Məhkəmə qərarları › İş №2-1(112)-10657/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10657/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10657/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “müsahibə nəticələrinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vəkillər Kollegiyasında xx.xx.2024-cü il tarixdə iştirakı ilə keçirilmiş şifahi müsahibə qaydalarının pozulmuş hesab edilməsinə, bu səbəbdən ləğv edilməsinə və təkrar müsahibədə iştirakının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı vəkilliyə qəbulla bağlı test imtahanını keçəndən sonra xx.xx.2024-cü il tarixdə Vəkillər Kollegiyasında şifahi müsahibə mərhələsində iştirak etmişdir. O, komissiya üzvlərinin suallarını cavablandırmışdır. Lakin, onu növbəti 7-ci dəfə üzvlüyə qəbul etməmişlər. O, cavabdehə müraciət edib bunun səbəbini bilmək istəmiş, eyni zamanda protokolla tanış olmaq və aparılmış videogörüntüyə baxmaq istədiyini bildirmişdir. Həmçinin, müsahibə zamanı qaydaların pozulduğunu bildirib ləğv olunmasını və yenidən müsahibədə iştirakını xahiş etmişdir. Ona imtina edilmiş və qiymətləndirmə cədvəlindən çıxarış təqdim olunmuşdur. O, həmin çıxarışı və cavabı xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə almışdır. Cədvəldə 9 nəfər komissiya üzvünün iştirak etdiyi yazılmış, onlar iddiaçının bilik səviyyəsini məqbul hesab etmiş, lakin hüquqi nəticə çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü qeyriməqbul hesab etmişlər. Cəmi nəticə 10 məqbul, 17 qeyri-məqbul yazılmışdır. Şifahi müsahibə mərhələsi zamanı "Vəkillər və vəkillik haqqında'' qanunun 13-cü maddəsinin tələbləri, müsahibə qaydaları pozulmuşdur. Belə ki, müsahibə zamanı komissiya üzvlərindən 7 nəfəri zalda faktiki iştirak etmiş, 2 nəfəri isə videgörüntü vasitəsi ilə müsahibə prosesinə qoşulmuşdur. Müsahibə zamanı həmin 2 nəfər komissiya üzvü iddiaçıya suallar verməmişlər. Müsahibə zamanı videogörüntünün keyfiyyəti zəifləmiş, bir neçə dəfə həmin 2 nəfər komissiya üzvünün görüntüsü donub qalmış, sonra görüntülər bərpa olunmuş, müsahibə mərhələsinin yarısından sonra isə görüntülər tamamilə donub qalmış və müsahibə prosesinin sonunadək bərpa olunmamışdır. O, bu barədə komissiya sədrinə bildirmişdir. Komissiya sədri həmin 2 nəfər şəxsin onları görməsə də, eşitdiyini söyləmişdir. Növbəti dəqiqələrdə məlum oldu ki, həmin 2 nəfər komissiya üzvü nə onları görür, nədə ki eşidir. Müsahibə prosesinin sonunadək həmin şəxslərin səsi çıxmamış və görünməmişlər. Bu 2 nəfər komissiya üzvünün faktiki olaraq müsahibə prosesində iştirakı təmin olunmamışdır. Belə olan halda onların iddiaçını necə qiymətləndirmələri başadüşülən deyildir. Digər tərəfdən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda ixtisas komissiyası üzvlərinin videomüşahidə vasitələri ilə müsahibə prosesinə qoşulmaları nəzərdə tutulmamışdır. Üzvlərin videomüşahidə vasitələri ilə müsahibəyə qoşulmaları Vəkillər Kollegiyasının müvafiq qaydasında nəzərdə tutulmuşdur ki, bu da qeyd olunan qanunun tələbləri ilə üst-üstə düşmür. Beləliklə də, şifahi müsahibə zamanı ixtisas imtahanı qaydaları pozulmuşdur. İddiaçını qiymətləndirən 2 nəfər komissiya üzvü müsahibə zamanı müsahibə aparılan zalda iştirak etməmişlər. Bu səbəbdən verilmiş qərar ləğv olunmalı və iddiaçının yenidən müsahibə mərhələsində iştirakı təmin olunmalıdır. Belə ki, o, 2008-ci ildən, yəni 15 ildir ki, vəkillər kollegiyasına sənəd verir. Bu müddət ərzində 8 dəfə testdə iştirak etmiş və 7 dəfə kifayət qədər çətin olan testləri keçmişdir. 7 dəfə şifahi müsahibədən yalançı bəhanələrlə kəsilmişdir. İddiaçı həmişə hüquq sahəsində işləmişdir. O, 2008-ci ildən müstəqil olaraq öz hüquq ofisini açmış və orada hüquqi xidmət göstərməklə məşğuldur. Onun hüquq sahəsi üzrə kifayət qədər təcrübəsi vardır. 2018-ci ildə nümayəndəlik fəaliyyəti ləğv olunandan sonra məhkəmə işlərinə çıxa bilmir. İddiaçının fəaliyyəti faktiki olaraq dayandırılmış və o, işsiz qalmışdır. Onun qazancı azalmış və maddi problemlərlə üzləşmişdir. Hüquqşünas olaraq peşəsi üzrə işləyə bilmir və əmək hüquqları pozulmuşdur. O, məhkəmələrə çıxmaq, istintaq və təhqiqatda iştirak etmək, Ali və Konstitusiya icraatlarında çıxış etmək və ixtisası üzrə tam fəaliyyət göstərmək istəyir. O, əziyyətlə oxuyub təhsil almış, ən çətin işlərdə işləyib təcrübə qazanmış, zəhməti ilə müştəri bazası toplamışdır. Lakin, 15 ildir ki, ona peşəsi üzrə işləməyə icazə verilmir. O, Azərbaycan Respublikasının müharibə veteranıdır. 1993-1997-ci illərdə, 4 il döyüşən orduda müddətli həqiqi hərbi xidmətdə olmuş və döyüşlərdə iştirak etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, həmçinin bildirdi ki, qanunvericiliyin tələbinə görə komissiya 11 üzvdən ibarətdir. İmtahanın çəildiyi videodiskdən görünür ki, fiziki olaraq zalda 7 nəfər üzv olmuş, 2 nəfər isə zoom vasitəsi ilə qoşulmuşdur. Bir nəfər kameradan görünür. Bir nəfərin isə kamerası bağlı olsa da faktiki olaraq imtahana qoşulmuşdur. Nəzərə alsaq ki, İxtisas Komissiyası üzvlərinin üçdə iki hissəsi iştirak etdiyi halda səlahiyyətlidir, zalda 7 nəfərin iştirakı kifayətdir. Göründüyü kimi iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 853 nömrəli imtina məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsi, şəffaflıq prinsipləri rəhbər tutularaq, Vəkillərin İxtisas Komissiyası tərəfindən təşkil olunur. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı imtahanların keçirilməsi Qaydalarına əsasən, Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən namizədlərin bilik səviyyəsini müəyyən edən suallar verilməklə, qiymətləndirmə cədvəlində “məqbul" və ya “qeyri-məqbul” kimi qiymətləndirmə aparılır və bu barədə protokolda müvafiq qeydlər edilir. Şifahi müsahibədə İxtisas Komissiyası tərəfindən cavabları “məqbul" qiymətləndirilmiş namizədlə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy verilir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı xx.xx.2024-cü il tarixdə keçirilmiş ixtisas imtahanının şifahi müsahibə mərhələsində suallara verdiyiniz cavablar “qeyri-məqbul" qiymətləndirildiyi üçün, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5ci hissəsinə əsasən, İxtisas Komissiyası tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəy verilməmiş və növbəti mərhələyə buraxılmamısınız”. Müsahibənin videogörüntülərini əks etdirən disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 29 aprel 2024-cü il tarixli 7 saylı iclas protokolundan çıxarışa əsasən Vəkillərin İxtisas Komissiyası xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş İddiaçı cavabları “qeyri-məqbul” qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın Qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, namizəd İddiaçı verilmiş sualların məzmunu: 1. Cinayət işi üzrə materialların məhkəmə hazırlıq iclasından geri qaytarılması; 2. İnzibati prosesdə apellyasiya icraatı; 3. Əməyin mühafizəsi və məsuliyyət; 4. Dövlət sərhədlərinin delimitasiya və demarkasiyası olmuşdur. Nəticə: məqbul 10; qeyri-məqbul 17 göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində keçirilmiş şifahi müsahibə qaydalarının pozulmuş hesab edilməsinə, bu səbəbdən ləğv edilməsinə və təkrar müsahibədə iştirakının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər (8.İ). Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. (9.İ). Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir (13). Qanunun tələblərinə əsasən vəkillər kollegiyasının üzvlüyünə qəbul olunmasının prosedur qaydası müəyyən edilmişdir. Vəkilliyə namizədlər İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verməli və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə verməli və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməlidirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı vəkilliyə qəbulla bağlı yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq ikinci mərhələyə buraxılmışdır. Lakin Vəkillərin İxtisas Komissiyasının xx.xx.2024-cü il tarixdə keçirdiyi şifahi müsahibə mərhələsində onun cavabları qeyri-məqbul qiymətləndirilmişdir. İddiaçı hazırda müsahibə qaydalarının pozulduğunu iddia edərək, müsahibə nəticələrinin ləğv edilməsini və təkrar müsahibədə iştirakının təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, şifahi müsahibə zamanı komissiya üzvlərinin yalnız 7 nəfəri zalda olmuş, 2 nəfər isə imtahana “online” formada qoşulsa da, onlar ekranda görünməmiş və kameraları bağlı olmuşdur. Bununla da imtahanın keçirilməsi qaydaları pozulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının iclasında üzvlərin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş imtahan prosesinin çəkilişinin əks olunduğu vodeodiskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilir ki, şifahi müsahibədə Komissiya üzvlərinin 7 nəfəri əyani olaraq iştirak edir. İki nəfər isə imtahana “online” formada qoşulmuşdur. Həmin şəxslərin şifahi imtahanın gedişində müəyyən vaxtlarda kameraları bağlamaları onların müsahibədə iştirak etmədikləri anlamına gələ bilməz. Eyni zamanda qeyd edilməlidir ki, həmin şəxslər imtahanda iştirak etməsələr belə bu yetərsayın yaranması üçün əsas deyildir. Belə ki, Komissiya üzvlərinin 7 nəfərinin iclasda iştirak etməsi iclasda yetərsayın yaranması üçün əsasdır. Həmçinin həmin şəxslərin verdiyi qiymətlər nəzərə alınmasa belə qalan şəxslərin müsahibənin nəticələrinə dair verdiyi qiymətlər hesablandıqda, yenə müsahibənin nəticəsi olaraq iddiaçıya verilmiş qiymət dəyişilməz qalır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir (2.0.7.). İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur (14.1.). Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2.). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3.). İPM-də göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (73.3.). Qeyd edilməlidir ki, məhkəmə tərəfindən iddianın əsaslılığı yalnız Vəkillər Kollegiyasının İxtisas Komissiyasının iddiaçı ilə bağlı xx.xx.2024-cü ildə keçirmiş olduğu şifahi müsahibənin keçirilmə qaydalarının pozulub-pozulmaması ilə bağlı yoxlanıla bilər. İddiaçının müsahibə zamanı suallara verdiyi cavabların məqbul və ya qeyri-məqbul qiymətləndirilməsi ilə bağlı məsələlərin yoxlanması isə məhkəmənin səlahiyyət və imkanlarından kənardır. Belə ki, həmin məsələlərlə bağlı cavabdeh qiymətləndirmə azalığına malikdir ki, buna məhkəmə tərəfindən müdaxilə edilə bilməz. Vəkillər Kollegiyasının İxtisas Komissiyasının iddiaçı ilə bağlı xx.xx.2024-cü ildə keçirmiş olduğu şifahi müsahibənin keçirilmə qaydalarında isə məhkəmə tərəfindən hər hansı pozuntu aşkar edilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “müsahibə nəticələrinin ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar