Məhkəmə qərarları › İş №2-1(112)-10627/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10627/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10627/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istefada olan tibb xidməti polkovnik-leytenantıdır. 44 günlük Vətən Müharibəsinin iştiakçısıdır, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ilk N (iyirmi) gün ezamiyyədə, daha sonra həmin hərbi hissənin ştatında olaraq döyüş zamanı yaralanan əsgər və zabitlərimizə tibbi yardım göstərərək döyüş təminatı tapşırıqlarını icra etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi döyüş əməliyyatları zamanı Fizuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab X4 əsasən “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Döyüş əməliyyatları zamanı döyüş bölgəsində yerləşən hərbi hissədə ximdət edərək döyüş təminatı tapşırıqlarını icra etdiyinə görə müharibə veteranı adını alınmasını tələb etmək hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün cavabdeh orqan olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx.xx.2023-cü il tarixində vəkili vaistəsilə rəsmi şəkildə müraciət etməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddət ərzində hər hansı bir cavab almamışdır. O da qanunvercilikdə təsbit olundğu kimi inzibati orqanın hərəkətsizliyindən müraciət etdiyi tarixdən 35 (otuz beş) gün keçənədək gözləyərək məhkəməyə iddia ərizəsini təqdim etmişdir. İddiaçı xx.xx.2002-ci il tarixindən tibb xidməti zabiti kimi həqiqi hərbi daxil olmuş və xx.xx.2022-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Vətən Müharibəsi başlayarkən xarici ölkədə ezamiyyədə idi. Ezamiyyətini yarımçıq qoyaraq öz arzusu ilə döyüş əməliyyatlarına qatılmağını xahiş etmiş, Komandanlıq da xahişini nəzərə alaraq onu xx.xx.2020-ci il tarixdə döyüş əməliyyatları zonasında - Fizuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ilk N (iyirmi) gün ezamiyyədə, daha sonra həmin hərbi hissənin ştatında olaraq hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi müharibə veteranı adını almaq qanunla təsbit olunmuş hüququdur. Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420№li Qərarının 2-ci bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. O da xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları aparılmış ərazidə yerləşmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ilk N (iyirmi) gün ezamiyyədə, daha sonra həmin hərbi hissənin ştatında olaraq döyüş zamanı yaralanan əsgər və zabitlərə tibbi yardım göstərərək döyüş təminatı tapşırıqlarını icra etmişdir. Ona görə də, təsdiqiləyici sənədlər əsasında ona müharibə veteranı adının veriməsinə dair Qərar qəbul edilməsi cavabdehin vəzifə borcudur. Cababdehin isə müraciətinə heç bir cavab verməməsi qanunsuz hal olmaqla müharibə veteranı adını almaq hüququnu əngəlləməyə yönəlmiş hüquq pozuntusudur. Hesab edir ki, məhkəmə hüquqlarının bərpa olunmasına dair müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı münasibət məhkəməyə təqdim edilmişdir. Münasibətdə qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz: İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda iddia mümkün sayılır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2020-ci il tarixli 235 nömrəli əmrindən çıxarışdan görünür ki, Mərkəz rəisinin sərəncamında olan tibb xidməti polkovnik-leytenantı İddiaçı, Müdafiə nazirinin 6 avqust 2020-ci il tarixli dərkənarına və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin 11 avqust 2020-ci il tarixli 5/4728 nömrəli məktubuna əsasən təhsilini davam etdirmək məqsədilə xx.xx.2020-ci il tarixdən Rusiya Federasiyasının Moskva şəhərinə ezamiyyətə getmiş hesab edilməsi barədə əmr verilmişdir. - Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2020-ci il tarixli 251 nömrəli əmrindən çıxarışdan görünür ki, Tibb xidməti polkovnik-leytenantı İddiaçı 10 oktyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən (ərzaq təminatına qoyulsun, ərzaq payı əvəzinə pul kompensasiyası ödənilsin) gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilməsi barədə əmr verilmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2020-ci il tarixli 253 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti polkovnikleytenantı İddiaçı 12 oktyabr 2020-ci il tarixdə N (iyirmi) gün müddətinə N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 294 nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti zərurət ilə əlaqədar olaraq ezamiyyətə gəlmiş t/x polkovnikleytenantı İddiaçı hərbi qulluqçu ezamiyyətə gəlmişlərin siyahısına və qazan təminatına qoyulması barədə əmr verilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 315 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr 2020-ci il tarixli 0910 nömrəli əmri ilə gəlmiş t/x polkovnikleytenantı İddiaçı vəzifə maaşı saxlanılmaqla döyüş əməliyyatları bitənədək N nömrəli hərbi hissə komandirinin sərəncamına verilməsi barədə əmr verilmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2020-ci il tarixli 273 nömrəli əmrindən çıxarışdan görünür ki, Xidməti zərurətlə əlaqədar olaraq Mərkəz rəisinin sərəncamında olan tibb xidməti polkovnik-leytenantı İddiaçı döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifəsinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissə komandirinin sərəncamına təyin olunduğu üçün xx.xx.2020-ci il getmiş hesab edilməsi (ərzaq təminatından çıxarılsın, ərzaq attestatı verilsin) barədə əmr verilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 335 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə tibb xidməti polkovnikleytenantı İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissə komandirinin sərəncamından çıxarılıb Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin sərəncamına göndərilməsi barədə əmr verilmişdir - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2020-ci il tarixli 292 nömrəli əmrindən çıxarışdan görünür ki, öz vəzifəsinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissəyə təyin olunmuş, Mərkəz rəisinin sərəncamında olan tibb xidməti polkovnik-leytenantı İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 01077 nömrəli əmri ilə Mərkəz rəisinin sərəncamına qayıtmış hesab edilməsi (ərzaq təminatına qoyulsun, ərzaq payı əvəzinə pul kompensasiyası ödənilsin) barədə əmr verilmişdir. - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 2126 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə döyüş tapşırıqları yerinə yetirərək yaralılara tibbi yardımın göstərilməsi və təxliyyə edilməsində iştirak etmişdir. - Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2019-cu il tarixli 317 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti polkovnik-leytenantı İddiaçı 27 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyanın Sankt-Peterburq şəhərindən ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilməsi barədə əmr verilmişdir. - Azərbaycan Respublikası medalının İ-14040 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli poçt qəbzindən də müəyyən edilmişdir ki, iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi barədə heç bir cavab verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, İddiaçı N saylı hərbi hissənin tərkibində döyüş zamanı yaralanan əsgər və zabitlərə tibbi yardım göstərərək döyüş təminatı tapşırıqlarını icra etməsini nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər hansı cavab məktubu təqdim olunmamış və iddiaçının müraciətinə heç bir cavab verilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd edilənlərə əsasən şəxsə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün onun döyüş əməliyyatları həyata keçirilmiş ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu olması şərtdir. İş materiallarından da görünür ki, iddiaçı qeyd edilən şərti ödəmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün Müdafiə Nazirliyinin hərbi hissəsinə ezam edilmiş və həmin tapşırıqları yerinə yetirdiyi üçün “Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün hərbi xidmətin başlanğıcı sayılır. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun “X2” şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2947 nömrəli məktubu ilə tibb xidməti polkovnik-leytenantı İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, hərbi xidmət keçməsi, ezam olunması və ezam olunduğu müddətdə onun fəaliyyəti barədə aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 294 nömrəli əmrindən çıxarışdan görünür ki, ezamiyyətə gəlmiş t/x polkovnik-leytenantı İddiaçı xidməti zərurət ilə əlaqədar olaraq ezamiyyətə gəlmişlərin siyahısına və qazan təminatına qoyulmasə barədə əmr verilmiş; N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 315 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 30 oktyabr 2020-ci il tarixli 0910 nömrəli əmri ilə t/x polkovnik-leytenantı İddiaçı vəzifə maaşı saxlanılmaqla döyüş əməliyyatları bitənədək N nömrəli hərbi hissə komandirinin sərəncamına verilməsi barədə əmr verilmiş; N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 335 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə tibb xidməti polkovnik-leytenantı İddiaçı, xx.xx.2020-ci il tarixdən hərbi hissə komandirinin sərəncamından çıxarılıb Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin sərəncamına göndərilməsi barədə əmr verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 2126 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə döyüş tapşırıqları yerinə yetirərək yaralılara tibbi yardımın göstərilməsi və təxliyyə edilməsində iştirak etmişdir. Göründüyü kimi iddiaçının N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirdiyi sübuta yetirilir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun M a d d ə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olunan şərtlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 335 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə tibb xidməti polkovnik-leytenantı İddiaçı, xx.xx.2020-ci il tarixdən hərbi hissə komandirinin sərəncamından çıxarılıb Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin sərəncamına göndərilməsi barədə əmr verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş və hərbi hissəni vəya xidmət yerini özbaşına tərk etdiyinə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar