Məhkəmə qərarları › İş №2-1(112)-10677/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10677/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10677/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, SHXÇDX-nin Krasnoselsk rayon şöbəsi tərəfindən SSRİ Silahlı Qüvvələrinin tərkibində olan N saylı hərbi hissəyə 05.05.N82-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. 05.05.N84-cü il tarixində xidmətini başa vurmuşdur. 12.10.N3-cü il tarixdən 29.12.N4-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissəyə könüllü olaraq döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N saylı hərbi hissə komandirinin 21.01.N4-cü il tarixli 18 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə döyüşlərdə iştirak etməyi barədə Arxiv arayışının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi 17.06.2020-ci il tarixli, 9/2-6649№-li Arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin oktyabr N3-cü il, dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidmət barədə məlumat olmadığına görə ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilir. Ərizəyə əlavə olunan hərbi biletinin 6-cı səhifələrində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, №-li əmrə əsasən yenidən hərbi hissədə "sürücü" vəzifəsinə təyin olunmuşdur. Bu da onu göstərmişdir ki, o həqiqətən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Ağdam rayonun, aşağı-yuxarı Qərvənt Tağıbəyli, Güllücə kəndlərində N saylı hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Onun da yuxarıda göstərdiyi kimi, hərbi biletində 10 may N4cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ona göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunur ki, onun hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması onun təqsiri ucbatında olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri Arxivə göndərməyibsə onun təqsiri nədir? Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb? Dəhşətlisi də odur ki, Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirik. Bəs bunları kim araşdırmalıdır? Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Cavabdeh iddia tələbinə qarşı vəsatət vermiş və vəsatətini onunla əsaslandırmışdır ki, bununla əlaqədar bildirmişdir ki, iddiaçı daha əvvəl analoji tələblə iki dəfə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 01 dekabr 2020-ci il tarixli 2-1(112)-6286/2020 nömrəli və 06 avqust 2021-ci il tarixli 2-1(112)-6482/2021 nömrəli qərardadları ilə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə də eyni tərəflər arasında, eyni predmet və eyni əsas üzrə iş artıq məhkəmə tərəfindən araşdırılmış və yekun qərar qəbul edildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddia tələbinin mahiyyətinə dair qeyd etmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi arxivinin 17 iyun 2020-ci il tarixli 9/2-6649 nömrəli arayışında İddiaçı N nömrəli hərbi hissə komandihnin N dekabr N3-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınaraq müvafiq vəzifəyə təyin olunduğu, N nömrəli hərbi hissə komandirinin oktyabr N3-cü il tarixli, dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Beləliklə də Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən iddia üzrə məhkəmə icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə, yəni 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə eyni inzibati orqana qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 01.12.2020-ci il tarixli 2-1(112)-6286/2020 və 06.07.2021-ci il tarixli, 2-1(112)-6482/2021 nömrəli qərardadları ilə iddia tələbi mümkün sayılmamışdır İddiaçı məhkəmənin 01.12.2020-ci il tarixli, 2-1(112)-6286/2020 nömrəli və 06.07.2021-ci il tarixli, 2-1(112)-6482/2021 nömrəli qərardadlarında qeyd olunmuş mövqeyi nəzərə almadan təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmet, eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)- 6482/2021 nömrəli qərardadı qanuni qüvvəyə minmədiyi halda İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə, qanuni qüvvəyə mindiyi halda isə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Ona görə də İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar