Məhkəmə qərarları › İş №2-1(112)-1062/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1062/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1062/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - X3 cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxslər - Dövlət Neft Şirkəti (SOCAR) və “X13” şirkəti qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda inşa etdiyi, hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m təşkil edən birmərtəbəli qarajına texniki pasportun tərtib olunması və verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Dövlət Neft Şirkətinin (SOCAR), xx.xx.2020-ci il tarixdə isə “X13” şirkətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Sumqayıt şossesi 2-ci kilometr 4 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində tikilmiş qeyri-yaşayış sahəsi (avtomobillərə texniki xidmət mərkəzi) “SOCAR” yanacaq doldurma məntəqəsinə ayrılmış ərazidə yerləşir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh **********1 saylı xx xxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya bildirib ki, qarajın layihəsi ilə faktik vəziyyəti arasında uyğunsuzluq mövcuddur, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim olunmayıb, elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir, müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim olunmayıb. Cavabdehin texniki pasport verməkdən imtina ilə bağlı bəhanələri əsassız və qanunsuzdur: 1. Cavabdeh qarajın layihəsi ilə faktik vəziyyəti arasında uyğunsuzluq olduğunu göstərsə də bu uyğunsuzluğun nədən ibarət olduğunu əsaslandırmayıb. Əslində qarajın layihəsi ilə faktik vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil. 2. Cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması barədə bəhanəsi də əsassızdır. Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 276 saylı orta məktəbin yanında iddiaçıya məxsus daş qaraj mövcud olub. xx xxxxxx 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi həmin qaraja texniki pasport vermişdi. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı xx xxxxxx 2011-ci il tarixli qərarı və 206 saylı xx xxx 2012-ci il tarixli sərəncamı ilə iddiaçının qarajının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ayrılıb, bu səbəbdən iddiaçının qarajı da daxil olmaqla həmin torpaq sahəsində inşa edilmiş bütün qarajlar sökülüb. Buna görə də Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamı ilə sökülmüş qarajın əvəzinə iddiaçıya Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 2-ci kilometr 4 ünvanda yeni qaraj inşa etməsi üçün torpaq sahəsi ayrılıb, qarajın eskiz layihəsi təsdiq edilib. Həmin eskiz layihəsində iddiaçının tikəcəyi birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsinin 9,6m.x 9,4m.= 90,24 kv.m. nəzərdə tutulub. İddiaçı hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamını və eskiz layihəni xx xxxxxx 2019-cu il tarixli ərizəsinə əlavə edib. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamı tikintiyə hüquqmüəyyənedici sənəd hesab olunur. Cavabdehin guya iddiaçının inşa etdiyi qarajın Azərbaycan Respublikası Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması barədə bəhanəsi də əsassızdır. Cavabdeh nəzərə almayıb ki, iddiaçının qarajı inşa etdiyi Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 2-ci kilometr ərazinin hər tərəf yaşayış evləri ilə məskundur. İddiaçının qarajı yaşıyış sahələrinin içərisində, evlərin arasında yerləşir. Həmin ərazinin Azərbaycan Respublikası Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Cavabdehin müvafiq icra hakimiyyəti orqanının tikintinin inşa edilməsinə icazə barədə qərarının və istismara qəbul aktının təqdim olunmaması ilə bağlı bəhanəsi də əsassız və qanunsuzdur. Cavabdeh nəzərə almayıb ki, iddiaçının layihədə nəzərdə tutduğu ölçülərdə qaraj tikintisi üçün müvafiq icra orqanlarından icazə alması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin məcəllənin 79.1.1-ci maddəsi: Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. İddiaçının tikdiyi yardımçı tikili hesab olunan birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi isə 90,24 kv.m. təşkil edir. Digər tərəfdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamının 1-ci bəndində qarajın tikintisinə icazə verilib. İddiaçıya torpaq sahəsi sökülmüş qarajının yerləşdiyi torpaq sahəsinin əvəzinə ayrılıb. Sökülmüş qaraja görə isə iddiaçıya hər hansı kompensasiya və yeni qaraj tikintisi üçün çəkəcəyi xərclər də ödənilməyib. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, o cümlədən qarajlar üçün tikinti obyektinin istismarına icazə nəzərdə tutulmayıb. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, belə ki, layihə daxilində rekonstruksiya işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Həmçinin torpaq sahəsi və üzərində inşa edilmiş qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı 044198 elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir və bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********71 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinin əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və həmçinin həmin qanunun 8.0.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. maddəsinə əsasən çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4-cü maddəsinə əsasən Sifarişçi: 47.4.2.tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasın və təsdiqlənməsini təmin edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.3-cü maddəsinə əsasən Layihəçi: 48.3.2. tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır; 48.3.3. sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1 tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2 şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin x xxxxxx 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1,5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir; 6-cı maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi: 6.1.tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə 291 nömrəli, xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətinə **********71 nömrəli xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, belə ki, layihə daxilində rekonstruksiya işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı elektron kadastr baza məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən xx.xx.2008-ci il tarixdə verilmiş Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qaraj X1 istifadəsində olmuşdur, həmin ərazidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində qarajın sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 115 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamında göstərilmişdir: “1.X1 Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilsin. 2. X1 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında tikintisi nəzərdə tutulan qarajın təqdim edilən layihəsi (“xxxx” MMC) təsdiq edilsin. 3. Tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, aidiyyəti təşkilatlarla razılaşdırmaqla onların sahədən köçürülməsi X1 vəsaiti hesabına həyata keçirilsin. 4. Tikinti işləri aparılarkən ətraf ərazinin sanitartexniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması vətəndaş X4 tapşırılsın.” İş materiallarından görünür ki, X3 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında tikintisi nəzərdə tutulan qarajın təqdim edilən layihəsi (“xxxx” MMC) təsdiq edilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda yerləşən qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsinin əmlakı) X6 və X3 paylı mülkiyyətlərindədir. Torpaq sahəsi üzərində isə istifadə hüququ qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X6 xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 156 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi (hazırki ünvan: Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci km 4) ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda qayınatası X7 tərəfindən inşa edilmiş yanacaqdoldurma məntəqəsi vərəsəlik əsasında ona və həyat yoldaşı İddiaçı keçmişdir və hazırda fəaliyyətdədir. Yanacaqdoldurma məntəqəsi ərazisində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qərarına əsasən İddiaçı sökülmüş qarajının əvəzi olaraq yenisinin inşa edilməsinə icazə verilmiş və qarajın tikintisi başa çatmışdır. Qarajın tikilməsi zamanı onun razılığı alınmışdır və hal-hazırda ondan istifadəyə etiraz etmir. Məlumat üçün bildirir ki, həmin yanacaqdoldurma məntəqəsi onun tərəfindən SOCAR PETROLEUM QSC-yə icarəyə verilmişdir. İş materiallarından görünür ki, “X13” şirkəti 03/855 nömrəli xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi 360431 saylı neft quyusunun və neft kollektorunun mühafizə zonasında yerləşir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı xx.xx.2020-ci il tarixli 7-2908/17 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq müvafiq sərəncamdan çıxarış təqdim etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 156 nömrəli Sərəncamdan çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin xx.xx.1994-cü il tarixli 01-11/15 saylı məktubu nəzərə alınaraq Binəqədi rayonu, Sumqayıt şossesində Biləcəri qəsəbəsinin qərbində yanacaq doldurma məntəqəsinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. xx xxxxxxxx 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X14 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Göründüyü kimi, “X13” şirkəti məhkəmənin sorğusuna cavab olaraq sözügedən torpaq sahəsi 360431 saylı neft quyusunun və neft kollektorunun mühafizə zonasında yerləşməsini qeyd etsə də, həmin torpaq sahəsinin xx.xx.1994-cü il tarixdə, yəni yuxarıda qeyd edilən saziş bağlanıldıqdan əvvəl digər şəxsə yanacaq doldurma məntəqəsinin layihələşdirilməsi və tikintisi üçün ayrılması iş materialları ilə öz təsiqini tapmışdır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin X3 Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verilməsi və həmin qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh orqan tərəfindən texniki pasportun verilməməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində mövcud olan və hazırkı iddia ilə texniki pasportun verilməsi tələb olunan tikili tikintisinə (istismarına) icazə tələb olunmayan tikili hesab edilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın imtinasını və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur, belə ki, layihə daxilində rekonstruksiya işləri aparılmış və perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan layihə daxilində rekonstruksiya işlərinin aparılmasının və perimetrik ölçü, konfiqurasiya fərqinin nədən ibarət olmasını, həmçinin rekonstruksiya işlərinin aparılmasına dair və perimetrik ölçü, konfiqurasiya fərqinin mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin qanunun 23.2-ci maddəsinə əsasən Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxx 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, iddiaçının tikdiyi yardımçı tikili hesab olunan birmərtəbəli qarajın hündürlüyü 5 metr, sahəsi isə 90,24 kv.m. təşkil edir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 115 saylı xx xxxxx 2018-ci il tarixli sərəncamının 1-ci bəndində qarajın tikintisinə icazə verilib. İddiaçıya torpaq sahəsi sökülmüş qarajının yerləşdiyi torpaq sahəsinin əvəzinə ayrılıb. Sökülmüş qaraja görə isə iddiaçıya hər hansı kompensasiya və yeni qaraj tikintisi üçün çəkəcəyi xərclər də ödənilməyib. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin X3 Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 276 saylı məktəbin yanında yerləşən daş qarajın rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci kilometr 4 ünvanında yenidən tikintisinə icazə verildiyindən və həmin qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edildiyindən, iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində mövcud olan və hazırkı iddia ilə texniki pasportun verilməsi tələb olunan tikili tikintisinə (istismarına) icazə tələb olunmayan tikili hesab edildiyindən, cavabdeh inzibati orqan texniki pasportun tərtibini istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə istinad edərək, inzibati icraat zamanı obyektiv araşdırma aparmadan, eləcə də heç bir qanuni əsas gətirmədən məsələnin həllindən imtina etmişdir. Məhkəmənin qənaətinə görə, hazırkı halda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda inşa etdiyi, hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m təşkil edən birmərtəbəli qaraja texniki pasportun verilməməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ünvanda inşa edilən hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m. təşkil edən birmərtəbəli qaraja X2nın adına texniki pasportun tərtib olunması və verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 2-ci kilometr 4 ünvanda inşa edilən hündürlüyü 5 metr, sahəsi 90,24 kv.m. təşkil edən birmərtəbəli qaraja X2nın adına texniki pasportun tərtib olunması və verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar