Məhkəmə qərarları › İş №2-1(112)-10655/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10655/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10655/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “inzibati xətalara dair protokolun iddiaçının adına tərtib edilməsinin qadağan edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək **-FV-*** dövlət qeydiyyat nişanlı, VAZ2107 markalı, buraxılış ili 1984 olan minik avtomobili ilə törədilən inzibati xətalara dair protokolların onun adına tərtib edilməsinin Baş X4 İdarəsinə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə 10FV724 dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı nəqliyyat vasitəsi (NV) iddiaçı tərəfindən baş etibarnamə əsasında satılmışdır. O tarixdən bəri həmin NV-ni iddiaçı nə görmüş, nə də idarə etmişdir. NV-ni iddiaçıdan satın alan şəxs sonradan onu X1. Daha sonra həmin etibarnamə qüvvədən düşmüşdür, aradan uzun illər keçdikdən sonra NV ilə törədilən inzibati xətalara dair cərimələr iddiaçının adına yazılmağa başlanmışdır. Halbuki hələ xx.xx.2022 tarixdə iddiaçı tərəfindən rəsmi olaraq cavabdehə ərizə göndərilmiş, cərimələrin əsassız olaraq onun adına yazıldığı, iddiaçının NV-ni idarə edən şəxsi tapa bilmədiyi bildirilmiş və NVnin axtarışa verilərək idarə edən şəxsin tapılması xahiş edilmişdir. Ardınca cavabdeh tərəfindən İddiaçıya 3 cavab məktubu göndərilmiş, bu məktublarla NV-nin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunduğu və bu istiqamətdə axtarış aparıldığı bildirilsə də, qeyd edilənlər heç bir nəticə verməmişdir. Hazırda NV-ni idarə edən şəxs kobud qayda pozuntularına yol verməyə davam etməkdədir. Belə ki, ona əsassız olaraq yazılan son cərimə protokollarına əsasən, xx.xx.2025 (Gəncə ş, Nizami pr-də törədilib), xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 tarixli olmaqla ümumilikdə 241 manat məbləğində cərimə tətbiq edilmişdir və dəbbə pulu hesablanmaqdadır. Yaxın vaxtlarda sürücülük hüququnun məhdudlaşdırılması gözlənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-cı il tarixli qüvvədən düşmüş etibarnəmədən görünür ki, mülkiyyətçi İddiaçı mülkiyyətində olan VAZ2107 minik markalı **-FV-*** qeydiyyat nişanlı, 1984-cü il buraxılışlı, XTA210700F0072763 Ban nömrəli nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər üzrə səlahiyyətləri etibar edilən X2 vermişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2017-ci il tarixə qüvvədən düşmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(010)-2317/2025 nömrəli Qərarına əsasən İddiaçı şikayəti təmin edilmiş, İddiaçı tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın(vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(010)-2217/2025 nömrəli Qərarına əsasən şikayət qismən təmin edilmiş, DİN BDYPİ-nin vəzifəli şəxsinin İddiaçı 45 manat miqdarında cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli EQ seriyalı 28212946 nömrəli elektron qərarı ləğv edilmiş və hazırki qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli 016-99835/5M-4221 nömrəli məktubunda göstərilmişdir ki, “VAZ2107” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qəbul olunmuş qərar barədə xx.xx.2021-ci il tarixli 016-99835M-4221 nömrəli məktubla rəsmi cavab verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-32114M-4222 nömrəli məktubunda göstərilmişdir ki, ilkin müraciətinizin araşdırılmasının nəticəsi olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qəbul olunmuş qərar barədə xx.xx.2021-ci il tarixli, 016-99835/5İVM221 nömrəli məktubla Sizə rəsmi cavab verilmişdir. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığınız məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli 016-99835/5M-4221 nömrəli məktubunda göstərilmişdir ki, qeyd edilən nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığınız məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-16/2-M-67360 nömrəli məktubunda bildirilmişdir ki, qaldırdığınız məsələnin həlli üçün həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı **-FV-*** dövlət qeydiyyat nişanlı, VAZ2107 markalı, buraxılış ili 1984 olan minik avtomobilinin mülkiyyətçisi olmaqla hazırda istifadəsində olmayan, sonuncu dəfə etibarnamə əsasında idarə edilməsinə icazə vediyi və etibarlılıq müddəti bitmiş adı çəkilən nəqliyyat vasitəsi ilə törədilən inzibati xətalara dair protokolların cavabdeh inzibati orqan tərəfindən onun adına tərtib edilməsindən çəkinməni inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının digər şəxslə bağlanılmış etibarnamənin müddəti bitdiyindən, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun digər şəxslə ötürülməsi ilə bağlı sübut təqdim edilmədiyindən hazırki halda həmin nəqliyyat vasitəsi üzərində hüquqların İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının tələbi və hüquqi marağı inzibati xətalar ilə bağlı olmaqla **-FV-*** dövlət qeydiyyat nişanlı, VAZ2107 markalı, buraxılış ili 1984 olan minik avtomobili ilə törədilən inzibati xətalara dair protokolların onun adına tərtib edilməməsi ilə bağlı olmaqla cavabdeh qismində qoyulmuş orqanın inzibati icraat fəaliyyəti ilə bağlı deyildir. İddiaçının hüquqi marağı faktiki sahiblik və istifadəsində olmadığı halda mülkiyyətində olan nəqliyyat vasitəsilə törədilmiş hüquq pozuntusuna görə ona tətbiq edilən qərarı mübahsiələndirməklə əhatə olunur ki, qeyd edilən İXM-lə tənzimlənən inzibati xəta qərarları üzrə mübahisə inzibati mübahisə sayılmır və inzibati məhkəmə icraatının yoxlama predmetinə aid deyildir. Hazırkı halda cavabdeh orqanın inzibati orqan olmasına baxmayaraq, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyi müəyyən olunmadığından, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbi mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar