Məhkəmə qərarları › İş №2-1(112)-1066/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1066/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1066/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümüdsüz borc hesab edilərək silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli və xx.xx.2019-cu il tarixli **********8634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında", xx.xx.2020-ci il tarixli, **********395600 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlar ilə yazılmış cərimənin ümidsiz borc hesab edilərək ləğv edilməsi, 2980,70 manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək hazırkı inzibati iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən əsassız olaraq **********395600 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8634 nömrəli xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli qərarların icraya yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********750700 saylı qərar qəbul edilmişdir. İddiaçıya hesablanmış borclar 2019-cu il dövrü əhatə edir. Bundan əlavə, həmin borcun hesablanmasından 5 ildən artıq müddət keçir. İddiaçı 19 noyabr 2019-cu ildə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə ilkin olaraq vergi orqanı tərəfindən cərimə edildikdən sonra barəsində məhkəmə hökmünə əsasən həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmə icraçısı tərəfindən icra vərəqəsinə əsasən vergi cəriməsinin ödənilməsi haqqında ona bildiriş gəldikdə o, buna haqlı etiraz edərək Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək eyni əmələ görə cəza növünün ən ağır formasını, yəni azadlığın məhdudlaşdırılması olduğundan cərimənin silinməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6297/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bu qərardaddan narazı qalaraq Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət verərək onun ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(112)- 6297/2020 saylı qərardadı ləğv edilmişdir. Sonradan Bakı şəhəri, Səbail rayon icra şöbəsindən iddiaçının telefonuna vergi orqanına 2980,70 manat borcunun olmağı barədə elektron bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə müraciətinə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsində baxılmış və müraciəti xx.xx.2024-cü il tarixli **********450400 nömrəli məktubla cavablandırılmışdır. Həmin məktub ilə müəyyən edilmişdir ki, vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 2980,70 manat (o cümlədən vergilər ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100 manat) borcunun olduğu müəyyən edilmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsində qeyd-şərtsiz təsbit edilsə də, yaranmış borclar vaxtında ödənilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsində olan borc məbləği üzrə məhkəməyə şikayət edildiyi və borcun tələbetmə müddətinin bitmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı vergi orqanının xx.xx.2019-cu il tarixli **********8634 nömrəli “Vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarından xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə mübahisəsi xx.xx.2021-ci il tarixdə yekunlaşmışdır. Bu fakta əsasən iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği xx.xx.2025-ci il tarixədək ümidsiz borc hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********750700 saylı qərarı ilə borclu İddiaçı tərəfindən ümumilikdə 2980,70 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********395600 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8634 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli qərarları xx.xx.2023cü il tarixdən icraya yönəldilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin xx.xx.2019-cu il tarixli **********8634 nömrəli qərarına əsasən iddiaçıya 2840,70 manat vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin xx.xx.2019-cu il tarixli **********8636 nömrəli qərarına əsasən iddiaçıya 40 manat maliyyə sanksiyası hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 1(001)- 518/2019 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213- 1.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2024-cü il tarixə 2.980, 70 manat vergi borcu vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7112/2021 saylı qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********8634 nömrəli qərarının ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müvfiq qərarlarla yazılmış vergi borcunun ümidsiz borc hesab edilərək ləğv edilməsi, 2980,70 manat borcun silinməsini xahiş edir. İddia tələbi mahiyyətcə öhdəliyin icrası ilə bağlıdır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər (85.1.). Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir (85.2.). Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir (85.4.). Göründüyü kimi vergiləri ödəmək hər bir vətəndaşın borcu olsa da, qanun vergi ödəyicisinə vergilərin hesablanması və hesabanmış vergilərin ondan tutulması ilə bağlı vergi orqanı üçün müddət müəyyən edir. Belə ki, hesabat dövrü bitdikdən sonra vergi orqanı 3 il ərzində həmin dövr üçün olan vergiləri hesablamaq və hesabat dövründən 5 il keçənə qədər həmin vergiləri tutmaq hüququna malikdir. Hazırkı iddiasında iddiaçı xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli və xx.xx.2019-cu il tarixli **********8634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında", xx.xx.2020-ci il tarixli **********395600 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlar ilə yazılmış cərimənin ümidsiz borc hesab edilərək ləğv edilməsi, 2980,70 manat cərimə borcunun silinməsini xahiş edir. Cavabdehin etirazının əsasları isə ondan ibarətdir ki, iddiaçının xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsində olan borc məbləği üzrə məhkəməyə şikayət edildiyi və borcun tələbetmə müddətinin bitmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsində həmçinin göstərilir ki, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.). Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər (93.2.). Göründüyü kimi Vergi Məcəlləsinin 85.4-cü maddəsi vergi orqanı üçün vergilərin hesablanması üçün hesabat dövrü bitdikdən sonra 3 il, vergilərin tutulması üçün həmin dövr bitdikdən sonra 5 il tələbetmə müddəti müəyyən edir. Məcəllənin 93.1-ci maddəsi isə vergi öhdəliklərinin qüvvədən düşməsi nəticəsində vergi borcunun silinməsinin vergi orqanı tərəfindən həyata keçirilməsini təsbit etmişdir. Göründüyü kimi iddiaçıya hesablanmış vergi borcu və maliyyə sanksiyası ona 2019 və 2020-ci illərdə hesablanmışdır. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, iddiaçı vergi orqanının xx.xx.2019-cu il tarixli **********8634 nömrəli “Vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğvi barədə xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə mübahisəsi xx.xx.2021-ci il tarixdə yekunlaşmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş 5 illik müddət ötməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdən sonra həmin borcun silinməsinin mümkünlüyünü nəzərdə tutur. İddiaçı vergi orqanının xx.xx.2019-cu il tarixli, **********8634 nömrəli qərarının ləğvi barədə məhkəmədə mübahisələndirmə barədə iddia qaldırmış və 30 günlük iddia müddəti ötdüyü üçün Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(112)-7112/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Yəni, iddiaçının ümidsiz borc kimi silinməsini xahiş etdiyi borc məhkəmə qərarı əsasında yaranmış borc olmadığı üçün Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin təsiri altına düşə bilməz. İddiaçının silinməsini tələb etdiyi borcun yaranmasından isə 5 ildən artıq müddət keçmişdir. Vergi orqanı üçün həmin borcun tutulması ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində borcun tutulmasını təmin etməmişdir. Lakin, cavabdeh həmin borcun silinməsindən imtina etmişdir. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin hallar iddiaçının tələbindən imtina üçün əsas deyildir. Belə ki, vergi orqanı tərəfindən verginin tutulması üçün zəruri tədbirlərin həyata keçirilməməsi həmin vergi borcu üzrə tələbetmə müddətinin ötməsi səbəbindən borcun qüvvədən düşməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının şəxsi hesab vərəqəsində tələbetmə müddəti bitmiş 2980,70 manat faiz borcunun silinməsi öhdəliyi cavabehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli, xx.xx.2019-cu il tarixli **********8634 nömrəli və xx.xx.2020-ci il tarixli, **********395600 nömrəli qərarlar ilə iddiaçıya hesablanmış 2980 (iki min doqquz yüz səksən) manat 70 (yetmiş) qəpik vergi borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar