Məhkəmə qərarları › İş №2-1(112)-10694/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10694/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10694/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X1 Əmir oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının və ailəsinin məruz qaldığı maddi məhrummiyyət və ziyan, həmçinin mənəvi ziyan, məhrumiyyət və sıxıntıya görə aşağıda gəstərilənlərə uyğun şəkildə maddi təzminatın ödənilməsinə dair sərəncam verilməsini məhkəmədən xahiş etmişdir:

1. Su basması səbəbindən evinin döşəməsinə və divarlarına dəyən ziyana görə 15 000 manat,

2. Həyətində quruyan 6 tut, 2 heyva, 11 nar ağacı, 10 qarağat kolu, 20 üzüm tənəyi və 10 qızılgül kolunun quruması səbəbindən 30000 manat,

3. Həyətini su basması nəticəsində dəmir qarajdakı avadanlıqlara, hamam və tualetə, həyətyanı tikililərdəki ev avadanlıqlarına dəyən ziyana görə 10000 manat,

4. İlərlə axıdılan kanalizasiya suyu səbəbindən torpaq tərkibinin ekoloji cəhətdən korlanması səbəbində 100000 manat;

5. 6 il ərzində iddiaçıya aid olan evdə rahat yaşaya bilmədiyinə, müxtəlif dövlət qurumlarına müraciətlər etməyinə, qəbullara getməyinə, məktublar yazmağına sərf etdiyi vaxtlar, özünün və ailə üzvlərinin məruz qaldığı narahatçılıqlar, keçirdiyi əsəbi gərginlik hallarına görə sağlamlığına dəymiş ziyana və mənəvi istirablara görə 100000 manat;

6. Yolu su basması nəticəsində həyətinin yola tərəf olan daş hasarın söküldüyü üçün 3000, cəmi 258000 manat. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Heybətqulu Məmmədbəyli küçəsi, ev № 2011 də yaşayır. 2017-ci ildə qeyd etdiyi küçədə naməlum müəssisə və ya şəxslər tərəfindən yolda qazıntı işləri aparılaraq kanalizasiya xətti çəkilmişdir. Bu hal maşınların və piyadaların gediş-gəlişinə maneələr törətmişdir. Əhaliyə izahat verilmədən aparılan bu işlərə Şağan kənd soveti tərəfindən deyildi ki, hansısa məmurlar şəxsi istifadələri üçün kanalizasiya xətti çəkirlər. Bunun qanuni olub-olmaması barədə suallara aydınlıq gətirilmədi. Təqribən 1-1,5 il sonra həmən məmurların bu xəttən imtina etdikləri xəbəri yayıldı. O vaxtdan kəndin yuxarı hissəsində “varlılar məhəlləsi” adlanan ərazidəki çoxsaylı evlər, maşınyuma nöqtələri, həyətyanı quşçuluq və heyvandarlıq təssərrüfatı ilə məşğul olan evlər Kənd sovetinin qeyri-rəsmi razılığı ilə bu kanalizasiya xəttinə qoşulmağa başladılar. Kənd sovetinin bu ev və obyektlərdən pul alması faktı barədə də hər kəs danışırdı. Nəticədə 2 ev üçün nəzərdə tutulmuş bu kanalizasiya xətti qısa müddətdə sıradan çıxdı və mütəmadi bir neçə lyuk eyni zamanda daşmağa başladı. "xxxx" ASC-yə edilən müraciətlər əsasında ona bildirilirdi ki, bu qurumun Şağan qəsəbəsində kanalizasiya xətti yoxdur və mövcud olan xətt qeyri-qanuni olduğu üçün ona xidmət göstərilə bilməz. Bu qeyri-qanuni xəttin ləğv edilməsi ilə bağlı "xxxx" ASC-yə edilən müraciətlərə cavab olaraq deyilirdi ki, bu Rayon İcra Hakimiyyətinin və Kənd sovetinin səlahiyyətində olan yerli məsələdir. Artıq 6 ildir ki, Xəzər rayonu, Şağan kəndi, Heybətqulu Məmmədbəyli küçəsində bir neçə məmur tərəfindən şəxsi istifadə üçün qeyri-qanuni, heç bir dövlət qurumun balansında olmayan kanalizasiya xəttinin nəzarətsiz qalması, dağılması və daşması nəticəsində aylarla mərkəzi nəqliyyat yolu bağlanır, marşrutların fəaliyyəti dayanır, əhalinin evlərini və bağ sahələrini çirkab suları basır. Anti-sanitariya vəziyyəti, üfunət qoxusu, xəstəlik törədən ağcaqanadlar və digər həşəratlar çox təhlükəli ekoloji vəziyyət yaradır. İnsanların məktəbə, işə, zəruri ehtiyacları üçün gediş-gəlişi mümkünsüz olur. Sakinlərin dəfələrlə müxtəlif yerli və yuxarı dövlət qurumlarına - Kənd soveti, Bələdiyyə, İcra hakimiyyəti, "xxxx" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə etdikləri müraciətlərə baxmayaraq, bu problem öz həllini tapmır. Su basması səbəbindən ərazidə neçə illik ağaclar quruyub, bataqlıqlar yaranıb, yerli sakinlər arasında xəstəliklər, narazılıqlar və münaqişələr baş verir. Bu hadisələr səbəbindən ən çox ziyan görən ona məxsus olan ev və həyatyanı sahəsidir. Hazırda darvazadan evə qədər olan 20 metrlik məsafə və evin hər tərəfi 40-50 sm hündürlüyündə çirkab suyu ilə dolub. Suyun üstü bataqlıq suyuna xas olan təbəqə və ağcaqanad yığnağı ilə örtülüb. Təmir etdiyi evin çöl və içəri divarlarının boya və boyaaltı üzlük təbəqələri tökülüb, zirzəmi su ilə dolduğundan evdən nəm və kif qoxusu gəlir. Həyətyanı tikililəri su altında qalıb və istifadə üçün yararsız hala düşüblər. Əvvəllər zəfəran becərdiyi bağın ərazisini hazırda qamış və s. bataqlıq bitkiləri basıb. Su basması səbəbindən evinə gedibgələ bilmir, bağda təmizlik işləri də apara bilmir. Əmlakına və özünə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Hər hansı səbəbdən yanğın baş verərsə hasarının yanından keçən elektrik, telefon, internet, qaz xətləri ziyan görə bilər və bunun məsuliyyəti bütünlüklə işinə məsuliyyətsiz yanaşan İcra hakimiyyəti və kənd sovetinin üzərinə düşür. Dəfələrlə müraciətinə baxmayaraq, qeyd etdiyi təhlükəli hallara reaksiya verməyən Fövqəladə Hallar Nazirliyi də bu məsuliyyəti bölüşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, yaranmış problemlə bağlı bir çox qrumlara müraciət etmiş, həmçinin baş vermiş vəziyyətə görə zərər dəyməsi ilə bağlı Cavabdeh1nə də müraciət etmişdir. Lakin hazırki tərələblə bağlı Cavabdeh1nə və Cavabdeh1 başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etməmişdir. Sonda İddiaçı göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən).

ƏSASLANDİRMA HİSSƏSİ:

Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu təqdim edilərək, hazırkı iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqanlara müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, həmin məsələlər məhkəmə iclasında da iddiaçının diqqətinə çatdırılmış, lakin onun tərəfindən qeyd edilən məsələlər ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı hazırki tərələblə bağlı Cavabdeh1nə və Cavabdeh1 başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, tələb dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə əvvəlcə cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət etməsinə dair hər hansı sübut (poçt qəbzi və s.) təqdim etməmiş və məhkəmə iclasında verdiyi izahat ilə də bunu təsdiq etmişdir. Beləliklə, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri-mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar