Məhkəmə qərarları › İş №2-1(112)-10634/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10634/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10634/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə E-İcra sistemindən iddiaçının istifadəsində olan mobil nömrəyə onun borclu tərəf olduğu icra sənədi üzrə Nəsimi rayon icra şöbəsində 182036/2024-5-15 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul olunması baradə SMS bildirişi daxil olmuşdur. İddiaçı səbəbi öyrənmək üçün 10 iyun 2024-cü il tarixində Nəsimi rayon icra şöbəsinə yaxınlaşmış, Nəsimi rayon İcra şöbəsinin icra məmurunda cərimə edilməsi üçün əsas olmuş qərarın surətinin təqdim edilməsini xahiş etmişdir. İcra məmuru tələbin könüllü icrası haqqında xx.xx.2024-ci il tarixli bildirişi və icraata başlamaq haqqında qərarı iddiaçıya imza etdirərək təqdim etmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 icraatına daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında X3 Bakı Xidməti Şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Qərardan iddiaçıya məlum olmuşdur ki, X3 Bakı Xidməti Şəhər İdarəsi tərəfindən 08 aprel 2024-cü il, MN № ******* nömrəli “İnzibati Tənbeh vermə haqqında” qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İddiaçı bildirir ki,. X3 Bakı Xidməti Şəhər İdarəsinin iddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərarından heç bir məlumatı olmamış, bu baradə yalnız icra məmurunun icraata başlamaq haqqında SMS-ni aldıqdan sonra xəbəri olmuşdur. Müffətişlik tərəfindən obyektə yoxlama keçirilməmiş, iddiaçıdan izahat alnmamış, inzibati tənbeh vermə haqqında qərarın surəti rəsmi qaydada təqdim edilməmiş, nə qeydiyyat ünvanına, nə də faktiki yaşadığı ünvana qərarın surəti göndərilməmişdir və nəticədə iddiaçı həmin qərardan şikayət vermə hüququnu itirmişdir. X3 Bakı Xidməti Şəhər İdarəsi tərəfindən işin halları tam araşdırılmadan və inzibati xətaya görə tənbeh vermə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmadan ədalətli olmayan qanunsuz qərar qəbul edilmişdir. İddiaçı bildirir ki, Həmin Qərar iddiaçıya rəsmi qaydada təqdim edildikdən sonra “səlahiyyətli şəxsin inzibati tənbeh tədbiq etmə barədə qərarının ləğv edilməsi tələbi” ilə Nəsimi rayon məhkəməsinə müraciət edəcəkdir. Ona görə də icra məmurunun icraata başlamaq haqqında qərarını qanunsuz hesab edir və həmin iş məhkəmə qaydasında baxılıb qurtaranadək icra məmurunun xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi üçün məhkəməyə müraciət edir.

3. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli Qərara əsasən İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin ******* nömrəli xx.xx.2024-cü il tarixli icra sənədini nəzərdən keçirərək müəyyən etmişdir ki, icra sənədi üzrə borclu İddiaçı 4000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.

5. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan “tələbin könüllü icrası haqqında” xx.xx.2024-cü il tarixli bildirişə əsasən xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidməti Bakı Şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. Bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra edilməzsə, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacaqdır.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

8. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

9. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

10. X4 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X4 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

11. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

12. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar üzrə icraata xitam verilməsini tələb edir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

15. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar