Məhkəmə qərarları › İş №2-1(112)-10644/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10644/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10644/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 25 avqust 2006-cı il tarixli, 617 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmiş Binəqədi rayonu, Novxanı bağ massivində 1000 kv.m torpaq sahəsindən istifadə hüququna naməlum şəxslər tərəfindən törədilən maneələrin aradan qaldırılması öhdəliyinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında 25 avqust 2006-cı il tarixində “torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında” 617 saylı müqavilə bağlanılmışdır. Müqavilə üzrə Binəqədi rayonu, Novxanı bağ massivində bağ kimi 1000 kv.m torpaq sahəsi 25 avqust 2006-cı ildən 25 avqust 2055-ci ilə kimi iddiaçının istifadəsinə verilmişdir. Müqavilə üzrə hər bir il üçün 120 (yüz iyirmi) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərini vaxtında və dəqiq yerinə yetirmişdir. Torpaq sahəsi bələdiyyə ilə bağlanan müqavilə üzrə iddiaçının istifadəsinə verilsə də həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Dəfələrlə həmin əraziyə gedib iş görmək istəsə də orada başqa şəxslərin işlədiyini görmüşdür. Orada işləyən fəhlələr bu torpaq sahəsinin başqasına məxsus olduğunu bildirmişlər. Bu günə qədər də torpaq sahəsində kimin tikinti işləri apardığını bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, BRB/d-351 nömrəli məktubu ilə təqdim edilmiş “İcarəyəverən” adından çıxış edən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında bağlanmış “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 617 nömrəli müqaviləyə əsasən İcarəyəverən mülkiyyətindəki torpaq sahəsini, bundan belə «Bağ» deyiləcək Binəqədi rayonu, Novxanı bağ massivində bağ kimi, 1000 kv.m ölçüdə sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırmaq məqsədilə İcarəçiyə təklif edir. İcarəçi yuxarıda sadalanan işləri öz vəsaiti hesabına görməklə Bağı qəbul edir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən bu müqavilə «25» avqust 2006-cı ildən «25» avqust 2055-ci il müddətə bağlanır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-05152-2022 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 2006-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Digər tərəfdən bildirilir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, d/617 saylı müqavilə və ona əsas olmuş sənədlər Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, 09/3-145 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli sorğunuz Bələdiyyələrlə iş mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bildirilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və müvafiq qurumları yalnız bələdiyyələr tərəfindən təqdim olunan bələdiyyə aktlarının qanunauyğunluğuna nəzarət edirlər. Qanunvericilikdə bələdiyyə aktlarının vətəndaşların adlarına görə qeydiyyatının aparılması nəzərdə tutulmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İş materiallarından və iddia tələbindən görünür ki, iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında 25 avqust 2006-cı il tarixli “torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında” 617 saylı müqavilə bağlanılmış, müqavilə üzrə Binəqədi rayonu, Novxanı bağ massivində bağ kimi 1000 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı müqavilə ilə istifadəsinə verilmiş həmin torpaq sahəsindən istifadə edə bilmədiyini, ona məlum olmayan şəxslər tərəfindən həmin torpaqdan istifadəyə mane yaradıldığını əsas gətirərək hazırkı iddia üzrə torpaq sahəsindən istifadə hüququna naməlum şəxslər tərəfindən törədilən maneələrin aradan qaldırılması öhdəliyinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsindən istifadəsinə dairəsi məlum olmayan şəxslər tərəfindən mane yaradıldığını qeyd etməklə tələbində bu manənin aradan qaldırılması vəzifəsinin cavabdeh qismində bələdiyyənin üzərinə qoyulmasını mübahisələndirmiş, lakin iddia etdiyi torpaqdan istifadəyə maneənin məhz bələdiyyə tərəfindən edildiyini və maneənin inzibati orqanın publik hüquq fəaliyyəti ilə əlaqəli olduğunu təsdiq edən ilkin sübutları məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, iddia tələbi qeyri-müəyyən şəxslərə yönəlməklə iddia olunan mane hərəkətlərinin cavabdeh inzibati orqanın bilavasitə hərəkət və ya hərəkətsizliyi ilə hüquqi və faktiki bağlılığı müəyyən olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, bələdiyyə orqanı tərəfindən torpaqdan istifadəyə maneənin törədilməsi güman edilsə belə bu hal hazırkı iddianın inzibati məhkəmə icraatında baxılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının: -2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. -3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. -4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. -5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -5.2-ci bəndinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. -6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə sadalanan normalara və Plenum Qərarındakı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, bələdiyyələrin torpaq sahələrinin fiziki və hüquqi şəxslərin istifadə, icarə və ya mülkiyyətinə ayrılması barədə qərarları inzibati akt hesab olunmaqla inzibati məhkəmə icraatının predmeti kimi çıxış edir. Bələdiyyənin fiziki və ya hüquqi şəxslərlə bağladığı müqavilə isə öz hüquqi təbiətinə görə inzibati akt hesab olunmur və bu cür müqavilələr mülki hüquqi akt olmaqla həmin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməmə əsasları mülki hüquq qanunvericiliyi əsasında mülki məhkəmə icraatında mübahisələndirilməklə qiymətləndirilə bilir. Hazırkı iş üzrə də müəyyən olunur ki, iddiaçının bələdiyyə ilə arasında olan icarə müqaviləsinin bağlanması üçün əsas olan inzibati akt - bələdiyyə qərarı mövcud deyildir. Belə ki, nə mübahisələndirilən icarə müqaviləsinin özündə torpaq sahəsinin bələdiyyə qərarına əsasən ayrılmasına istinad edilmiş, nə də məhkəmənin sorğuları əsasında həmin müqavilənin bağlanmasına əsas olmuş bələdiyyə qərarı arxivdə aşkar olunmamışdır. Beləliklə, iddiçının istinad etdiyi hüquqmüəyyənedici sənədi olan “torpaq sahəsinin icarəyə verilməsi” barədə müqavilə hər hansı inzibati akt əsasında bağlanılmadığından və müqavilə özlüyündə mülki hüquqi akt olduğundan həmin müqaviləyə əsasən torpaq sahəsindən istifadə ilə əlaqədar yaranmış mübahisə də inzibati mübahisə hesab edilə bilməz. Bu əsasdan hazırkı iddia predmet baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olan iddia deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, inzibati hüquq fəaliyyəti sahəsində hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar