Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10653/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Tara-təmir müəssisəsində müxtəlif peşələrdə çalışmışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1983cü il tarixdən xx.xx.1992-ci il tarixədək Dövlət Yanacaq Komitəsində müftəlif peşələrdə çalışmış, xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" İdarəsində müxtəlif peşələrdə çalışmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək "xxxx" ASC-də çalışmışdır. Əmək fəaliyyətinə başladığı xx.xx.1977-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 30 il əmək stajı vardır. İşlədiyi bütün iş yerləri və hansı peşələrdə çalışdığı dəqiqliyi ilə əmək kitabçamda qeyd olunmuşdur. Yaşa görə əmək pensiyası almaq üçün tərəfindən Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 5 saylı Bakı Dost Mərkəzinə müraciət olunmuşdur. Lakin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-11-64732/2025 saylı məktubla iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, adıçəkilən inzibati orqanın imtinası əsassızdır və formal xarakter daşıyır. Qeyd etdiyi kimi iddiaçının xx.xx.2007-ci il tarixədək 30 il əmək stajı var və mövcud əmək stajı ona pensiya almaq hüququ verir. Lakin inzibati orqan müxtəlif bəhanələrlə onu pensiya almaq hüququndan məhrum etməyə çalışır. Arxiv məlumatlarında xx.xx.1992-ci il tarixindan xx.xx.2007-ci il tarixinədək ’’Azərağackağız" ATSC-də işləməsilə bağlı məlumatın tapılmaması iddiaçının günahı deyil. Əmək kitabçasında həmin müddətdə həmin ATSC-də işləməsilə bağlı qeydlər var. İnzibati orqan tərəfindən ona pensiya təyin olunması imtina olunduğundan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı R.X1 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, cəmi sığorta stajı 14 il 1 ay 19 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 9 gün sığorta stajına uyğun olaraq 14132,25 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 119,40 manat olmaqla, ümumilikdə 14251,65 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ xx.xx.2025-ci il tarixindən qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildirilir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək "xxxx" ATSC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən "xxxx" ATSC fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından İddiaçı həmin müəssisədə əməkhaqqı alıb-almamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il tarixli qeyd SSRİ dövrünə aid möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı öz əksini tapmadığından Nazirliyin tabeliyində DSMF-nin müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" ATSC-nin (VÖEN: **********) 2006-cı il üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim olunmamış, həmçinin 2007-ci il üzrə sığortaedənin məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. Bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda imtina cavabı verilmişdir. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1978-ci il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci il tarixədək Bakı Tara-təmir müəssisəsində müxtəlif peşələrdə işləmiş, xx.xx.1980-ci ildə hərbi xidmətə göndərildiyinə görə işdən azad edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixədək Dövlət Yanacaq Komitəsində müxtəlif peşələrdə, xx.xx.1992-ci ildən xx.xx.2007ci il tarixədək "xxxx" İdarəsində müxtəlif peşələrdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC-də mövsümi işçi olaraq ikinci dərəcəli əməliyyatçı işləmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ləğv olunmuş Material Ehtiyatları Nazirliyinin (sonrakı adı “Azərkontrakt ASC”) "xxxx" İdarəsinin arxiv sənədləri mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 589 nömrəli sərəncamı ilə “Azərkontrakt” Səhmdar Cəmiyyətinin "xxxx" İdarəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2012-ci tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı xx.xx.2025-ci il tarixdən (65 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (40320 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia tələbi ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 14 il, 09 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması (xx.xx.1995-ci il tarixli qeyd SSRİ dövrünə aid möhürlə təsdiqlənməsi), müəssisənin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması, eləcə də xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının öz əksini tapmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinasının qanunazidd olduğunu hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2024 - 30 iyun 2025-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və pensiya təyinatı üçün qanunla tələb olunan pensiya kapitalını toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının xx.xx.2025-ci il tarixdə (xx.xx.1960-cı il təvəllüdlü olduğundan) qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı pensiya hüququnun yarandığı tarixə tələb olunan 25 ildən də artıq (27 il 11 ay 1 gün) ümumi iş stajını toplamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli dövrdə işlədiyi müəssisənin varlığı ilə bağlı mübahisə açmamışdır. Məhkəmə araşdırması zamanı da, iddiaçının işlədiyi "xxxx" ATSC-nin mövcudluğu təsdiqini tapmışdır. İddiaçının mübahisəli xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə bildirir ki, müəssisənin mübahisəli dövrə aid arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Belə ki, müəssisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilməmişdir, ona görə də bu hal onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı). O da nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli əmək fəaliyyətinin (xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək) bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə isə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu səbəbdən, məhkəmə iddiaçının "xxxx" ATSC-dəki xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək əmək fəaliyyəti dövrünün onun stajına daxil edilməsinə mane olan hal müəyyən etmir. Belə olan halda iddiaçının qanunla tələb olunan 25 il iş stajı tamamlanır və onun həmin müəssisədə xx.xx.2006-cı ildən sonrakı fəaliyyət dövrünün staja daxil edilməsinə zərurət qalmır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə yalnız əmək kitabçasının nömrəsi ilə fərqli nömrəli titul vərəqinin əlavə edilməsi halına istinad etmiş, bununla bağlı inzibati icraat çərçivəsində həmin titul vərəqində aparılmış qeydlərin mötəbərliyinin yoxlanılması ilə bağlı araşdırma aparmamış, formal olaraq əsaslandırma aparılmışdır.” Odur ki, iddiaçının əmək kitabçasında xx.xx.1995-ci il tarixli qeydin SSRİ dövrünə aid möhürlə təsdiqlənməsi və ya digər oxşar hallar, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsassız hesab olunur. Beləliklə, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1992-xx.xx.2006cı illər üzrə nəzərə alınmayan 13 il, 10 ay, 23 gün və cavabdeh tərəfindən mübahisələndirilməyən 14 il 09 gün sosial sığorta stajına daxil edildikdə iddiaçıya qanunla tələb olunan 25 ildən artıq sığorta stajı yığmağa kifayət edir (14 il 09 gün + 13 il 10 ay 23 gün= 27 il 11 ay 01 gün). Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov