Məhkəmə qərarları › İş №2-1(112)-10692/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10692/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10692/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 113 saylı mənzilinin onun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuşdur və xx.xx.2014-cü il tarixdən pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21a, mənzil 113-də yaşayır. Yaşadığı bina əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. Özü də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ("xxxx" QSC) işləyir. Yaşayış yeri olmadığı üçün xx.xx.1987-ci ildən mənzil növbəsində dayanmışdır (ARDNŞ-nin rəhbərliyinin xx.xx.2011-ci il tarixli, 6 saylı protokolunun 13-cü bəndi). Uzun müddət bu mənzilin alınmasını gözləmişdir. Nəhayət, 2012-ci ilin yanvar ayında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 9 mərtəbəli, 21a saylı binada ona (6 nəfər ailə tərkibi ilə) 7-ci giriş, üçüncü mərtəbədə, 4 otaqlı, sahəsi 70,16 m2 olan 113 saylı mənzil verilmişdir. İddiaçının adına Səbayıl Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 97 nömrəli sərəncam verilmişdir. Yaşadığı mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2022-ci il tarixli, **********00 saylı məktub ilə ona imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin onun adına özəlləşdirilməsinə dair müraciətinə imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan mənzilə mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********70 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, iddia ərizəsində mənzilin nömrəsi 113 qeyd olunsa da, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilin nömrəsi 109-dur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 109 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-05613-2022 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2013-cü il tarixli, 29-9679Q nömrəli məktubunda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 3/6-656 saylı məktubu ilə ARDNŞ-yə qaytarılan mənzil uçot qovluqlarını təkrarən baxılması üçün sizə göndərilir. Qəbul edilmiş qərarların təsdiqlənməsi sizdən xahiş edilir. Məktuba əlavə edilmiş “mənzillə təmin edillirlər” siyahısında 7-ci sırada İddiaçı adı qeyd olunmuşdur. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 285 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 23 iyul, 06 avqust, 09 və 16 sentyabr 2013-cü il tarixli, 29-1144BB, 29-9679Q, 29-1314BB və 29- 1313BB saylı məktubları ilə daxil olmuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr. № 2,3,7,8,9,10,15) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ..., İddiaçı və qeyrilərinin mənzil ilə təmin edildikləri, ... bildirilməklə qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 23 iyul, 06 avqust, 09 və 16 sentyabr 2013-cü il tarixli, 29-1144BB, 29-9679Q, 29-1314BB və 29-1313BB saylı məktublarını və Səbail Rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının rəyini (pr. № 9) nəzərə alaraq: 1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri, mənzil növbəsinin addan-ada keçirilməsi, mənzil növbəsindən çıxarıldıqları barədə (pr. № 2,3,7,8,9,10,15 saylı) protokol qərarlarından çıxarışların təsdiq edilməsi;

10. İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və üç nəvəsi ünvan 3 ünvanında yerləşən evin, mərtəbə 1, giriş 7, yaşayış sahəsi 70,16 kv.m. olan 4 otaqlı, 109 saylı mənzilinin ayrılması və mənzil növbəsindən çıxarılmaları qərara alınmışdır: İddiaçı - 1949-cu il təvəllüdlü - özü, X4 - 1952-ci il təvəllüdlü - həyat yoldaşı, X17 - 1977-ci il təvəllüdlü - qızı, X14 - 1996-cı il təvəllüdlü - nəvəsi, X9 - 1997-ci il təvəllüdlü - nəvəsi, X10 - 1999-cu il təvəllüdlü - nəvəsi. Məhkəminin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30490089X00054 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 3 nömrəli Protokolunun 11-ci bəndində qeyd olunmuşdur ki, ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan, Sİİ-nin MKXD-nin MİS-də işləmiş hal-hazırda təqaüddə olan İddiaçı xx.xx.1988-ci ildə mənzil uçotuna götürülüb. İddiaçı tək özü S.Məmmədov 8, subaylar yataqxanasına, arvadı və uşaqları, nəvələri (17-nəfər) Y.Bədəlov küçəsi 25, yataqxanaya qeydiyyatdadırlar. Faktiki bu ailə G.Əliyev 16a-da özütikilidə qeydiyyatsız olaraq yaşayırlar. İddiaçı 5 qızı, 1 oğlu var və hamısı ailəlidir. X5 pozulması barədə Şəhadətnamə vardır. O, ərizə ilə müraciət edərək mənzil verilərkən özü, arvadı, qızı Vəfa və onun 3 uşaqları ilə yeni mənzilə köçmək istədiyini bildirmişdir. İddiaçı 6 nəfər ailə tərkibi ilə 4 otaqlı mənzil almaq hüququ var və ona bölgüsü aparılan mənzillərdən seçim təklif edildi. O, ünvan 4 ünvandan giriş 7, mərtəbə 1, 4 otaqdan ibarət 70,16 kv.m. yaşayış sahəsi olan 109 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. Qərara alındı: 1. ünvan 3 nömrəli evin, giriş 7, mərtəbə 1, mənzil 109, yaşayış sahəsi 70,16 kv.m. olan 4 otaqlı mənzil İddiaçı 6 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə verilsin: özü - İddiaçı - 1949-cu il təvəllüdlü, arvadı - X4 - 1952-ci il təvəllüdlü, qızı - X17 - 1977-ci il təvəllüdlü, nəvəsi - X14 - 1996-cı il təvəllüdlü, nəvəsi - X9 - 1997-ci il təvəllüdlü, nəvəsi - X10 - 1999-cu il təvəllüdlü. 2. İddiaçı mənzil uçotundan çıxarılsın. 3. Mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-20639- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı xx.xx.2014cü il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxs qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-22187- 1222 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 4, mənzil 109 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 464 nömrəli məktubunda bildirilmişdir ki, qeyd etdiyiniz Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21A saylı ev Dövlət mənzil fonduna aid olmaqla Birliyin balansında və 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Qeyd edilir ki, iş üzrə İddiaçı həmin binanın 109 saylı mənzilinin kirayəçisidir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 476 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış binası əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (müvafiq tabeli qurumunun) balansına verilmişdir. İddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı ev dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. 119 saylı MKİS-nin yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə tərəfimizdən mövcud vəziyyətdə təhvil alınmışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamının 2-ci bəndinə əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi; 3-cü bəndinə əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və 119 saylı mənzil-kommunal istismar sahəsinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamına əlavə edilmiş 2 saylı Əlavədə Qaradağ rayon MKTB-nin tabeliyinə verilmiş 119 saylı mənzil-kommunal istismar sahəsinin dislokasiyasına daxil edilən yaşayış evlərinin siyahısında 7-ci sırada Məhərrəm Seyidov küçəsi 21a ünvanı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-22187- 1222 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 4, mənzil 109 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi Texniki İstehsalat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 8 ünvanında yerləşən mənzil hüquqmüəyyənedici sənəd üzrə və faktiki 4 otaqlı, ümumi sahəsi faktiki 112,9 kv.metr, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 70,16 kv.metr və faktiki 68,8 kv.metr, köməkçi sahəsi faktiki 44,3 kv.metrdir. Mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində (blok 7) yerləşir. Qeyd: Faktiki vəziyyətə uyğun icra olundu, mənzilin nömrəsi 109-dur, iddia ərizəsində səhvən 113 saylı mənzil göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 1268 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a nömrəli 9 mərtəbəli evin 1-ci mərtəbəsində, sahəsi 70,16 kv.m olan, 109 nömrəli, 4 otaqlı mənzildə yaşayır. Evin sahibi İddiaçıdur. Mənzil (mülkiyyətçi) icarəyə götürən Bakı şəhər MKTB-dir. İddiaçı ailəsi 7 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı - xx.xx.1949-cu il təvəllüdlü - özü, X4 - xx.xx.1952-ci il təvəllüdlü - həyat yoldaşı, X15 - xx.xx.1977-ci il təvəllüdlü - qızı, X11 - xx.xx.1998-ci il təvəllüdlü - nəvəsi, X10 - xx.xx.1999-cu il təvəllüdlü - nəvəsi, X7 - xx.xx.2000-ci il təvəllüdlü - nəvəsi, X12 - xx.xx.2003-cü il təvəllüdlü - nəvəsi. İş materiallarına əlavə edilmiş X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 4-da yerləşən 109 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X15 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 4-da yerləşən 109 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 4-da yerləşən 109 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 4-da yerləşən 109 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 4-da yerləşən 109 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində ünvan 4-da yerləşən 109 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq verdiyini bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21 A saylı binada yerləşən mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxilmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzillərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2013-cü il tarixli, 29- 9679Q nömrəli məktuba, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 285 nömrəli sərəncamına əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 109 saylı mənzilinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan sözügedən mənzilə bağlı 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı iş üzrə cavabdeh öz imtina əsasını, etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 285 nömrəli sərəncamı xx.xx.2013-cü il tarixdə verilmiş, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, ARDNŞ-nin Sİİ-nin MKXD-nin MİS-də işləmiş İddiaçı xx.xx.1988-ci ildə mənzil uçotuna götürülmüşdür. Həmin vaxtdan 2012-ci ilədək İddiaçı iş yerindən mənzillə təmin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 3 nömrəli Protokolu ilə İddiaçı 6 nəfərdən ibarət ailə tərkibində ünvan 3 nömrəli evin, giriş 7, mərtəbə 1, 109 nömrəli mənzillə təmin olunması qərara alınmış və o mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 285 nömrəli sərəncamı ilə qeyd edilən qərar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli 3 nömrəli Protokolu) təsdiq olunmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Hazırda isə iddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21 a, 109 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göründüyü kimi iddiaçı xx.xx.1988-ci il tarixdən ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil iddiaçının istifadəsinə 24 ildən sonra, yəni 2012-ci ildə verilmişdir. İddiaçıya mənzil işlədiyi müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş, o, iş yeri üzrə mənzil uçotundan çıxarılmış və yalnız bundan sonra ona təhvil verilmiş mənzil Səbail RİH-nin xx.xx.2013-cü tarixli 285 nömrəli sərəncamı ilə onun adına rəsmiləşmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2012-ci ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X13 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X8-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq icra hakimiyyəti orqanının xx.xx.2013-cü il tarixli 285 nömrəli sərəncamını, eləcə də mənzil üzrə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşməsinə dair razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 109 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 109 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar