Məhkəmə qərarları › İş №2-1(112)-10633/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10633/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10633/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əlverişli olmayan iş yerində işləməsi ilə əlaqədar faiz əlavəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarının 21-ci maddəsinin 21.3.2.2 bəndinə əsasən iqlim şəraiti əlverişli olmayan yerdə xidmətə görə faiz əlavəsi ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ehtiyyatda olan müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçu kimi o, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin sahildən N (iyirmi) kilometr uzaqlıqda olan Cilov adasında yerləşən bölməsində (hərbi obyektdə) xidmət etmişdir. Xidmət etdiyi dövrdə iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarının 21-ci maddəsinin 21.3.2.2-ci bəndinə əsasən iqlim şəraiti əlverişli olmayan yerdə xidmətə görə faiz əlavəsi ödənilməmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə və Maliyyə və Büdcə İdarəsinə ərizə ilə rəsmi müraciət etmiş, lakin ona iqlim şəraiti əlverişli olmayan yerdə xidmətə görə faiz əlavəsinin ödənilməsinin şamil olunmaması iddiaçıya məktubla bildirilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırda xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək N nömrəli hərbi hissənin sahildən N (iyirmi) kilometr uzaqlıqda olan Cilov adasında yerləşən bölmədə xidmət etdiyinə istinad edərək, həmin dövrdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarının 21-ci maddəsinin 21.3.2.2-ci bəndinə əsasən iqlim şəraitinə görə ödənilməyən faiz əlavəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Belə ki, 2001-2006-ci illərdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi, qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmiş, iddia müddəti kimi 1 ay vaxt müəyyən etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya xidmət keçdiyi müddətdə iqlim şəraiti əlverişli olmayan yerdə xidmət etməsi ilə əlaqədar faiz əlavəsi ödənilməmişdirsə, bu hal ona həmin vaxtdan məlum olmuş, iddiaçı pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət barədə 1 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsi 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənməyə başlamışdır. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Çünki artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın yeni qanuna əsasən mübahisələndirilməsi imkanı o halda nəzərdən keçirilə bilər ki, mübahisələndirmə müddətinin axımı 1 yanvar 2011-ci il tarixdən əvvəl başlamış, həmin tarixədək başa çatmamış və həmin tarixdən sonra da davam etmişdir. Hazırkı işdə bu, baş verməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 711/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əlverişli olmayan iş yerində işləməsi ilə əlaqədar nəzərdə tutulan faiz əlavəsinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar