Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1068/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanladığı məktubda göstərmişdir ki, iddiaçının İT-İ № ******* saylı, xx.xx.1955-ci il tarixli əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 4 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11395,17 manat pensiya kapitalı tələb olunan məbləğdən (28800 manatdan) az olmaqla əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filalının 13 yanvar 2021-ci il tarixli aktna əsasən xx.xx.1995-xx.xx.2005-ci illərdə işləmiş olduğu Göygöl rayonu “Hamlet-1” xüsusi kiçik müəssisəsi sənədlərini Göygöl rayon Dövlət Arxivinə təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Bundan sonra İddiaçı cavabdeh Dost Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26 may 2021-ci il tarixdə İddiaçı məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və tələbinin “xx.xx.2020-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı daha sonra yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin imtinasının dəlilləri qeyriqanuni və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya xx.xx.2021-ci il tarixli yazılı etirazında göstərmişdir ki, iddiaçının əmək kitabçasında, diplomunda qeyd edilmiş bütün tarixlərə əsasən (hərbi bileti təqdim edilməyib) sosial sığorta stajı 19 il 6 ay 19 gündür. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1983-xx.xx.1984-cü illərdə işlədiyi dövr müəssisənin möhrü ilə təsdiq edilməmişdir. Əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 10 il 6 ay 30 gün, xx.xx.1995-xx.xx.1996-cı il tarixədək 7 ay 20 gün, ümumilikdə 11 il 2 ay 20 gün işlədiyi göstərilir. Lakin iddiaçının xx.xx.1995-xx.xx.1996-cı il tarixədək (7 ay 20 gün) eyni zamanda iki müxtəlif müəsisədə işlədiyi illər üst-üstə düşdüyü üçün sosial sığorta stajı kimi 10 il 6 ay 30 gün hesablanır. İddiaçının iş materiallarına əlavə etdiyi diplomda 1972-1978-ci illərdə təhsil aldığı qeyd edilmişdir. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi filialının 13 yanvar 2021-ci il tarixli aktına əsasən xx.xx.1995-xx.xx.2005-ci illərdə işləmiş olduğu Göygöl rayonu “Hamlet-1” xüsusi kiçik müəssisəsinin sənədləri Göygöl rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu illər üzrə üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 64 ildir. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2019-cu ilin mart ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 64 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci tarixdə doğulmuşdur və onun 64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilkin şərti ödəyir. İkinci şərtə gəldikdə, iş materiallarından görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11395,17 manat pensiya kapitalı tələb olunan məbləğdən (28800 manatdan) az olmaqla əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2009-cu il tarixə 25 il sığorta stajı olmalıdır. Lakin iş materiallarına əsasən iddiaçının 25 il sığorta stajının olması müəyyən edilmir. Belə ki, iddiaçıya məxsus AT-İ №3014046 saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1979-cu illərdə SSRİ Rabitə Nazirliyinin avtobazasında sürücü, xx.xx.1979-xx.xx.1980-ci illərdə “Bolşevik” damazlıq təsərrüfatında veterinar həkim, xx.xx.1980-xx.xx.1982-ci illərdə “İnkişaf” sovxozunda veterinar həkim, xx.xx.1982xx.xx.1983-cü illərdə həmin sovxozda arıçı, xx.xx.1983-xx.xx.1984-cü illərdə Daşkənd kəndində mağaza müdiri işləmiş, xx.xx.1985-ci ildə Daşkənd kolxozuna üzv qəbul edilmiş, xx.xx.1985-ci ildə ekspeditor keçirilmiş, xx.xx.1986-cı ildə veterinar həkim təyin edilmişdir. İddiaçı xx.xx.1990-xx.xx.1990-cı illərdə X1 işçi olaraq, xx.xx.1990-xx.xx.1993-cü illərdə Alış-satış məntəqəsində satıcı vəzifəsində işləmiş, xx.xx.1993-cü ildə tədarükçü vəzifəsinə, xx.xx.1994-cü ildə 1 nömrəli TASM-ə tədarükçü, xx.xx.1994-cü ildə birinci dərəcəli satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmiş, xx.xx.1995xx.xx.1997-ci illərdə Xətai RPİ Mühafizə şöbəsində atıcı vəzifəsində, xx.xx.1995xx.xx.2005-ci illərdə “Hamlet-1” xüsusi kiçik müəssisəsində baytar həkim vəzifəsində işləmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1098/2020 saylı qətnaməsi ilə iddiaçının xx.xx.1986-xx.xx.1988-ci illərdə Ermənistan SSR-in Vardenis rayonunun Daşkənd kolxozunda baytar həkimi vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. İşdə olan ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmət keçmişdir. İş materiallarına əlavə edilən 001975 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixdə Yerevan Azərbaycan kənd təsərrüfatı texnikumuna daxil olmuş və xx.xx.1978-ci ildə ona baytar-feldşer ixtisası verilmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi dövrlərin araşdırılması ilə bağlı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Xətai rayon Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda İddiaçı xx.xx.1995-ci ildən (Əmr №22, xx.xx.1995) xx.xx.1997-ci ilədək (Əmr №3, xx.xx.1997) Xətai Rayon Polis İdarəsinin mühafizə şöbəsində atıcı və komanda rəisi vəzifələrində işlədiyi göstərilsə də, Bakı şəhər Baş Polis İdarəsi xx.xx.2021-ci il tarixli məktubla DİN-in Mərkəzləşdirilmiş bazasında iddiaçıya dair məlumatın aşkar edilmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, sabiq polis əməkdaşı İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası üzrə onun Xətai Rayon Mühafizə İdarəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə şəxsi işinin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə müraciətə baxılmış, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya və Baş Mühafizə İdarələrinə verilmiş sorğulara təqdim olunmuş cavab məktublarında vət.İddiaçı şəxsi işinin müəyyən edilmədiyi bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Hamlet-1” xüsusi kiçik müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubda göstərilmişdir ki, sorğuda adı çəkilən xx.xx.1955-ci il təvəllüdlü vətəndaş İddiaçı 1995-2005-ci illərdə “Hamlet-1” Xüsusi kiçik müəssisəsində işləməmişdir. Beləliklə, məhkəmə sorğularına müvafiq müəssisələr tərəfindən verilmiş cavab məktublarına əsasən iddiaçının xx.xx.1995-xx.xx.2005-ci illər arasında Xətai RPİ Mühafizə şöbəsində atıcı vəzifəsində və “Hamlet-1” xüsusi kiçik müəssisəsində baytar həkim vəzifəsində işləməsi öz təsdiqini tapmır. Buna görə də iddiaçının əmək kitabçasında olan həmin dövrlərə dair qeydlər mötəbər hesab oluna bilməz. O da qeyd edilməlidir ki, İddiaçının 1995-1997-ci illərdə eyni vaxtda həm Bakı şəhərinin Xətai rayonunda atıcı, həm də Göygöl şəhərində baytar həkimi işləməsi ağlaban deyil. Belə ki, iki şəhər arasında 300 km-dən çox məsafə olduğu nəzərə alındıqda iddiaçının eyni zamanda hər iki müəssisədə işləməsi mümkün hesab olunmur. Bundan başqa, iddiaçıya məxsus əmək kitabçasında həmin dövrlərə dair kifayət qədər çox düzəliş edilmiş, həmin düzəlişlər səlahiyyətli şəxslər tərəfindən müvafiq qaydada təsdiq edilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasındakı mötəbər qeydlər, hərbi xidmət və təhsil dövrü (bu dövrlər üst-üstə düşdüyündən təhsil dövrü əsas götürülür) nəzərə alındıqda müəyyən olunur ki, onun 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə cəmi 19 il 5 ay 7 gün sığorta stajı mövcud olur ki, bu da tələb olunan 25 ildən azdır. Məhkəmə qeyd edir ki, məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Sadalananlardan aydın olur ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ikinci şərt, 25 il sığorta stajının olması, yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi müəyyən edilmir. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1068/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1068/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver