birgə iddiaçı qismində həmiştirakçı kimi göstərilməsi əsas iddiaçının iradəsini ifadə etməyən, onun tərəfindən irəli sürülməmiş iddianı mümkün iddia halına gətirmir. Odur ki, məhkəmə hesab edir ki, əlavə yardımetmə vəzifəsi icra edilmədən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar X2 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 500 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X10.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar