Məhkəmə qərarları › İş №2-1(112)-1064/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1064/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1064/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri pibik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi Ərazi İdarəsinə qarşı “istifadəsində olan ünvan 1, 10 saylı mənzilin mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması (özəlləşdirilməsi) və reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən, mərtəbə 1, giriş 2, 3 otaqdan ibarət yaşayış sahəsi 42.68 kv.m olan 10 saylı mənzilə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır.

3. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1, 10 saylı mənzilin mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması (özəlləşdirilməsi) və reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 iyul 2014-cü il tarixli 218 saylı Sərəncamına əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 09 iyul 2014-cü il tarixli, 16/03-852MA saylı məktubu ilə Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixində keçirilmiş AXDG QSC-nin mənzil növbəsində dayanan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan İddiaçı mənzil-uçot məsələsinə baxılmış və onun mənzillə təmin edildiyi bildirilərək qərarın təsdiq olunması xahiş edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 09 iyul 2014-cü il tarixli, 16/03-852MA saylı məktubunu və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il il tarixində keçirilmiş birgə iclasının 1 saylı protokol qərarından çıxarışı və Səbail rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının rəyini (pr 5) nəzərə alaraq: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixində keçirilmiş birgə iclasının İddiaçı aid hissədə mənzillə təmin olunduğu barədə protokol qərarından çıxarış təsdiq olunmuşdur. Bundan sonra AXDG QSC-nin balansında olan boşalmış mənzil fondundan 1981-ci il tarixdən mənzil növbəsində dayanan İddiaçı və ailə üzvlərinə ünvan 1 ünvanında yerləşən, mərtəbə 1, giriş 2, 3 otaqdan ibarət yaşayış sahəsi 42.68 kv.m olan 10 saylı mənzil ayrılmış və mənzil növbəsindən çıxarılmışlar. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2014 - cü il tarixli D-320 saylı arayışa əlavə olunmuş keçmiş 26 Bakı komissarları rayon xalq deputatları sovetinin 60/5084 saylı xx.xx.1981 saylı qərarının surətindən görünür ki, İddiaçı işlədiyi müəssisədə mənzil növbəsinə götürülmüşdür. İddiaçı tərəfindən yaşadığı mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət olunmuş, inzibati orqan tərəfindən 17 mart 2023 - cü il tarixdə 3- 21-3/2-D-00xx-xx/2023 saylı imtina məktubu verilmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 218 saylı sərəncamı xx.xx.2014-cü il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən mənzilə yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 61.8 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ . Tədqiq edilmiş sənədlər:

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. "xxxx" QSC-nin rəhbərliyinin və Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixində keçirilmiş birgə iclasının 1 №li protokolundan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 10 №li 3 otaqlı mənzil İddiaçı verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mənzil uçotunda dayanan işçilərinin mənzil məsələləri haqqında" xx.xx.2014cü il tarixli, 218 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin rəhbərliyi ilə Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixində keçirilmiş birgə iclasının "aşağıda adı qeyd edilən İddiaçı mənzillə təmin olunduğu barədə (pr № 1)" protokol qərarından çıxarışın təsdiq edilməsi, "xxxx" QSC-nin balansında olan boşalmış mənzil fondundan 1981-ci ildən mənzil növbəsində dayanan İddiaçı 5 nəfər ailə üzvü ilə (özü - 1958-ci il təvəllüdlü İddiaçı, arvadı - 1957-ci il təvəllüdlü X5, qızı - 1985-ci il təvəllüdlü X3, oğlu - 1986-cı il təvəllüdlü X12 və nəvəsi - 2010-cu il təvəllüdlü 1986-cı il təvəllüdlü X1) ünvan 2 ünvanda yerləşən, mərtəbə 1, giriş 2, 3 otaqdan ibarət, yaşayış sahəsi 42.68 kv.m olan, 10 saylı nmənzilin ayrılması və mənzil növbəsindən çıxarılması nəzərə alınmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 15 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsindəki 4 nömrəli 3 mərtəbəli evin 1-ci mərtəbəsində 42.68 kv.m sahəsi olan 3 otaqlı 10 nömrəli mənzildə yaşayır. Mənzil kommunal şəraitlidir. Bina 3 saylı XTMKTB-yə məxsusdur. Mənzilin icarədarı İddiaçıdur. Onun ailəsi 3 nəfərdən ibarətdir, onlardan 1958-ci il təvəllüdlü İddiaçı (iddiaçı-özü), 1957-ci il təvəllüdlü X5 (iddiaçının arvadı) və 1986-cı il təvəllüdlü X12 (iddiaçının oğlu) mübahisəli mənzildə daimi qeydiyyatdadırlar. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 5-19/2-13/6-D-11- 091 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1981-ci ildən "xxxx" QSC-də (keçmiş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində) mənzil növbəsində dayandığı və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq, "xxxx" QSC-nin rəhbərliyi ilə Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin birgə iclasının Protokol qərarına əsasən ona, 5 nəfər ailə tərkibində Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsi, 4 saylı evin, 10 saylı mənzili verilmiş və mənzil növbəsindən çıxarılmışdır. "xxxx" QSC-nin müvafiq məktubu ilə verilmiş Protokol qərarın təsdiq olunması Səbail Rayon İcra Hakimiyyətindən xahiş edilmiş və Səbail RİH-in xx.xx.2014-cü il tarixli, 218 saylı Sərəncamı ilə təsdiq edilmişdir. "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"na əsasən İddiaçı, yaşayış yeri üzrə deyil, iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür və işlədiyi idarə tərəfindən mənzillə təmin olunmuşdur. X2 və X9 notarial qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Məhkəmənin müvafiq sorğusuna əsasən, "xxxx" QSC-nin 13-3/2-D-419/xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin rəhbərliyi ilə Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixli birgə iclasının 1 saylı protokoluna və SƏbail RİHB Mənzil məsələləri üzarə ictimai komissiyasının 5 saylı protokuna uyğun olaraq Səbail RİHB-nın 218 saylı xx.xx.2014-cü il tarixli sərəncamına əsasən, İddiaçı ünvan 2 ünvanında 10 saylı mənzil ayrılmış və o mənzil növbəsində çıxarılmışdır. Qeyd olunan mənzilin İddiaçı mülkiyyətinə verilməsinə ASCO tərəfindən etiraz edilmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küçəsi, 4 saylı evin, 10 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 218 saylı sərəncamı xx.xx.2014-cü il tarixdə verilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

12. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir. - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi - mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

17. Hazırkı iş üzrə cavabdeh öz imtina əsasını, etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 218 nömrəli sərəncamı xx.xx.2014-cü il tarixdə verilmiş, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermir.

18. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır.

19. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: - 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. - 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. - 37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir - 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir

20. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

21. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, "xxxx" QSC-də işləmiş İddiaçı xx.xx.1981-ci ildə mənzil uçotuna götürülmüşdür. Həmin vaxtdan 2014-ci ilədək İddiaçı iş yerindən mənzillə təmin edilməmişdir. "xxxx" QSCnin rəhbərliyinin və Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixində keçirilmiş birgə iclasının 1 nömrəli Protokolu ilə İddiaçı ünvan 2 ünvanında yerləşən 10 №li 3 otaqlı mənzillə təmin olunması qərara alınmış və o mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 218 nömrəli sərəncamı ilə qeyd edilən qərar ("xxxx" QSC-nin rəhbərliyinin və Azərbaycan Dəniz Nəqliyyatı X8 Respublika Komitəsinin xx.xx.2014-cü il tarixində keçirilmiş birgə iclasının 1 nömrəli Protokol) təsdiq olunmuşdur.

22. Göründüyü kimi iddiaçı 1981-ci il tarixdən ailə tərkibi ilə işlədiyi müəssisədə mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil iddiaçının istifadəsinə 33 ildən sonra, yəni 2014-ci ildə verilmişdir. İddiaçıya mənzil işlədiyi müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş, o, iş yeri üzrə mənzil uçotundan çıxarılmış və yalnız bundan sonra ona təhvil verilmiş mənzil Səbail RİH-nin xx.xx.2014-cü tarixli 218 nömrəli sərəncamı ilə onun adına rəsmiləşdirilmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2014-cü ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq icra hakimiyyəti orqanının xx.xx.2014-cü il tarixli 218 nömrəli sərəncamını, eləcə də mənzil üzrə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşməsinə dair razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

26. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, ünvan 1, 10 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

28. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 1, 10 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar