Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10674/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisindəki 0.12 ha-dan ibarət olan 1339 a saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 0.12 ha-dan ibarət olan 1339 a saylı bağ sahəsi X1 və İstismarı Birliyi ilə aralarında bağlanmış 30694 nömrəli, xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsi tərəfindən hasara alınaraq sahədən təyinatı üzrə istifadə olunur. Cavabdehə müraciət edərək qanuni əsaslarla istifadəsinə verilmiş bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına plan-ölçü və çıxarışın verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda istifadəsindəki torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilərək həmin torpaq sahəsinin hasarlanmayan ümumi ərazidə yerləşdiyini, sahəyə dair arxiv cizgisi olmadığından sahənin yerləşməsinin müəyyən edilməsinin mümkün olmadınığını qeyd edərək torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Daşınmaz əmlak üzərində hüquqlarının dövlətq eydiyyatına alınmasından imtina edilərək qanuni istifadəsində olan torpaq sahəsinin daşla hasara alınaraq digər sahələrdən təcrid edildiyi, arxiv cizginin birlik tərəfindən təqdim olunmaması və ya İdarədə aşkar edilməməsinə görə vətəndaş məsuliyyət daşımadığı və qanunun tələbləri nəzərə alınmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 1466a/1339a saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2025-ci tarixli, **********72 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin hasarlanmayan ümumi ərazidə yerləşdiyi müəyyən edilmişdir və sahəyə dair arxiv cizgisi olmadığından yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat veriməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-11072/025 **********72 nömrəli məktubla imtina edilmişdir.
8. Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış “Bağ sahəsinin icarəyə verilməsi haqqında” 30694 nömrəli, xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən Ləhiş ərazisində, 0.12 ha torpaq sahəsi olan 1466a/1339a nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-33497/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Ləhiş qəsəbəsi, 1466a/1339a saylı bağ sahəsinin qonşuluğunda **********21 reyestr nömrəli (1337 saylı), **********84 reyestr nömrəli (1341P saylı) və **********13 reyetsr nömrəli (1341 saylı) daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar ortofoto görüntüsü, qonşu bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas sənədlərin, Ləhiş qəsəbəsi, 1466a/1339a saylı bağ sahəsinə dair sənədlərin, eləcə də müayinə aktı və koordinatların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. İşin hallarından göründüyü kimi, iddiaçı “Ləhiş ərazisindəki 1466a/1339a” nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2001-ci ildə bağlanmış 30694 saylı müqaviləyə əsasən ona mərhum atasına ayrılmış Ləhiş bağ massivində yerləşən 0,12 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
19. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilməmişdir.
20. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsaslarında İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin hasarlanmayan ümumi ərazidə yerləşməsinə və sahəyə dair arxiv cizgisi olmadığından yerləşməsini müəyyən etməyin mümkün olmamasına istinad edilmişdir.
21. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
22. İlk öncə, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə qanuni əsaslarla verilməsi mübahisəli məsələ deyildir.
23. Belə ki, 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinin ikinci hissəsinin tələbindən də, göründüyü kimi, həmin Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, ərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələləri onların xüsusi mülkiyyətinə keçirilir.
24. Eyni ilə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
25. İşin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya ayrıldığı vaxtdan onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsi bugünədək onun istifadəsindən geri alınmamış, müqaviləyə bir tərəfli qaydada xitam verilməmiş və ya torpaq sahəsinə dair fiziki və ya hüquqi şəxslə bağ sahəsinin icarəyə verilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Beləliklə, iddiaçının iddia olunan torpaq sahəsinə yuxarıda istinad edilən normalara əsasən mülkiyyət hüququ əldə etmişdir.
26. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən imtinanın əsaslarında torpaq sahəsinin hasara alınmamasına və arxiv cizgisinin olmaması səbəbindən yerləşməsinin müəyyən edilməməsinə istinad edilsə də, iş materiallarında olan “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”dan görünür ki, bağ sahəsinin bir tərəfi qonşu hasar, digər tərəfləri isə 5 daş hündürlüyündə mişar daşı düzülərək sərhədlənmiş, iddiaçı ona ayrılmış torpaq sahəsinin faktiki yerləşdiyi yer haqqında məlumatlıdır. Bundan əlavə, iddiaçının bağ sahəsinin faktiki yerləşməsi ilə bağlı arxiv cizgisi təqdim etmək öhdəliyi yoxdur. Belə ki, bağ sahələrinin sxematik xəritəyə uyğunlaşdırılması öhdəliyi cavabdehə məxsusdur.
27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, İddiaçı sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisindəki 0.12 ha-dan ibarət olan 1466a/1339 a saylı bağ sahəsi üzərində İddiaçı hüquqların dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva