Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1063/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 14743,37 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 14480,10 manat məbləğində vergilər üzrə faiz borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, cavabdeh tərəfindən İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 9.989,38 manat, dövlət büdcəsinə ödənilməmiş 14743,37 manat vergi borcunun və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 264,2 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq xəbərdarlıq məktubu göndərilmiş və qeyd edilən borcların ödənilməsi tələb edilmişdir. Dövlət Sosial Müdafiə və İşsizlikdən Sığorta Fondlarına olan borcları qəbul etmişlər və ödənilməsi istiqamətində müəyyən hərəkətlər etmişlər. Lakin faiz borcunu qəbul etmirlər, həmin borc əsassızdır. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixə dəqiqləşdirilərək verilmiş iyul 2019-cu il ƏDV bəyannaməsinə əsasən iddiaçıya 2019-cu ilin iyul ayı üçün faktiki görülmüş və ödənilmiş işlər üçün 46441,26 manat ƏDV (əsas məbləğ), 17289,73 manat isə vergi üzrə faiz borcu hesablamışdır. 2021-ci ilin oktyabr ayına kimi vergi üzrə əsas borc və faizlər ödənilmiş, lakin 14480,10 manat vergi üzrə faiz borcu qalmışdır. Vergi üzrə faiz borcunun silinməsi ilə əlaqədar cavabdehə edilən müraciətlərə verilən cavablar əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli cavabda şirkət olaraq İddiaçı MMC-nin avtomobillərə texniki xidmət göstərməsi kimi qeyd edilir. Bu, düzgün deyil. İddiaçı MMC fəaliyyətə başladığı gündən 2020-ilin mart ayının sonunadək otelçilik fəaliyyəti ilə məşğul olmuşdur. Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının sonlarından iddiaçının fəaliyyəti tam dayandırılmışdır. Bu dövrdə iddiaçı əməkdaşlara əmək haqqı verə bilmədiyindən dəfələrlə dövlətdən subsidiya, yəni maliyyə dəstəyi almışdır, bu, maliyyə sənədləri ilə təsdiq olunur. İddiaçının fəaliyyət göstərmədiyi bir dövrdə cavabdeh tərəfindən 14480,10 manat vergilər üzrə faiz borcunun hesablanması əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə 309441,40 manat əsas və 40539,43 manat faiz borcu mövcuddur. İddiaçı şəxsi hesab vərəqəsində mövcud olan faiz borcunun 14743,37 manat hissəsini mübahisələndirmiş, həmin məbləğin hesablanmasını qanunsuz hesab edərək hesablanmanın əsası barədə məlumatlı olmadığını bildirmişdir. Lakin vergi ödəyicisinə hər gecikdirilmiş gün üçün faiz hesablanması vergi öhdəliklərinin vaxtında yerinə yetirilmədiyi halda vergi qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuşdur. İddiaçının şəxsi hesab vərəqəsindən aydın olur ki, faiz məbləğinin hesablanması əsasən iddiaçının özü tərəfindən bəyan edilən, həmçinin cavabdeh orqan tərəfindən hesablanan vergi məbləğlərinin vaxtında ödənilməməsindən irəli gəlmişdir. Məlum olduğu kimi faiz məbləğinin yaranması əsası əsas vergi borcunun hesablanıb ödənilməsi ilə bağlı olduğundan faiz məbləğinin silinməsi əsas vergi borcunun silinməsi halında mümkündür. Başqa sözlə, əsas məbləğ qüvvədə olduğu müddətdə faiz borcunun silinməsi mümkün deyil. İddiaçının şəxsi hesab vərəqəsi üzrə faiz borcunun hesablanılması vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşdirilmiş vergi bəyannaməsinə əsasən əvvəl bəyan edilmiş verginin bəyan edilməli olan vergiyə nəzərən az hesablanması ilə bağlı olmuşdur. Başqa sözlə, iddiaçının 2019-cu ilin iyul ayı üzrə ƏDV bəyannaməsində bəyan etdiyi məbləği daha sonra artırmaqla yenidən dəqiqləşdirilmiş bəyannamədə bəyan etməsi onun qeyd edilən dövr üzrə ödənilməli olan məbləği vaxtında dövlət büdcəsinə ödəməməsini təsdiq etmişdir. Bu halda isə vergi qanunvericiliyinin tələblərinə əsasən vergi öhdəliyinin vaxtında yerinə yetirilməməsinə görə faiz hesablanılması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbinə əsasən vergi orqanı tərəfindən yoxlama həyata keçirilənədək vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı halların aradan qaldırılmasına baxmayaraq, gecikdirilmiş günlər üzrə faizlər ödənilməlidir. Faiz məbləğinin yaranması əsası vergi öhdəliyinin vaxtında yerinə yetirilməməsi ilə bağlı olduğundan faiz məbləğinin silinməsi ya əsas məbləğin silinməsi halında və ya borcun ümidsiz borc olduğu təqdirdə mümkündür. Lakin əsas borcla bağlı məbləğ cavabdeh orqan tərəfindən hər hansı hesablama ilə bağlı deyil, iddiaçının özünün bəyannaməsi əsasında yarandığından əsas borcun silinməsinin tələb edilməsi ağlabatan deyil. Digər tərəfdən faizlə bağlı borcun ümidsiz borc hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədiyindən borcun ümidsiz borc kimi silinməsinin də tələb edilməsi üçün əsas mövcud deyil. İşin hallarından məlum olduğu kimi faiz məbləğinin hesablanması qanuni olduğundan və həmin məbləğin silinməsi ilə bağlı əsas olmadığından iddiaçının tələbinin əsassız olduğu öz təsdiqini tapır. Digər tərəfdən iddia ərizəsinə dəqiqləşdirmədə 14480,10 manat faiz borcunun hesablanmasının əsassız olmasının qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən qeyd edilən mövqe əsaslandırılmamış, həmin mövqeyi təsdiq edən dəlillər qeyd edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Vergi güzəştləri və verginin ödənilməsi üçün möhlət verilməsi barədə müraciətinizə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, çalışdığınız fəaliyyət sahəsinin avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri olduğunu nəzərə alaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı barənizdə Vergilər, Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS), İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər, Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik), İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər vərəqələri üzrə faizlərin silinməsi 2020-ci il aprelin 1-dən xx.xx.2021-ci ilədək tətbiq edilmişdir. Vergi Məcəlləsinin 224.7-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsin 85.6-cı maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıda göstərilən halların biri olduqda bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər: Azərbaycan Respublikasının Vergi Məcəlləsin 85.6.1-cı maddəsinə əsasən təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsin 85.6.2-ci maddəsinə əsasən vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda. Bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada carı və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsin 85.9-cu maddəsinə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövrü üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir. Qeyd edilən sənədlər tərəfinizdən aidiyyəti üzrə təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxıla bilər. Vergi məsələləri ilə bağlı əlavə məlumat almaq üçün iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov az) və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarında olan İddiaçı MMC-yə məxsus (VÖEN **********) Şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC-nin 14.480,10 manat vergi borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış vergilər üzrə faiz borcunun silinməsini tələb edir. Lakin iddiaçı həmin faiz borcunun əsassız hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ ona hesablanmış hər hansı vergi məbləği deyil, ödənilməli olan vergi məbləğlərinin vaxtında ödənilməməsinə görə yaranmış faiz məbləğləridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərindən də göründüyü kimi, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə faiz hesablanması nəzərdə tutulmuşdur. İddiaçının silinməsini tələb etdiyi faiz borcu iddiaçının vergi öhdəliklərini vaxtında yerinə yetirməməsinə görə yaranmışdır. Həmin borc məbləğinin silinməsi üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1063/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1063/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver