Məhkəmə qərarları › İş №2-1(112)-10687/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10687/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10687/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qeydiyyatdan keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Məmmədova İrina İvanovna məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh №1-2/H-34 14 may 2005-ci il cavab məktubunda göstərilənləri aradan qaldırılması, sözügedən Qala Bələdiyyəsində iddiaçıya məxsus olan 10 may 2005-ci ildə verilmiş Sərəncamın qeydiyyatdan keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 31 saylı 10 may 2005-ci ildə Cavabdeh Sədri tərəfindən Sərəncamla 800 kv.m torpaq sahəsi alınmışdır və ev tikmək üçün Xaşa-Xuna bağlar 178 saylı bağ massivində tərtib edilmiş torpaq sahəsinə ev tikmək üçün sərəncam verilmişdir. İddiaçı sözügedən torpaq sahəsində üzərində 2 mərtəbəli ev inşa etmişdir və ev hal-hazırda da iddiaçının istifadəsindədir. Yenicə iddiaçıya məlum olmuşdur ki, torpaq vergisini bələdiyyəyə ödəməlidir İddiaçı Qala Bələdiyyəsinə rəsmi müraciət edərək vergi ödənişinin məbləğini bilmək istəyəndə məlum olmuşdur ki, 800 kv torpaq sahəsinin mülkiyyəti təsdiq edən sənədlər tam qaydasında olmadığı üçün qeydiyyata götürülməsi qeyri-mümkündür və iddiaçı rəsmi cavabı 14 may 2025-ci ildə almışdır. İddiaçı 20 ildir ki, həmin torpaq sahəsindən və üzərində inşa etdiyi evdən bugünə kimi istifadə edir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mövcud qanunvericiliyə əsasən torpaq və əmlak vətəndaşın mülkiyətində olduğu halda vergi ödəyicisi kimi qeydiyyata alına bilər. Torpaq və əmlaka görə mülkiyyəti təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən Qala bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyata almaq bələdiyyənin səlahiyyəti xaricindədir.

4. İddiaçı tərəfindən təqdim edilmiş Əzizbəyov rayonu X2 “Vətəndaş fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2005-ci il tarixli 31 nömrəli Sərəncamın surətindən görünür ki, Qala qəsəbəsi, Xaşa-Xuna bağları, 179 saylı bağ massivində ev tikmək üçün İddiaçı 800 kv.m torpaq sahəsi ayrılmışdır.

5. Dövlət Arxinin Bakı Filialı tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən Əzizbəyov rayonu X2 xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamı məhkəməyə təqdim edilmişdir. Lakin həmin sərəncamda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Əzizbəyov rayonu X2 xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamına əsasən Bakı şəhəri, Salyan yolu, ev 32 Yat-da X3 Qala qəsəbəsində ev tikmək üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. X5 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

11. X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

12. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

13. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Əzizbəyov rayonu X2 10 may 2005-ci il tarixli Sərəncamın qeydiyyatdan keçirilməsini tələb etmişdir.

14. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

15. İddiaçının hüquqi marağı torpaq sahəsinə və evə dair hüquqlarının qeydə alınmasında ifadə olunur və iddiaçının tələbinə uyğun olaraq sərəncamın qeydiyyatdan keçirilməsinin hüquqi proseduru və maddi hüquqi əsası yoxdur.

16. Belə olan təqdirdə məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq torpaq sahəsinə və evə dair hüquq müəyyənedici sənədlər əsasında “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etməklə öz məqsədinə çata bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Dövlət Arxinin Bakı Filialı tərəfindən Əzizbəyov rayonu X2 xx.xx.2005-ci il tarixli 31 saylı Sərəncamı məhkəməyə təqdim edilmişdir və həmin sərəncamda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar