Məhkəmə qərarları › İş №2-1(112)-10652/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10652/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10652/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “mənzil növbəlilliyinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 nəfər ailə üzvü ilə birlikdə (özü, oğlu, üç nəvəsi və gəlini) mənzil növbəsinə götürülməyi ilə əlaqədar Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 68 nömrəli sərəncamında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən “ODyüksək dərəcə miopiya. OS-mürəkkəb miopik astiqmatizm. OU-tor qişanın distrofıyası” diaqnozu ilə müddətsiz ikinci dərəcəli gözdən əlildir.. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvüdür.Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 68 nömrəli “Vət.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” sərəncamına əsasən gözdən əlil kimi mənzil növbəsinə götürülmüşdür. Həmin sərəncamda göstərilir ki: “Vət.İddiaçı ailə tərkibi 7 nəfər olmaqla (özü, qızı, oğlu, gəlini, 3 nəvəsi) Y.V.Çəmənzəminli küçəsindəki 123a JNs-İi evin, yaşayış sahəsi 43,62 kv.m olan 3 otaqlı 47 №-li mənzilində 1969-cu ildən daimi qeydiyyatda olmaqla yaşayır. Qeyd olunanlara əsasən qərara alıram: Vət. İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, qızı) yaşayış yeri üzrə İİ qrup gözdən əlil kimi mənzil növbəsinə götürülsün və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilsin”. İddiaçı dəfələrlə Cavabdehə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 6 nəfər ailə üzvləri ilə mənzil növbəsinə götürülməsini və bu barədə Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 68 nömrəli sərəncamında müvafiq dəyişiklik etməyi xahiş etmişdir. Lakin müraciətə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək, göstərilmişdir ki, hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492 S nömrəli Sərəncamının tələbləri qaydasında mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş gözdən əlil şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilir. İddiaçı Cavabdehin cavabını və 6 nəfər ailə üzvləri ilə mənzil növbəsinə götürülməyi ilə əlaqədar Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 68 nömrəli sərəncamında müvafiq dəyişiklik etməkdən imtina etməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdiam olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, İddiaçı məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 29.01.202-ci il tarixli AZ-İİ 058137 nömrəli Ölüm haqqında X1 26.01.202-ci il tarixdə vəfat etdiyi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 222 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, X4 məxsus AZE seriyalı 17136322 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X6 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 08.8.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1994-c ü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik –gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1483/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubu ilə göndərilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: -İddiaçı Cavabdehə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, ona 2 nəfər ailə təkibi (özü, qızı) mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamından görünür ki, İİ qrup gözdən əlil vətəndaş İddiaçı Cavabdehə ərizə ilə müraciət edərək, 2 nəfər ailə tərkibi ilə (özü, qızı) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Vətəndaş İddiaçı ailə tərkibi 7 nəfər olmaqla (özü, qızı, oğlu, gəlini, 3 nəvəsi) Y.V.Çəmənzəminli küçəsindəki 123 a nömrəli evin, yaşayış sahəsi 43,62 kv.m. olan 3 otaqlı 47 №-li mənzilində 1969-cu ildən daimi qeydiyyatda olmaqla yaşayır. Qeyd olunanlara istinad edərək qərara alınmışdır ki, vətəndaş İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, qızı) yaşayış yeri üzrə İİ qrup gözdən əlil kimi mənzil növbəsinə götürülsün və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 123a, mənzil 47 ünvanında yerləşən **********66-05101-093002 reyestr nömrəli daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 123a, mənzil 47 ünvanı xx.xx.19666-cı il təvəllüdlü X3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh AR Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-14/2-İ-32-068/24 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən ünvanlanan mənzil məsələsinə dair ərizəyə baxılmışdır və bildirilir ki, hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492 S nömrəli Sərəncamının tələbləri qaydasında mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş gözdən əlil şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.1994-cü il tarixindən ümumi xəstəlik –gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz ikinci dərəcəli əlildir. İddiaçı 2 nəfər ailə təkibi özü və qızı olmaqla mənzil növbəsinə götürülməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə (özü, qızı) yaşayış yeri üzrə İİ qrup gözdən əlil kimi mənzil növbəsinə götürülmüşdür. Hazırkı halda iddiaçı həmin ünvanda qeydiyyatda olan digər oğlan övladı X3 və sonuncunun ailə üzvlərinin mənzil uçot işinə əlavə edilməsini mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Hazırkı iş üzrə iddiaçının mənzil uçot siyahısına daxil edilməsinin hüquqi əsası onun ikinci dərəcə müddətsiz əlil olması əsası ilə bilavasitə bağlıdır. İddiaçı oğlu və ailə üzvləri ilə birgə yaşadığını əsas gətirərək 6 nəfər ailə üzvü ilə birlikdə uçota alınmaqla sərəncama əlavə edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir. Sadalanan normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar əvvəla onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Şəxsin yaşayış sahəsi olduğu halda isə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Hazırkı işin yuxarıda sadalanan hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 123a, mənzil 47 ünvanında mənzil ilkin olaraq iddiaçı yerli icra hakimiyyətində uçota alındıqdan sonra xx.xx.2022-ci il tarixdə adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, daha sonra həmin mənzil X3 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. Belə olan halda, hazırkı iş üzrə X6 və sonuncunun ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülməsi üçün tələb olunan yaşayış sahəsinin olmaması barədə meyar ödənilmir. Bundan əlavə, iddiaçı İİ dərəcə əlil olmaqla mənzil növbəliyinə götürülmüş və 1 nəfər əlil üçün Sosial Xidmətlər Agentliyi tərəfindən təqdim edilən 1 otaqlı mənzillərin ümumi ölçüsü iddiaçı ilə birgə yaşayayacaq digər 1 nəfər şəxsin (və ya ailə üzvünün) kifayət etməsi də nəzərə alınmaqla adambaşına norma ölçülərinə uyğun olacaqdır ki, bu halda belə iddiaçının əlavə olaraq digər şəxslərin növbəlilik siyahısına daxil edilməsini tələb etməsinə də zərurət qalmır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehə qarşı “mənzil növbəlilliyinə götürülmə tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar