Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1068/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən ona ayırmış olduğu ümumi sahəsi 0,12 hektar olan 1414k nömrəli bağ sahəsinin dövlət reyestrində onun adına qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən ona ümumi sahəsi 0,12 hektar olan 1414k nömrəli bağ sahəsi ayrılmışdır. O, həmin bağ sahəsində ev inşa etdirərək, ailəsi ilə birlikdə uzun müddət orada yaşamışdır, həmin ərazidən faktiki istifadə etmişdir. xx.xx.2022-ci il tarixində yuxarıda qeyd olunan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə uyğun olaraq, cavabdeh tərəfdən ayrılan mühəndislə birlikdə bağ sahəsinə baxış zamanı ərazinin bir hissəsinin digər şəxslər tərəfindən zəbt edilməsi məlum olmuşdur. Müraciətlərinə cavabdeh tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda torpaq sahəsi nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyi bildirilmişdir. Həmçinin cavabdeh tərəf elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşdüyünü, torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi və hasara alındığına görə sahəyə texniki baxışın keçirilməsinin mümkünsüzlüyünü bildirmişdir. Lakin cavab məktubunda ərazinin hansı hissəsinin zəbt olunduğu barədə qeyd yoxdur. Cavabdeh tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, **********81 nömrəli cavab məktubunu rəsmi qaydada xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə əldə etmişdir. Cavabdeh tərəfin qeyd etdiyi torpaq sahəsi nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi reyestr xidmətinin məsuliyyətinə aid bir məsələdir. Belə ki, o, iddia predmeti olan bağ sahəsindən Bakı şəhər İcraiyyə komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən təqdim olunan order əsasında istifadə və sahiblik etmişdir. Order isə mülkiyyət hüququnun yaranması üçün əsasdır. Həmçinin ona məxsus olan torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt edilməsi tamamilə qanunsuzdur. Belələliklə order əsasında ona verilən sahiblik və istifadəsində olan 0,12 hektar 1414k nömrəli bağ sahəsinin dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı yeganə həll yolu məhkəməyə müraciətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 06 may 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, X14 və X12 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdeh inzibati orqanın yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli ərizə ilə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin (X14 və X12) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi və hasara alındığına görə torpaq sahəsinə texniki baxış keçirilməsi və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Həmçinin göstərilən bağ sahəsi iddiaçının faktiki istifadəsində deyil. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********81 saylı cavab məktubu ünvanlanmışdır. 3-cü şəxslər tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs X14 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında, iddianı qəbul etməyərək təmsil etdiyi tərəfin özünə məxsus bağ torpaq sahəsini qanuni əsaslarla əldə etməklə, faktiki istifadəsində oduğunu bildirdi və məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Mübahisəli bağ torpaq sahəsinin Bakı şəhər İcraiyyə komitəsinin X5 və istismarı birliyi Goradil Bağlar sahəsindəki 58 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 102 №-li orderə əsasən İddiaçı ayrıldığını nəzərə alan məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcraiyyə komitəsinin X5 və istismarı birliyi Goradil Bağlar sahəsindəki 58 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 102 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhər İcraiyyə komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsində olan 1414 k №-li bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli A-496-112 №-li məktubu ilə verilmiş arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitabında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən İddiaçı Görədil BTK №-58-də bağ sahəsinin ayrılmasına dair xx.xx.1992-ci il tarixli 1977 №-li sərəncam mövcuddur. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********36 №li məktubu ilə məhkəməyə təqdim olunmuş: - Bakı şəhər İcra Hakimiyyəti X3 İnkişafı və X11 bağlar sahəsindəki 75 saylı Bağ tikinti kooperativi tərəfindən verilmiş 80 saylı orderin surətindən görünür ki, X19 Bakı şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli 1609 saylı qərarına əsasən ona Gorədil bağlar sahəsində 75 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1701 saylı bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №li və 492625 №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətlərindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi (kəndi), 1701 saylı 0,10691 ha-dan ibarət olan bağ sahəsi (torpaq sahəsi) xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə isə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrinndə 319 nömrəli reyestr kitabının 30134 nömrəli vərəqində X17 adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1609 saylı qərarı, BTİ və İB-nin 80 saylı orderi ilə (1200 kv. metr sahəsi olan) 1701 saylı bağ evinin tikintisi üçün ayrıllmış torpaq sahəsinə dair X17 adına xx.xx.2011-ci il tarixdə A seriyalı 359751 №-li plan və ölçü tərtib olunmuşdur. - Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X17 vərəsələri qismində X23, X26, X29, X30 müəyyən olunmuşdur. Eyni zamanda şəhadətnamədən X16 miras qalan əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1069 ha olan torpaq sahəsindən ibarət olduğu müəyyən olunur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 492625 nömrəli çıxarışla Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1701 saylı bağ sahəsinin (0.1069 ha torpaq sahəsi) ¼ hissəsi xx.xx.2019-cu ildə ********** qeydiyyat nömmrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 319 nömrəli reyestr kitabının 30134 nömrəli vərəqində X21 adına qeydə alınmışdır. - xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X23, X26, X29, X30 hər birinə ayrı-ayrılıqda məxsus olan ¼ hissədə bağ sahəsini (ümumi sahəsi 0.169 ha, ayrı-ayrılıqda hər birinə 0,026725 ha hissədə məxsus olan) alqı-satqı əsasında X1. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 492625 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1701 saylı bağ sahəsi (0,1069 ha torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınnmaz əmlakın dövlət reyestrində 319 nömrəli reyestr kitabının 30134 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 inkişafı və istismarı Birliiyinin Goradil ərazisindəki 1705f nömrəli bağın istifadəyə verilməsinə dair 16 iyun 2006-cı il tarixli 37701 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 155 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 1705f №-li bağ sahəsi X13 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 648046 №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerlləşən 0,12 ha torpaq sahəsi olan 1705f saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1027 nömrəli reyestr kitabının 102127 nömrəli vərəqində X13 adına qeydə alınmışdır. - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1200 kv. metr torpaq sahəsi olan 1705f saylı bağ sahəsini X2. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakınn Dövlət Reyestrindən 648046 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1705f saylı bağ sahəsi (0,12 ha torpaq sahəsi) xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində1027 nömrəli reyestr kitabının 102127 nömrəli vərəqində X8 adına qeydə alınmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində 58 saylı BTK ərazisində yerləşən 1414 k saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, şərti olaraq göstərilən sahə elektron baza məlumatlarına əsasən digər vətəndaşların adına qeydiyyatdan keçmiş sahələrdir və hasarı daxilindədir. Sahənin birində darvaza olmadığı üçün vətəndaş həmin sahədən əraziyə daxil ola bildi, digər hissəyə isə daxil olmaq mümkün olmaq mümkün olmadı və həmin hissədə ölçmə işləri aparılmadı. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texnikii ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur; 1 Bakı şəhər İcraiyyə komitəsinin X5 və istismarı birliyi Goradil Bağlar sahəsindəki 58 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 102 №-li orderlə İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsində olan 1414 k №-li bağ torpaq sahəsinin yerləşmə koordinatları (sərhədləri) yerdə (naturada) müəyyən olunsun. 2 Bakı şəhər İcraiyyə komitəsinin X5 və istismarı birliyi Goradil Bağlar sahəsindəki 58 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 102 №-li orderlə İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsində olan 1414 k №-li bağ torpaq sahəsinin digər torpaq sahəsi mülkiyyətçiləri (istifadəçiləri, icarəçiləri) tərəfindən zəbt olunma hallarına yol verilmişdirmi, əgər belə bir hal mövcuddursa, hansı hissədə zəbt olunmuşdur? 3 Bakı şəhər İcraiyyə komitəsinin X5 və istismarı birliyi Goradil Bağlar sahəsindəki 58 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 102 №-li orderlə İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 30 noyabr 1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsində olan 1414 k №-li bağ torpaq sahəsinin sərhədləri naturada müəyyən olunmuşsa, həmin bağ torpaq sahəsinin faktiki ölçüləri nə qədərdir? 4 DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində 58 saylı BTK ərazisində yerləşən 1414 k saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktı”nda iddiaçı tərəfindən şərti olaraq göstərilmiş bağ torpaq sahəsi 58 №-li Bağ Tikinti Kooperativinin ərazi hüdudları daxilində yerləşirmi və həmin torpaq sahəsinin faktiki ölçüləri nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/7060 saylı ekspert rəyində ekspert tərəfindən qeyd olunmuşdur ki; Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli mütəxəssis rəyinə əsasən, 1414k nömrəli bağ sahəsi kimi hesab edilən sahənin şərti olaraq kənardan göstərildiyi müəyyən olundu. Həmçinin qeyd olunur ki, bağ sahəsinin nömrəsi 58 saylı BTK-nın sxemində və bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından, arxiv cizgisində qonşu bağ sahələrinin nömrələri göstərilmədiyindən, bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından iddia edilən sahənin 1414k saylı bağa aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, şərti olaraq kənardan göstərilən ərazinin vahid elektron kadastr baza məlumatlarına əsasən **********19 reyestr nömrəli X9 və **********31 reyestr nömrəli X7 məxsus torpaq sahələrinin bir hissəsi ilə üstüstə düşdüyü müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, şərti olaraq kənardan göstərilən sahə digər şəxslərə aid dövlət qeydiyyatına alınmış sahələrlə üst-üstə düşdüyünə görə, koordinatları təyin etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, bağ sahəsinin nömrəsi 58 saylı BTK-nın sxemində və bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, arxiv cizgisində qonşu bağ sahələrinin nömrələri göstərilməmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDDR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********81 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “1414k” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi və hasara alındığına görə torpaq sahəsinə texniki baxış keçirilməsi və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair mərhum X10 adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən göstərilən və Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1414k nömrəli bağ torpaq sahəsi olduğunu iddia etdiyi torpaq sahəsinin bir hissəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən **********19 reyestr nömrəli X9 və **********31 reyestr nömrəli X7 məxsus olduğu müəyyən olunmuşdur. Bundan əlavə iddiaçı tərəfindən iddia olunan mübahisəli bağ sahəsinin nömrəsi 58 saylı BTK-nın sxemində və bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, arxiv cizgisində qonşu bağ sahələrinin nömrələri göstərilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin və üçüncü şəxssin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1068/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1068/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver