Məhkəmə qərarları › İş №2-1(112)-10616/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10616/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10616/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabuçu rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabuçu rayon İcra Hakimiyyətinə qarşı onun və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin dövlət büdcəsi hesabına yenidən sökülüb tikilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar ona “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir. O, 30 il daxili işlər orqanlarında xidmət etmiş, hal-hazırda təqaüddədir. 2000-ci ildən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində öz vəsaiti hesabına tikdiyi evdə yaşasa da,həmin evin təmirinə ona heç bir köməklik göstərilməmişdir. Ev uzun müddətdir istismarda olduğu üçün hal-hazırda yararsız vəziyyətdir. Onun evini yenidən söküb tikməyə maddi imkanı yoxdur. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə müharibə veteranları mənzil-məişət şəraitinin yaxşılaşdırma hüquqlarına malikdirlər. O, hazırki tələblər bağlı cavabdehə müraicət etsə də, cavabeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilməsinə baxmayaraq, iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş N- 91/6-069 nömrəli, 03-112 nömrəli məktubun surətindən görünür ki, iddiaçının ona məxsus qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin təmir edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 22/N-1739/8-069 saylı, xx.xx.2021-ci il tarixli məktubla Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.3-cü maddəsinin tələblərinə müvafiq olaraq yaşayış sahəsinin təmiri onun mülkiyyətçisi tərəfindən və öz şəxsi vəsaiti hesabına həyata keçirilir. O da, nəzərə çatdırılmışdır ki, fərdi yaşayış evlərinin tikintisi, təmiri və digər məqsədlər üzrə vətəndaşlara maddi yardım göstərilməsi üçün Rayon İcra Hakimiyyətinin sərəncamında maliyyə vəsaiti nəzərdə tutulmadığından xahişinin yerinə yetirilməsi imkan xaricindədir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1/496 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Sabunçu rayonu, Əliyev Əliyev (keçmiş Anaşkin) küçəsində yerləşən İddiaçı istifadəsində olan fərdi yaşayış evi özbaşına tikilidir, evə ünvan verilməyib. Hal-hazırda həmin evdə heçkim yaşamır. Tikili qəzalı vəziyyətdədir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********24 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Çıxarışın surəti məktuba əlavə edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təmir olunması tələb edilən istifadəsində olan Sabunçu rayonu, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evə ünvan verilməyib. Hal-hazırda həmin evdə heçkim yaşamır. Tikili qəzalı vəziyyətdədir. Bundan başqa, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan təqdirdə məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının özbaşına tikili olan fərdi yaşayış evinin tikintisi, təmiri və digər məqsədləri üçün Rayon İcra Hakimiyyətindən maliyyə vəsaiti ayrılması barədə qanunvericiliklə müəyyən edilmiş əsaslar üzrə tələb irəli sürmək hüququ mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçısının vəzifələri və səlahiyyətləri arasında özbaşına tikili olan fərdi yaşayış evləriin yenidən qurulması, təmiri, tikintisi və digər məqsədləri üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçı iddia tələbinin əsaslandırılmasında “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə (Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.) istinad etsə də, həmin maddənin tələblərində mənzil qanunverirciliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmələri nəzərdə tutulmuşdur. Qüvvədə olan mənzil qanunvericiliyində isə veteranlar üçün iddiaçının tələbinə müvafiq güzəştlər nəzərdə tutulmamışdır. Eləcə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsində (qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması) sadəcə mənzil (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulmuş və həmin Maddənin 3-cü bəndinin tələblərində qəza vəziyyətində olan yaşayış sahəsininin təmirinin onun mülkiyyətçisi tərəfindən və öz şəxsi vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinin təmiri, yenidən qurulması və digər məqsədlər üçün vətəndaşlara maddi yardım ayrılması nəzərdə tutulmamışdır. Bu halda isə, hazırki iddiada cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırılması müəyyən edilməmişdir. Belə kİ, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar