Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10671/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 1 ünvanında yerləşən 37 saylı mənzil Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş reyestr nömrəsi **********71-05101- 093027 olan çıxarışa əsasən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. İddiaçıya məxsus həmin mənzildə Şuşa şəhərindən məcburi köçkün düşmüş X8 və onun ailəsi məskunlaşmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, cavabdehlər X8, X2, X4, X5 və X1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzil iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(103)-782/2025 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)- 2930/2024 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024cü il tarixli, 2(005)- 2930/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(005)- 2930/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “Məhkəmə qərarının icrası ilə əlaqədar” məktubda bildirilmişdir ki, Şuşa şəhərindən məcburi köçkün X8 ailə üzvləri ilə birgə sözügedən ünvanda müvəqqəti məskunlaşmışdır. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmışdır. Növbəti mərhələlərdə köçürülmələr başlanan zamanı, sözügedən ailənin doğma yurduna köçürülməsi həyata keçiriləcək. Köçürülmə vaxtı mənzil boşaldılaraq özünüzə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. İddiaçı ona 32 il ərzində dəymiş ziyana görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanuni əmlakı olan mənzilə dair hal-hazıradək pozulmaqda davam edən mülkiyyət hüquqlarının bərpası məqsədi ilə cavabdeh orqan tərəfindən dəymiş zərərin əvəzi ədalətlilik və mütənasiblik meyarları baxımından kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi, istismarı və s. qaydasını müəyyən edir. Həmin Qaydaya əsasən, məcburi köçkünlər müvəqqəti yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun istifadə etməlidirlər. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş mənzillər xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin balansındadır. Yuxarıda qeyd olunan qanunvericilik aktından görünür ki, məcburi köçkünlər müvəqqəti yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun istifadə edirlər. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verir, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəyir (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675.1-ci maddəsinə uyğun olaraq bununla bağlı tərəflər öhdəlik götürürlər). Mülkiyyətində olan mənzildən müvəqqəti istifadə üçün kirayə haqqının ödənilməsi ilə bağlı sözügedən inzibati orqana müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır (cavabdeh orqan tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, X8 və ailəsi köçürülənədək mənzilimdə qalacaq və köçürülmə vaxtı mənzil boşaldıldıqdan sonra ona təhvil veriləcək, cavabdeh inzibati orqan kirayə haqqının ödənilməsi ilə bağlı məsələyə münasibət bildirməmişdir, cavab Qeyd olunmalıdır ki, uzun müddətdir ki, kirayədə qalır və bu müddət ərzində ona xeyli maddi ziyan dəymişdir. Buna görə də mülkiyyət hüquqlarının pozulması nəticəsində ona dəyən zərərə görə cavabdeh orqan tərəfindən ona kompensasiya ödənilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməmələri tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir ki, müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər kirayə haqqı ödənişindən azad edilmişdirlər. İddia ərizəsində göstərildiyi kimi, iddiaçının evində məskunlaşan X8 barədə cavabdeh qismində Nərimanov Rayon Məhkəməsinin qətnaməsi mövcud olsa da, hazırki mübahisə üzrə iddiaçı kirayə haqqı üzrə kompensasiya tələblərini cavabdeh X10rşı deyil, məhz inzibati orqan olaraq Komitəyə ünvanlanmışdır. Halbuki, məcburi köçkün ailələrin ayrı-ayrı şəxslərin mülkiyyətində olan yaşayış sahələrində yerləşdirilməsində Komitənin heç bir hüquqi və ya fiziki iştirakı olmamışdır. Nəticə etibarilə həmin şəxslərin iddiaçının yaşayış sahəsindən çıxarılmasını icra etmək səlahiyyəti də yoxdur. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə öz yaşayış yerlərinə köçürülməsi yalnız müvafiq dövlət proqramına uyğun olaraq və mərhələli şəkildə həyata keçirilir. Belə olan halda, mülki iddiaların inzibati orqana qarşı və inzibati məhkəmələrdə qaldırılması prosessual hüquq pozuntusu kimi tanınmalıdır. Belə ki, nə cavabdeh tərəf, nə də məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Hakim "əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi iddia ərizəsi bir sıra maddi və prosessual hüquq normalarının pozuntusu ilə tərtib edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 1 ünvanında yerləşən 37 saylı mənzil iddiaçının mülkiyyətindədir. İddiaçıya məxsus həmin mənzildə Şuşa şəhərindən məcburi köçkün düşmüş X8 və onun ailəsi məskunlaşmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, cavabdehlər X8, X2, X4, X5 və X6 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzil iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “Məhkəmə qərarının icrası ilə əlaqədar” məktubda bildirilmişdir ki, Şuşa şəhərindən məcburi köçkün X8 ailə üzvləri ilə birgə sözügedən ünvanda müvəqqəti məskunlaşmışdır. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmışdır. Növbəti mərhələlərdə köçürülmələr başlanan zamanı, sözügedən ailənin doğma yurduna köçürülməsi həyata keçiriləcək. Köçürülmə vaxtı mənzil boşaldılaraq özünüzə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. İddiaçı ona 32 il ərzində dəymiş ziyana görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik etmiş və hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbidir. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığın müəyyən edilməsi üçün ilk addım iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ibarətdir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İddia tələbinin qanuni əsasını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları təşkil edir. 89.1-ci maddənin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinin məzmunun dispozisiya şərtlərindən görünür ki, vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə, inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəri olmalıdır. Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanıla bilər. İddiaçı hazırkı tələbinin əsası kimi o hala istinad edir ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Həmin mənzildə məcburi köçkün məskunlaşdığından mənzilindən 32 ildir ki, istiadə edə bilmir. Ona görə də, cavabdehdən ona dəymiş ziyan tələb edilir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən kompensasiya ilə bağlı iddia tələbinin əsaslı olması üçün ilk növbədə cavabdehin qanunsuz hərəkəti (hərəktsizliyi) və ya inzibati aktı mövcud olmalıdır ki, həmin qanunsuz hərəkət (hərəkətsizlik) və ya inzibati akt nəticəsində dəymiş ziyanın vurulması tələbi yoxlanılsın. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli, 3587 № li Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. X7: 6.2.3. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması İşğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir. İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcək tədbirlərə daxildir. Eyni zamanda, əhalinin geri qayıdışı ilə bağlı müvafiq məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili və məlumatların əlçatanlılığının təmin olunması da prioritet işlərdəndir. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrinin çoxşaxəli inkişafına yönəlmiş dayanıqlı icmaların yaradılması və bu icmaların ölkənin iqtisadi strukturuna inteqrasiyası nəzərdə tutulur. 6.2.4. Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir. Ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində müasir nəqliyyat-yol infrastrukturunun qurulması zamanı bölgənin tranzit potensialından effektiv istifadə, əhalinin ehtiyacları və bu infrastrukturun işğaldan azad edilmiş ərazilərin sosialiqtisadi inkişafına mümkün təsirləri nəzərə alınacaqdır. İşğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayış təminatı üçün zəruri şərtlərin yaradılması, müasir standartlara cavab verən nəqliyyat, elektrik, su, qaz, istilik və kanalizasiya təchizatı sisteminin formalaşdırılması, eyni zamanda müxtəlif iqtisadi fəaliyyət sahələrinin funksionallığının təmin olunması ilə bağlı zəruri şərait yaradılması məqsədilə ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli inteqrasiya üçün telekommunikasiya şəbəkələrinin qurulması qabaqcıl standartlar və təcrübəyə uyğun həyata keçiriləcəkdir. Bu sistemlərin qurulması zamanı ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulur. 6.2.5. Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın yenidən qurulması və inkişafı iqtisadi canlanmanın yaradılması, iqtisadi aktivliyin təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması, su və torpaq ehtiyatlarının səmərəli idarəedilməsi mexanizminin yaradılması və bölgədə regional ixtisaslaşmanın artırılması məqsədilə tədbirlərin icrasını əhatə edəcəkdir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi postmünaqişə dövründə ərazilərin iqtisadi cəhətdən özü-özünü təmin edən regiona çevrilməsidir. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, habelə innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin ərazilərin bərpasına və sosialiqtisadi inkişafına töhfə verəcəkdir. Baxılan işdə cavabdeh tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış məktublarda bildirilmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq mərhələli şəkildə məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmışdır. Növbəti mərhələlərdə köçürülmələr başlanan zamanı, sözügedən ailənin doğma yurduna köçürülməsi həyata keçiriləcək. Köçürülmə vaxtı mənzil boşaldılaraq özünüzə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. Cavabdehin məktubundan və Dövlət Proqramında göründüyü kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsi Həmin Proqram çərçivəsində, həmin ərzilərdə infrasturkturun bərpası nəticəsində və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) kimi ona məxsus olan mənzildə 32 ildir ki, Şuşa şəhərindən məcburi köçkün düşmüş şəxslərin məskunlaşmasına istinad etsə də, həmin hadisə ilə bağlı cavadehin qanunsuz hərəkətləri araısnda səbəbli əlaqənin nədən ibarət olmasını əsaslandırmamışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı həçmin qətnamənin üzrsüz səbəbdən icra edilmədiyini iddia edirsə, bu barədə həmin qətnaməni çıxarmış məhkəməyə müraciət etmək hüququ vardır. İPM-in: 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirməninin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbin rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10671/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10671/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver