Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10659/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, xidməti vəzifəsinə bərpa edilməsi, həmçinin vurulmuş 10000 məbləğində mənəvi ziyanın ödənilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 1992-ci il tarixdən Azərbaycan Ordusunda xidmət edir. Torpaqlarımızın Ermənistanın işğalından müdafiə olunması və işğal altda saxlanılan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmiş, döyüşlərdə dəfələrlə yaralanmışdır. Ona mayor rütbəsini rəhmətlik ulu öndərimiz Heydər Əliyev vaxtından əvvəl layiq bilib və şəxsən təltif edib. Komandanlıq etdiyi tabor döyüşlərdə fərqləndiyinə görə ulu öndərimiz tərəfindən "Hərbi Xidmətlərə Görə" medalı ilə şəxsən təltif olunmuşdur. Vətən müharibəsi iştirakçısıdır. Ali Baş Komandanımız tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur. Fizuli bölgəsinin düşməndən müdafiəsində general leytanant Heydər Priyevin rəhbərliyi altında fəal iştirak etmişdir. Xocavənd bölgəsi istiqamətində general polkovnik Kərim Vəliyevin rəhbərliyi altında hücum əməliyyatı hazırlayaraq həyata keçirmiş 2001-ci ildən polkovnik rütbəsini daşıyır. Xidməti vəzifəsini icra edərkən 2017-ci ilin sentyabr ayından başlayaraq "No xoçkin Linfa vəzlərinin remisiyası" diqnozu ilə Türkiyə Respublikasında müayinə və müalicə olunmuşdur. Müalicə olunduqdan sonra Müdafiə Nazirliyinin Hərbi Təhsil İdarəsinin müavini vəzifəsində xidmətinə davam etmişdir. Xidməti ilə əlaqədəar hər hansı bir qüsuru olmayıb, rəhbərlik tərəfindən işi ilə bağlı heç bir irad olmayıb. Əksinə 2020-ci il tarixdə 44 günlük X3 ön cəbhədə xidmət etmişdir. 2020-ci ilin noyabr ayında vəzifəsi bir pillə qaldırılaraq Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin Rəisi əvəzi təyin olunmuşdur. 2022-ci ilin iyun ayının 17-də Müdafiə Nazirliyinin nəzdində olan Milli Müdafiə Unversitetinin X5 Rektor Müavini vəzifəsinin icrasına buraxılmışdır. Ona həvalə olunan bu qeyd etdiyi vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Hal hazırda sağlamdır, xidməti vəzifəni uğurla icra etməyinə səhəti mane olmur. Orduda olan qanunsuzluq və özbaşınalıqlarla bağlı 2022-ci ilin iyun ayında Müdafiə Nazirinin qəbuluna düşməklə əlaqədar etdiyi şifahi və yazılı müraciətlərdən sonra Müdafiə Naziri onu qəbul edib dinləmək əvəzinə əksinə haqqında aşağıdakı qanunsuz qərarları qəbul edib: Bir ay öncə təyin olunduğu Rektor müavini vəzifəsindən xidmətində heç bir nöqsan olmadan azad edildi. xx.xx.2022-ci il tarixdə. Bundan sonra Müdafiə Naziri onu qəbul etmədiyinə görə məcbur olub Ali Baş Komandana xx.xx.2022-ci il tarixdə müraciət etdi. Elə həmin gündə Müdafiə Naziri tərəfindən guya xəstəliyinə görə ordu sıralarından tərxis olunmağı bağlı əmr verildi. O, Hərbi Həkim Komissiyasının müayinəsindən keçmədiyi halda Hərbi Həkim Komissiyası haqqında əsassız qərar qəbul etmişdir. Bu günə qədər Hərbi Həkim Komissiyasının həmin qərarı ona təqdim olunmamışdır. Ordu sıralarından tərxis olunması barədə Müdafiə nazirinin əmri ona təqdim olunmayıb. Hesab edir Kİ, X1 xəstəliyinə görə xidməti vəzifəsindən azad etməsi barədə əmri tamamilə qanunsuz və qərəzli olduğuna görə ləğv edilməlidir. Belə ki, əgər xəstəliyi onun normal xidmətinə mane olurdusa, onda niyə o, 2017-ci ildə tərxis olunmurdu, əksinə 2 dəfə general vəzifəsinə təyin olunurdu. Müdafiə Nazirliyi tərəfindən haqqında yalan məlumatların yayılması, xəstəliyinin və diaqnozunun ondan icazəsiz açıqlanması ona mənəvi əzab verib, zabit şərəfinə, nüfzuna xələl gətirib, sonucda sarsıntılar yaşamışdır.
3. İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2022-ci ildə Ordu sıralarından qanunsuz tərxis olunmuşdur. Həmin vaxtdan başlayaraq ailə üzvləri və o, təqiblərə məruz qalmışdırlar. Avqust, sentyabr aylarında haqqında hərbi məhkəmədə məhkəmə prosesi aparılıb. Ailə üzvlərinə etibarnamə verilməsinə icazə verilməyib. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək həbsdə olmuşdur. Ərizələri və müraciətləri qəbul olunmayıb. Yuxarıda göstərilənləri nəzərə alaraq Ordudan qanunsuz tərxis olunma və işinə bərpa ilə əlaqədar hazırlanan iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edlmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrini məhkəməyə may 2023-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. İddiaçı həmin əmrə əsasən və Milli Müdafiə Universiteti rektorunun xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmri ilə xəstəliyə görə ehtiyata göndərilməsi ilə əlaqədar məzuniyyətə buraxılmış, lakin iddiaçı məzuniyyətdən imtina etdiyinə görə xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, buraxılmış müddətin bərpa edilməsi barədə ərizə rədd edilməli, iddia mümkün sayılmamalıdır.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
10. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi tələb edir. Odur ki, iddianın növü əmrin ləğv edilməsi hissəsində mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).
12. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
14. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrin mübahisələndirməməsi səbəbi kimi xx.xx.2022-xx.xx.2023-cü il tarixədək həbsdə olduğu göstərmişdir.
15. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özü iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixli əmr barədə elə həmin gün məlumatlı olmuş, lakin qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində həmin əmri mübahisələndirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli əmrin mübahisələndirilməsi müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, iddiaçı isə özünün də bildirdiyi kimi xx.xx.2022-ci il tarixdə həbs edilmişdir.
16. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarda ifadə edilmiş hüquqi mövqaeyə görə, ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi də mövcudluğu yoxlanılmalıdır.
17. İddiaçı tələbin ikinci hissəsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı cavabdehdən 10000 manat kompensasiya tələb edir.
18. İPM-in 2.2.7-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır.
19. İdiaçının tələbinin həmin hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqana həmin tələblə müraciət etməsi də müəyyən edilmir.
20. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı mümkünlük şərtlərinə əməl etməmişdir. Belə ki, inzibati aktın məhkəmədə mübahisələndirilməsi zamanı İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilməmiş, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə qədər cavabdeh orqana müraciət ünvanlanmamışdır.
21. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva