Məhkəmə qərarları › İş №2-1(112)-10671/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10671/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10671/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 saylı, 23 yanvar 2012-ci il tarixli sərəncamı ilə atası X4 mənzil verilmişdir. Atası vəfat etdiyi tarixədək həmin mənzildə yaşamışdır. Atanın ölümündən sonra isə əmlak ona miras qalmışdır. Bundan sonra vərəsəlik işinin açılması barədə müraciət edilmişdir. Bundan sonra cavabdehə müraciət edilmiş və mərhumun adına çıxarış və texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin cavabdeh müraciətin təminindən əsassız imtina etmişdir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, Sərəncam 23.01.2012-ci il tarixdə verilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə görə həmin Sərəncam 2009-cu il oktyabr ayının 1-dən sonra verildiyindən əmlaka dair hüquqların qeydiyyatından imtina edilir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçı kimi X7 ilə əvəz edilməsi, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda X7 ərizə verərək iddiaçının əsl iddiaçı kimi onunla əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı X6 əsl iddiaçı X7 ilə əvəz edilmiş, İddia tələbi “ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, mülkiyyət hüququnun qeydiyyatından imtinanın əsasında hüquqmüəyyənedici sənədin mötəbərliyi dayandır. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydiyyata alınması əsaslarından biri kimi çıxış edir. Lakin həmin maddənin tələbindən də aydın olur ki, qeyd olunan sərəncamın 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, mərhumun adına mənzilin verilməsinə dair sərəncamın 23 yanvar 2012-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak 23 yanvar 2012-ci il tarixdə verilmiş sərəncam əsasında mərhuma ayrılsa da həmin mənzilə dair gözlənilən mülkiyyət hüququ 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin 10 iyul 2008-ci il tarixli məktubundan görünür ki, Əsgər Ənvərov “Bayıl-Liman” X8 İdarəsində mənzil növbəsində olmuş, həmin növbə əsasında mübahisəli mənzil ona ayrılmışdır. Həmin mənzillə bağlı 11.11.2010-cu il tarixli iclas protokol qərarından çıxarış 23.11.2011-cü il tarixli məktub nəzərə alınmaqla 23 yanvar 2012-ci il tarixli sərəncam verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, mərhuma mənzilin verilməsi ilə bağlı sənədləşmənin əksər hissəsi 2009-cu il oktyabrın 1-dən sonrakı dövrə təsadüf etsə də, mərhumun həmin mənzilə mülkiyyət hüququnun gözləntisi mənzil növbəsinə dayandığı tarixdən, yəni 2009-cu il oktyabrın 1dən əvvəl yaranmışdır və mənzil növbəsində olan şəxsə həmin mənzilin Mənzil Məcəlləsi qüvvədən düşdükdən sonra verilməsi onun iradəsindən asılı olmayan hal hesab edilir. Mənzil növbəsinə uyğun olaraq məhkəmə hesab edir ki, mərhuma verilməli olan, lakin müəyyən müddət sonra verilmiş mənzilə dair sərəncamın 2012-ci il tarixli olması isə vəziyyəti iddiaçının ziyanına dəyişdirmir. Belə ki, hazırkı halda mülkiyyət hüququnun mövcudluğuna əsas verən sənədin tarixi yox, həmin hüququn yaranma vaxtı nəzərə alınmalıdır ki, iş materialları ilə də görünür ki, həmin hüquq qüvvədən düşmüş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrə təsadüf edir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd kimi sərəncamın nəzərə alınmalı olması istisna edilmir, nəticə etibarı ilə Hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsası da mövcud hesab edilmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X6 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən mənzilin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın iddiaçı X5 verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar