Məhkəmə qərarları › İş №2-1(112)-10685/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10685/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10685/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna X6 Akademiyası tərəfindən onun adına verilmiş B18 , 205538 nömrəli, 30.06.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X6 Akademiyası tərəfindən onun adına verilmiş B18 , 205538 nömrəli, 30.06.2018-ci il tarixli bakalavr diploma üzrə ixtisasının tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-10685/2021 saylı 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclası 02 dekabr 2021-ci il tarixə saat 14:20-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə 3-cü şəxsə bildiriş göndərilmiş, lakin 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılıraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, İddiaçı eyni tələblə artıq bir dəfə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6062/2021 nömrəli, 26.07.2021-ci il tarixli qərar ilə iddia tələbinin rədd edildiyini, bu səbəbdən də hazırki iş üzrə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə əvvəllər müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin hakimi X4 icraatına qəbul edilmiş və 26.07.2021-ci il tarixli, 2-1(112)-6062/2021 nömrəli qərarla iddia tələbi təmin edilməmişdir. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması”na dair qaldırılmış iddia ilə bağlı məhkəmə qərarı olmuş iddia tələbi təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İddiaçı isə hazırda da eyni tərəfə qarşı eyni tələblə iddia qaldırmışdır. Beləki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı qəbul edilmiş, iddiaçının iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar