Məhkəmə qərarları › İş №2-1(112)-10638/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10638/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10638/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X3 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı1, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X4) “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) ünvan 1 ünvana qeydiyyata alınmaları ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina etmiş və məktubda bildirmişdir ki, "...yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətinizdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların ünvan 3 fərdi yaşayış evinə qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, övladları ilə birlikdə hazırda ünvan 3 ünvanında qeydiyyatsız olaraq yaşayırlar. Onlar əvvəlcə ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Hazırda həmin fərdi yaşayış evi sökülmüşdür. Onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixində bitəcək. Qeyd olunan tarixdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədər müraciət etsə, ünvan söküldüyünə görə qeydiyyata alına bilməyəcək. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş emtişdir. Əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda olmalarında məlumatı yox idi. Onların (iddiaçıların) yaşadığı evi 2007-cü ildə alıblar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, 1994-cü ildən həmin ünvanda olan evdə yaşarlar və evdə pasport qeydiyyyatındadırlar. İddiaçıların onların üvnanına pasport qeydiyyatına düşmələrinə etiraz edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddia tələbindən göründüyü kimi, iddiaçılar ünvan 3 fərdi yaşayış evində yaşadığlarını iddia edərək həmin evə pasport qeydiyyatına alınmasını xahiş edirlər. Cavabdeh həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası isə əsaslıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli məktubuna əsasən sözügedən mənzilin qeydiyyatı barədə məlumat aşkar edilmədi. İş materiallarından göründüyü kimi, iddiaçının hazırda qeydiyyata alınmaq istədiyi ünvan 3 fərdi yaşayış evində iş üzrə üçüncü şəxslər X3 və X4 qeydiyyatdadırlar. 66 saylı MKİS tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, №181 saylı arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Göründüyü kimi, iddiaçıların yaşadıqları ev özbaşına tikilidir və qeyd edilən tikiyiə məxsus olduğu iddia edilən ünvandan üçüncü şəxslər qeydiyyatdadırlar. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzaibati Kollegiyasının 2-1(102)-1956/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, iddiаçılar cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı, 2-1(102)-892/2023 saylı, 11 may 2023-cü il tarixli, iddiaçılar cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı, 2-1(102)-2580/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun normalarının tələblərinə görə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət edən şəxs həmin yaşayış sahəsinə köçmək üçün əsas verən hüquq müəyyənedici sənədlərdən birini təqdim etmiş olmalıdır. Yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur. Belə bir sənəd təqdim olunmadığı təqdirdə inzibati orqan qeydiyyatın aparılmasından imtina etməkdə haqlıdır. Sadalanan 2-1(102)- 2580/2023 nömrəli işdə məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçının yaşadığı ev özbaşına inşa edilmiş olan bir tikilidir və həmin tikiliyə olan hüququ ümumiyyətlə rəsmiləşdirilməmiş və onun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış olan hər hansı bir hüququna dair hüquq müəyyənedici sənədi mövcud deyildir. Üçüncü şəxslərin də, yaşadıqları evə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmasa da, tərəflərin izahatlarından müəyyən edilir ki, üçüncü şəxslər yaşadıqları evdə iddiaçılardan əvvəl faktiki olaraq alqı-satqı edərək yaşayırlar və həmin evə məxsus ünvana pasport qeydiyyatına alınıblar. Ona görə də, iddiaçıların da, eyni ünvana qeydiyyata alınmalarını məhkəmə işin halları baxımından mümkün hesab etmir və bərabərlik prinsipinin tədbiqinə zərurət görmür. Belə ki, üçüncü şəxs məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçıların onun qeydiyyatda olan mənzilə qeydiyyata alınmalarına etiraz etdiyini bildirir. Belə olan halda evdə faktiki olaraq qeydiyyatda olan X1 və X2 iradəsinə zidd olaraq iddiaçının mübahisəli mənzilə qeydiyyata alınması onun sahiblik və istifadə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar