Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10638/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirаkları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X2 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə mülkiyyət hüququ əsasında alqı-satqı yolu ilə ona ayrılmış 2 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu X3 13 may 2005-ci il tarixli 1491/1 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində istifadəsində olan 2 ha torpaq sahəsi sahibkarlıq fəaliyətinin tikintisi üçün alqısatqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Həmin sərəncamın 3-cü bəndində torpaq sahəsini müvafiq qaydada hüquqi qeydiyyata almaq məqsədi ilə keçmiş Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edilməsi tapşırılmışdır. Torpaq sahəsinin təsdiq olunmuş cizgi planı,habelə torpağın alqı-satqısma dair akt tərtib edilərək ona verilmişdir. Qanuni istifadəsində olan torpaq sahəsinə dair hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17.07.2021-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə təkrar müraciət etsə də, cavabdeh təşkilat cavab məktubu ilə ona 14.08.2020-ci il,08.10.2020-ci il tarixli məktublarla ətraflı cavab verildiyini, lakin buna baxmayaraq çatışmazlıqların aradan qaldırılmaması ucbatından çıxarışın verilməsindən imtina edilmişdir. Eyni zamanda cavab məktubunda hazırki məktubun dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilmişdir. Cavabdeh təşkilata təqdi etdiyim sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələblərinə tam uyğun olsa da, cavabdeh təşkilatın imtina məktubunda əsassız olaraq Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə istinad edərək hüquqların dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iddiaya etiraz edərək bildirmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, sənədlər toplusuna əlavə olunmuş alqı-satqı aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməmiş və idarənin mütəxəssissləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan sənədlər : Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13 may 2005-ci il tarixli 1491/1 nömrəli sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 2 ha torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün İddiaçı alqısatqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri, X4 ərazisində yaşayan İddiaçı torpaq sahəsi almaq üçün 05.05.2005-ci il tarixdə Binəqədi rayon Bələdiyyə orqanına müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi Qəsəbə bələdiyyə ərazisində 2 ha torpaq sahəsinin satılması barədə 18.05.2005-ci il tarixli 1491/1 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Həbibov X6 rayon Kapital bankının 1 saylı hesabına əvvəlcədən 80.000.000 manat haqq ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının 14.07.2020-ci il tarixli, ********** nömrəli və 01.09.2020-ci il tarixli ********** nömrəli müraciətlərinə cavab olaraq ünvanlanmış imtina məktublarından görünür ki, sözügedən torpaq sahəsinin təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq olunmamış və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 01-13/M-516 nömrəli, 06.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı aid torpaq sahəsinin arxiv materiallarında torpaq sahəsinin ayrılması barədə alqı-satqı akt olmadığından həmin qeyd edilən aktın məhkəməyə təqdim olunması mümkün olmamışdır. İddiaçı adına rəsmiləşdirilmiş Binəqədi qəəsəbə Bələdiyyəsinin 1491/1 nömrəli sərəncamının surəti məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş BA-04692-2021 nömrəli, 11.10.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Binəqədi rayonu X2 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X2 13 may 2005-ci il tarixli, 1491/1 saylı sərəncamı ilə mülkiyyət hüququ əsasında alqı-satqı yolu ilə ona ayrılmış 2 ha torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində yalnız torpaqların alqı-satqısına dair akt, həmçinin, Bakı şəhəri Binəqədi rayonu X2 sərəncamının surəti təqdim edilmişdir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi daşınmaz əmlaka dair iddiaçı qanunla sadalanmış hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının həmin evə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur, belə imtina qanuna zidd qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin mövcud qanunvericiliyin 2005-cı ildə, yəni müvafiq bələdiyyənin aktı qəbul olunan dövrdə qüvvədə olan aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının 15.10.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş “X1”nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə qeyd edir ki, iddiaçıya X4 tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunazidd sayıla bilməz. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayonu Binəqədi qəsəbə X2 13 may 2005-ci il tarixli, 1491/1 nömrəli sərəncamı ilə onun mülkiyyətinə verilmiş 2 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-10638/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10638/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver