Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1064/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün, 1994-cü il üçün 45 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 90 gün olmaqla cəmi 296,25 gün üçün pul kompensasiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətini cavablandırmamışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün, 1994-cü il üçün 45 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 90 gün, cəmi 296,25 gün istifadə etmədiyi növbəti məzuniyyət üçün pul kompensasiyasının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş və AR Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli, 0944 nömrəli əmri ilə xəstəliyə görə hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Hərbi xidmət dövrü növbəti məzuniyyətdən istifadə etməmiş, həmçinin xəstəliyə görə ehtiyata buraxılarkən verilməli olan 3 aylıq növbəti məzuniyyət də ona verilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddianın mümkünsüz sayılmasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı komissiyaya müraciət edərək, komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. İddiaçı Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin nəzdində yaradılmış ’’hərbi xidmət dövrü istifadə edilməmiş növbəti məzuniyyət” əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə komissiyasına ərizə ilə müraciət etmiş, həmin müraciətə baxılaraq xx.xx.2021-ci il tarixli 36 nömrəli protokolla kompensasiyasının verilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialra aiddir. Hazırkı iddia pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Belə ki, işdə olan poçt göndərişi qəbzindən görünür ki, iddiaçı müvafiq ərizə ilə xx.xx.2020-ci il tarixdə cavabdehin aidiyyəti qurumuna müraciət etmişdir. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İşdən görünür ki, iddiaçı cavabdehə etdiyi müraciətdən 35 gündən artıq, 45 gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da İPM-in 39.1-ci maddəsinin tələblərinə əməl etmişdir. Buna görə də hazırkı iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün, 1994-cü il üçün 45 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 90 gün, cəmi 296,25 gün istifadə etmədiyi növbəti məzuniyyət üçün pul kompensasiyasının ödənilməsini xahiş edir. İddia tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların statusu haqqında” qanun təşkil edir. Həmin Qanunun 11-ci maddəsinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük mə'zuniyyət verilir. Mə'zuniyyətin keçirildiyi yerə gedibqayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—10 günlük məzuniyyət verilir. Həmçinin Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara növbəli məzuniyyət, qısa müddətli məzuniyyət, xəstəliyə görə məzuniyyət, tədris təlimi zaman məzuniyyət, hərbi-tədris müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət, tədris məzuniyyəti, yaradıcılıq məzuniyyəti, qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər, əlavə məzuniyyət verilir. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilməsi, ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı bir-başa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilməsi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, İddiaçı 0146 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Döyüş tapşırıqları və avtomobilləri kafedra tədris laboratoriyasında rəis vəzifəsində xidmət etmiş, xx.xx.1997-ci il tarixdə 0922 nömrəli əmrlə “HXH” Azərbaycan Repsublikası qanununun 18-ci maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası SQ-lərindən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi ilə bağlı hər hansı bir müddə nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanunu ilə həm “Hərbi qulluqçuların statusu haqqında" Qanuna, həm də "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişiklik edilmiş və aşağıdakı məzmunda yeni bir müddəa əlavə edilmişdir: "Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.". Göründüyü kimi, iddiaçının xidmət keçdiyi dövrdə nəzərdə tutulmasa da, sonradan qanunvericiliyə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi barədə müddəa daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997- ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə”Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Qanuna edilmiş bu dəyişikliyin 2010-cu ilin 12 iyun tarixinədək (yəni 2010-cu il 11 may tarixli Qanunun qüvvəyə mindiyi günədək) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunması məsələsinin müəyyən edilməsi məqsədilə 2014-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1- ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla:
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş;
2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2014-cü il tarixli 399 nömrəli Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülmüş (1-ci bənd), 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilmiş (2-ci bənd), Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, ...tövsiyə edilmişdir ki: 3.1. 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; 3.2. istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Göründüyü kimi, qanunverici hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi qaydasını müəyyən etmiş, bu zaman həmin norma qanuna daxil edilənədək xidmət edən şəxslərə münasibətdə də kompensasiyanın ödənilməsini nəzərdə tutmuş, lakin bunu müddətlə məhdudlaşdıraraq 1994-cü il fevralın 1-dən ödənilməsini təsbit etmişdir. İddiaçı ona 1992-ci il üçün 26,25 gün, 1993-cü il üçün 45 gün istifadə edilməmiş kompensasiya ödənilməsini xahiş etsə də, qanunverici kompensasiyanın müvafiq müddəa qanuna daxil edilənədək xidmət edən şəxslərə münasibətdə xx.xx.1994-cü ildən etibarən hesablanmasını müəyyən etdiyindən iddiaçının tələbi 1992 və 1993-cü illər üzrə əsaslı olmamışdır. 1994-1997-ci illərə gəldikdə işdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin: - 158 nömrəli xx.xx.1995-ci il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək qısamüddətli məzuniyyətə getmiş hesab edilmişdir. - 168 nömrəli xx.xx.1995-ci il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı xx.xx.1995-ci il tarixdən məzuniyyətdən gəlmiş sayılmışdır. - 8 nömrəli xx.xx.1996-cı il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək məzuniyyətə getmiş hesab edilmişdir. - 55 nömrəli xx.xx.1996-cı il tarixli əmrindən çıxarışdan görünür ki, kiçik leytenant İddiaçı xx.xx.1996-cı il tarixdən məzuniyyətdən gəlmiş sayılmışdır. - 22 nömrəli xx.xx.1997-ci il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı xx.xx.1997-ci ildən məzuniyyətdən gəlmiş sayılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən Bakı Ali Birləşmiş Komandirlər məktəbi rəisinin 218 nömrəli xx.xx.1997-ci il tarixli Əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı, DM və A kafedrasının tədris labaratoriyasının rəisi, işlərini və vəzifəsini təhvil vermiş, Az. Pesp. MN-nin 0944 saylı 27.09.97 il tarixli əmri ilə 18-ci maddənin “B” bəndinə əsasən (xəstəliyə görə) SQ-də həqiqi hərbi xidmətdən ehtiyata tərxis edilmiş, 11.10.97-ci il tarixindən hesablanaraq növbəti məzuniyyət verilməklə 24.11.97-ci il tarixindən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Nizami RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivdən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildən növbəti məzuniyyətdən istifadə etməmişdir. xx.xx.1995-ci il tarixli 158 nömrəli əmrə əsasən məzuniyyətə getmiş, xx.xx.1995-ci il tarixli 168 nömrəli əmrlə məzuniyyətdən qayıtmış, 13 (on üç) gün məzuniyyətdən istifadə etmişdir (getmə əmrində xx.xx.1995-ci ildən qısamüddətli məzuniyyətə getməsi qeyd edilmişdir). xx.xx.1996-cı il tarixli 2 nömrəli əmrə əsasən məzuniyyətə getmiş, xx.xx.1996-cı il tarixli 55 nömrəli əmrlə məzuniyyətdən qayıtmış, əsasən 86 (səksən altı) gün məzuniyyətdən istifadə etmişdir (1995-ci ilin hesabından, getmə əmrində 30.12.95-ci ildən növbəti məzuniyyətə getməsi qeyd edilmişdir). 1997-ci ildə məzuniyyətə getmə əmri yoxdur, xx.xx.1997-ci il tarixli 22 nömrəli əmrlə məzuniyyətdən qayıtmışdır (qayıtma əmrində xx.xx.1997-ci ildən məzuniyyətdən qayıtması qeyd edilmişdir. Növ göstərilməmişdir) Tərxis əmrində 11.10.97-ci il tarixdən hesablanaraq növbəti məzuniyyət verilməklə xx.xx.1997-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir. İş materiallarında olan Xüsusi təyinatlı təhsil müəssisələrində 1 fevral 1994-cü il tarixindən 12 iyun 2010-cu il tarixinədək hərbi xidmət keçmiş və həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular üçün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasına dair xx.xx.2021-ci il tarixli 36 nömrəli protokoldan görünür ki, iddiaçının istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayı aşağıdakı kimi göstərilmişdir: 06,05 2021-ci il tarixli 9/2-3754 nömrəli arayışa əsasən 1994-cü il üzrə - 45 gün; 1995-ci il üzrə - 0 gün; 1996-ci il üzrə - 1 gün; 1997-ci il üzrə - 0 gün, cəmi – 46 gün. Bu cədvələ uyğun olaraq cavabdeh iddiaçıya məhkəmə icraatı gedişində 1994-cü ildə istifadə etmədiyi 45 günə və 1996-cı ildə istifadə etmədiyi 1 günə görə cəmi 655,96 manat kompensasiya ödənişi etmişdir. Məhkəmə iclasında iddiaçı ona müvafiq ödəniş edilməsini qəbul etmiş, lakin cavabdeh tərəfindən bütün dövlərin kompensasiyasının ödənilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, işin sadalanan halları ilə iddiaçının 1995, 1996 və 1997-ci illər üzrə 45 günlük növbəti məzuniyyətdən istifadə etməsi tam təsdiq olunur. 1994-cü il üzrə istifadə olunmamış məzuniyyətə gəldikdə isə cavabdeh bu halı qəbul etmiş və həmin dövrə görə iddiaçıya müvafiq kompensasiya ödəmişdir. Lakin o da qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İddiaçının xəstəliyə görə ehtiyata buraxılması iş materialları ilə müəyyən edildiyindən, aydın olur ki, ona ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün məzuniyyət verilməli idi. Lakin yuxarıda istinad olunan iddiaçının ehtiyata buraxılması barədə 218 nömrəli xx.xx.1997-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçıya 11.10.97-ci il tarixindən 24.11.97-ci il tarixədək 45 günlük növbəti məzuniyyət verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 4/2398 saylı məktubdan da görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, ehtiyatda olan leytenant İddiaçı ehtiyata buraxılarkən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin 27 oktyabr 1997-ci il tarixli 218 nömrəli əmrinə əsasən 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyət verilməklə şəxsi heyətin siyahısından çıxarılmışdır. Lakin ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) gün məzuniyyət barədə heç bir məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi onun ehtiyata buraxılması ilə bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsində əsaslı olmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia qismən təmin edilsin. İddiaçı ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova