Məhkəmə qərarları › İş №2-1(112)-1068/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1068/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1068/2020 28.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçı Tağıyeva Səmayə Abutalib qızının iştirakı ilə iddiaçı Tağıyeva Səmayə Abutalib qızının cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “qızına doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyeva Səmayə Abutalib qızı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, onun 09.07.1992-ci il tarixdə anadan olmuş qızı, Tağıyeva Günay Tofiq qızına doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sonradan işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-1068/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia ərizəsindən məlum olur ki, iddiaçının qızı Tağıyeva Günay Tofiq qızı 09.07.1992-ci il tarixdə Qaradağ rayonunda anadan olmuş və onun doğumu haqqında 12.08.1992-ci il 527 saylı akt qeydi açılmışdır. Lakin iddiaçının qızına aid doğum haqqında şəhadətnamə itmiş və indiyədək o, şəxsiyyət vəsiqəsi almamışdır. Sonuncuya aid doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə iddiaçı tərəfindən müraciət edilsə də, onun qızının şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsas gətirilməklə, ərizənin təmin edilməsindən imtina edilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 28 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Tağıyeva Səmayə Abutalib qızı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından məlum olur ki, hazırki iddia tələbində qaldırılan məsələ iddiaçı Tağıyeva Səmayə Abutalib qızının yox, Tağıyeva Günay Tofiq qızının pozulmuş hüquqlarının bərpa edilməsinə yönəlmişdir. Tağıyeva Günay Tofiq qızı 09.07.2010-cu ildə 18 yaşı tamam olmaqla yetkinlik yaşına çatdığına görə, pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar müstəqil şəkildə istənilən orqana müraciət edə bilər və eləcə də, məhkəmədə öz adından iddia qaldıra bilər. O cümlədən, ona aid doğum haqqında şəhadətnamənin təkrar verilməsi barədə cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə öz adından müraciət etmək hüququndan istifadə edə bilər. Əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı bilavasitə öz adından məhkəməyə müraciət etməsi üçün də subyektiv hüquq daşıyıcısı hesab olunur. İddiaçıya izah edilir ki, yetkinlik yaşına çatmış qızının pozulmuş hüquqlarının bərpası ilə bağlı öz adından yox, etibarnamə əsasında inzibati orqanlarda və məhkəmədə onu təmsil edə, hüquqlarını müdafiə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar