Məhkəmə qərarları › İş №2-1(112)-1068/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1068/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1068/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Nəsimi Bələdiyyəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi tələbi ” nə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 31 ünvanında onun mülkiyyətində olan zirzəmi sahəsinin qarşısında istifadəsində olan 324 kv. metr torpaq sahəsinin mövcud vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4899/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Nəsimi rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2006-ci ildən Nəsimi rayon Bələdiyyəsinin 06/72 saylı İcarə müqaviləsi əsasında Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 31 ünvanda olan 324 kv.metr torpaq sahəsini istifadə edir, istifadə etdiyi müddətdə topaq sahəsinə yeni yaşıl ağaclar əkmiş və yüksək şəkildə abadlıq işləri görmüşdür, 14 il istifadə etməyinə baxmayaraq, dəfələrlə əmlak komitəsinə müracət edərək torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etsə də, cavabdeh orqan müsbət cavab verməkdən imtina etmişdir. Həmin torpaq sahəsinə aid bütün kommunal xidmətləri və icarə haqqı onun tərəfindən 14 ildir ki ödənilir. 1 saylı Bakı inzibati iqtsadi məhkəməsinin xx xxxxxx 2016 - cı il tarixli,2-1(81)-5388/2016 saylı qərarına əsasən həmin torpaq sahəsinin sənədləşdirilməsi həmin torpaq sahəsində layihələşdiriləcəyi qeyri-yaşayış sahəsinin eskiz layihəsinin razılaşdırılması məsələsinə baxılması öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə həvalə edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin heç bir kəsə maneçiliyi olmadığından onun tərəfindən külli miqdarda sərmayə qoyularaq xüsusi ağaclar əkib torpağın üst hissəsini abadlaşdırmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iddiaya qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, idarəyə müraciət zamanı torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı əlavə olunmamış və MŞBİ-nin rəyi sənəd toplusuna əlavə edilməmişdir. Həmçinin ərizədə əlaqə nömrəsi qeyd olunmadığı səbəbindən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs Nəsimi Bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxs Nəsimi Bələdiyyəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 52.4 kvm qeyri yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyri yaşayış sahəsinin qarşısında yerləşən 324 kvm torpaq sahəsi Nəsimi rayon Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş və həmin torpaq sahəsinin situasiya planı hazırlanmışdır. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasını və bu barədə texniki pasport, çıxarış verilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı iddiaçının izahatından aydın olur ki, iddiaçı onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarışında yerləşən faktiki istifadəsində olan 324 kvm torpaq sahəsinə onun xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmaqla texniki pasportun və çıxarışın verilməsini xahiş edir. İddiaçı bu zaman iddia tələbini əsaslandırmaq üçün Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2006-cı il tarixli 06/72 nömrəli müqaviləni, situasiya planını, qeyri yaşayış sahəsinə dair çıxarışı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5388/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarını əlavə etmişdir. İş materiallarına əlavə edilmiş Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair xx xxxxxx 2006-cı il tarixli 06/72 nömrəli müqavilənin surətindən görünür ki, Nəsimi rayon bələdiyyəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 324 kvm faktiki istifadədə olan torpaq sahəsi ödəmə haqqı ilə müvəqqəti olaraq İddiaçı icarəyə verilmişdir. İcarə müqaviləsi xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2055-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş seriya MA ******* nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 52,4 kvm qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5388/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarının surətindən görünür ki. İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında İddiaçı mülkiyyətində olan zirzəmi sahəsinin qarşısında istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi, bu torpaq sahəsində layihələşdiriləcəyi qeyri-yaşayış sahəsinin eskiz layihəsinin razılaşdırılması məsələsinə baxılması öhdəliyi cavabdeh Bakı şəhəri icra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “X1 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və xx xxxx 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariyagigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı İddiaçı ilə Nəsimi rayon Bələdiyyəsi arasında xx xxxxxx 2006-cı il tarixli 06/72 saylı İcarə müqaviləsinin bağlanmasına əsas olan sənədlərin təsdiq edilmiş surəti, həmçinin torpaq sahəsi icarəyə verilən zamanı müvafiq icra hakimiyyəti orqanının rəylərinin alınıb-alınmaması barədə ətraflı məlumat, bundan əlavə İddiaçı vergi ödəyicisi kimi qeydiyyata düşüb-düşməməsi məhkəmə sorğuları vasitəsilə Nəsimi Bələdiyyəsindən tələb edilmişdir. Nəsimi Bələdiyyəsi 01-205 nömrəli xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubu ilə göstərilən müqavilə və digər sənədlərin bələdiyyənin baza məlumatlarında aşkar edilməməsi səbəbindən qeyd edilən sənəd və məlumatların məhkəməyə təqdim edilməsinin imkan xaricində olduğunu bildirmişdir. Nəsimi bələdiyyəsinin 01-212 nömrəli xx.xx.2020-ci il tarixli cavab məktubu ilə İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə Nəsimi Bələdiyyəsində vergi ödəyicisi olduğu qeyd edilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, iddiaçının iddia tələbində iddia etdiyi 324 kvm torpaq sahəsinin bələdiyyə tərəfindən onun icarəsinə verilməsinə dair bələdiyyə qərarı mövcud olmamış, ümumiyyətlə, icarəyə verilmiş torpaq sahəsinin ayrılmasına dair şəhər, rayon icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəyi əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da icarə müqaviləsinin bağlanmasına dair sənədlər ümumiyyətlə bələdiyyənın baza məlumatlarında aşkar edilməmişdir. İddiaçının Nəsimi Bələdiyyəsində vergi ödəyicisi qismində qeydiyyatda olmasına dair isə Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən ünvanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və həmin qeyri-yaşayış sahəsinə görə də bələdiyyədə vergi ödəyicisidir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5388/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarının qanuni qüvvəsini aldığını bildirsə də, həmin qərarın icraya yönəldilmədiyini, icra edilmədiyini qeyd etmişdir. Odur ki, iddiaçının qeyd edilən torpaq sahəsinə dair cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 31 ünvanında onun mülkiyyətində olan zirzəmi sahəsinin qarşısında istifadəsində olan 324 kv. metr torpaq sahəsinin mövcud vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi tələbi ”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar