Məhkəmə qərarları › İş №2-1(112)-10617/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10617/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10617/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan), üçüncü şəxs X3 (Bakı şəhəri, Anaşkin küçəsi, Döngə 1, ev 5 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər X7, X18, X4, X5 və X2 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 3 ünvandakı evdən X7, X18, X4, X5, X2 və azyaşlı X8 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri, Sabunçu Rayon Polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, sözügedən fərdi ev xx.xx.2010-cu ildən xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış vardır. Evə qeydiyyata alınmış şəxslərin X7,X18,X4, X5, X2 və azyaşlı X8 iddiaçının evinə necə pasport qeydiyyata alınmasından onun heç bir xəbəri olmamışdır. Həmin şəxslər onun evində qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Ümumiyyətlə iddiaçı həmin şəxsləri tanımır və onlarla heç bir qohumluğu yoxdur. İddiaçı həmin şəxslərin onun evindən qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin sonuncu buna onların səlahiyyəti olmadığını bildirərək müraciətindən imtina etmişdir. İmtinanın qanunazidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müvafiq qərardadları ilə X7, X18, X4, X5 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən işə nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, mülkiyyətində olan fərdi yaşayış evini 2008-2010-cu illərdə tikdirdiyini, AR Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iş üzrə üçünçü şəxslərin onun evində qeydiyyatda olduqlarını gördüyünü, bu səbəbdən aidiyyəti orqanlara onların qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etdiyini qeyd etmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 verdiyi izahatda o və ailə üzvlərinin iddiaçıya məxsus evdə deyil, eyni ünvanlı olsa da, başqa küçədə yerləşən, özünün tikdirdiyi, dövlət qeydiyyatına alınmayan ayrı evdə 1999-cu ildən yaşadığını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 1, 5 saylı evə qeydiyyata alındıqlarını bildirərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi, əlavə olaraq verdiyi izahatında bildirdi ki, O, Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 16 ev İddiaçınun adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X18, xx.xx.1964-cü il təvəllüdlü X4, xx.xx.1987-ci il təvəllüdlü X5, xx.xx.1993-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X17 ünvan 3 ev ünvanında qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 073-29287M-3222 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə baxılmış və ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda iş üzrə üçüncü şəxslərin ünvan 3 fərdi yaşayış evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin kserosurətindən görünür ki, ünvan 6 ünvanda yerləşən evə dair “Azəriqaz” İstehsalat Birliyi ilə X7 (istehlakçı) arasında xx.xx.2018-ci il tarixli (AKX- 00233xx/xx-2018 saylı) və xx.xx.2022-ci il tarixli (AKX-04654xx/xx-2022 saylı) müqavilələr bağlanmışdır ( sayğac nömrəsi 1802AZ**********01). - “Azərsu ASC” Sabunçu rayon Sukanal İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli elektron hesab fakturanın kağız daşıyıcıda olan surətindən görünür ki, X3 adına Sabunçu rayonu, Anaşkin küçəsi (Ə.Əliyev), ev 5 ünvanda 29247020 saylı müqavilə üzrə **********007 nömrəli abonent kodu mövcuddur. - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən evə dair “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında (istehlakçı) xx.xx.2017-ci il tarixli (72151 saylı) müqavilə bağlanmışdır (sayğac nömrəsi 1702A**********884) - Üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 1, ev 5-ə qeydiyyata alınması üçün əsas olmuş sənədlərin təqdim olunması barədə məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 073-37591-1222 nömrəli məktubla X7, X5, X4 və X16 aid fərdi uçot kartoçkalarının surətləri məhkəməyə göndərilmişdir. - X7 tərəfindən məhkəməyə təqdim olunan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnamənin surətindən görünür ki, X7, X6, X9 və X5 Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, döngə 1, 5 saylı evə pasport qeydiyyatına alınmaları Sabunçu Rayon Polis İdarəsinə həvalə edilmişdir. Həmin qərardad eyni məhkəmənin xx.xx.2007-ci il tarixli məktubu ilə icra edilməsi üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1337 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsi, döngə 1, ev 5 ünvanında ailəsi ilə birlikdə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/5427 nömrəli məktubundan müəyyən olunur ki, nümayəndəlikdəki mövcud ev kitablarına əsasən ünvan 9 ünvan altında iki ev mövcuddur. İddiaçı məxsus evdə heç kəs qeydiyyatda yoxdur, 2-ci ailə yaşayan evdə- X7, X18, X4, X5, X2, X17 qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 ünvan altında iki ev mövcuddur. Evlərdən biri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Digər evdə isə iş üzrə 3-cü şəxslər yaşayırlar. 3-cü şəxslərdən X7, X6, X9 və X5 qeyd olunan ünvana Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən qeydiyyata alınmışlar. Sözügedən evlər eyni ünvanda yerləşsələr də, lakin ayrı səmtlərdə yerləşir. X7 və İddiaçı ilə kommunal xidmətlər göstərən qurumlar arasında evlərə dair fərqli müqavilələr bağlanmışdır. Cəbrayıl Məmmədov ailəsi ilə birlikdə həmin ünvanda təsərrüfat aparır. Məhkəmə tərəflərlə işin faktiki və hüquqi hallarını müzakirə etdikdən, eləcə də iş materialları, təqdim edilmiş sənədləri araşdırdıqdan sonra belə hesab edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. Belə ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, faktiki olaraq ayrı səmtdə yerləşən özlərinə məxsus eyni ünvanlı fərqli evdə yaşayırlar və orada qeydiyyatdadırlar. X15, Tamara Sarıyeva, Vəfa Məmmədova və Ülviyyə Məmmədova məhkəmə qətnaməsi əsasında qeydiyyata alınmışlar. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmır. Yaşayış evinə qeydiyyat yaşayış sahəsinə əmlak hüququna əsas vermədiyi kimi, üçüncü şəxslərin 1999-cu ildən yaşadıqları və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 2006-ci ildən qeydiyyata alındıqları ünvan üzrə qeydiyyatda olmaları 2008-2010-cu illərdə inşa etdirdiyi və 2010-cu ildən əmlak hüququna sahib hazırkı iddiaçının ona məxsus yaşayış evinə mülkiyyət hüququnun həyata keçirməsinə də mane olmamışdır. Bu mənada üçüncü şəxslərin və müvafiq evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmaları əsaslı hesab edilmir. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.9-cu bəndinə görə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. -3.12-ci bəndinə görə bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər bir fərqli küçələrdə yerləşən iki ayrı yaşayış evlərində yaşayırlar, bu halda onlar vahid ünvan üzrə qeydiyyata alınmış hesab olunduqlarından vahid ünvana münasibətdə birinin digərini qeydiyyatdan çıxarmağı haqlı hesab edilə bilməz. Odur ki, bu əsasdan da məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxsləri həmin ünvan üzrə qeydiyyatdan çıxarmaqdan imtinası qanunsuz olmamışdır. Yuxarıda adı çəkilən Qaydaların 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normlaraın tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda, bu imkandan istifadə etməməsi və məhz Bakı şəhəri, ünvan 16 ünvanda qeydiyyatda olduqları üçün üçüncü şəxslərin əvvəlcədən mövcud olmuş eyni ünvan üzrə yerləşən evdən qeydiyyatdan çıxarılmasına əsas verməməlidir. Eyni zamanda bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar