Məhkəmə qərarları › İş №2-1(112)-10697/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10697/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10697/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X7 qanuni nümayəndələri X6 (iddiaçının atası) və İddiaçı (iddiaçının anası) iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci ildə anadan olmuş X11 məcburi köçkün statusu və vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra məhkəməyə ərizə təqdim olunaraq əsl iddiaçı qismində X7 nəzərə alınması xahiş edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının anası İddiaçı xx.xx.1984-cü ildə Cəbrayıl rayon Fuğanlı kəndində anadan olmuşdur. Cəbrayıl rayonunun işğalından sonra İddiaçı məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayır. 16 dekabr 2006-cı ildə İddiaçı və X13 ilə rəsmi nikaha girməklə evlənib ailə həyatı qurmarasında nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2007-ci ildə X18, xx.xx.2011-ci ildə X15 və xx.xx.2013cü ildə X16 adlı uşaqları doğulmuşdur. Ailə arasında yaranan narazılığa görə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan xx.xx.2007-ci ildə anadan olmuş X18, xx.xx.2011-ci ildə anadan olmuş X15 və xx.xx.2013-cü ildə anadan olmuş X16 İddiaçı himayəmədə saxlanılmışdır. Digər məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment təyin edilmişdir. İddiaçı məcburi köçkün statusu var, yemək xərci ilə bağlı müavinət alır, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilmişdir. X6 da məcburi köçkün statusu və məcburi köçkün vəsiqəsi vardır, lakin hal hazırda bir müddətdir ki, Bakı şəhərinə qeydiyyata düşmüş, buna baxmayaraq məcburi köçkün statusu qüvvədən düşməmişdir. xx.xx.2007-ci ildə anadan olmuş X7 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi müraciət edilmiş və həmin komitədən 3-36-3/2-M-72xx-xx/2024/6979 saylı xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə statusun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən valideyinlərdən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyinlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının X4 Bakı şəhərində qeydiyyatda olduğu üçün xx.xx.2007-ci ildə doğulmuş X11 məcburi köçkün statusu və vəsiqə verilməsi mümkün deyildir. Azərbaycan Respublikasında məcburi köçkünlərə statusun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideyinlərdən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyinlərinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçı 1993-cü ildən məcburi köçkün statusu vardır, məcburi köçkün kimi müvəqqəti Bakı şəhəri Nizami rayonunda qeydiyyatdadır, yemək xərci alan məcburi köçkün kimi artıq qeydiyyata alınmışdır.

4. Cavabdeh tərəfindən iddiaçının atasına ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, X6 qeydiyyatı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, zeytun sovxozu 1 ünvanında olduğundan xx.xx.2007-ci il təvəllüdlü X11 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddianın mümkünlüyünə dair: Hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı Səfərova X2 Ayan Yasif qızının hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2007-ci il təvəllüdlü X17 məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1 -ci bəndinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü bəndinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci bəndinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü bəndinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci bəndinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci bəndinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü bəndinə əsasən, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 1 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1 -ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, X17 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli 2-1(102)-2114/2020 nömrəli qərarında da analoji yanaşma mövcuddur). İddia tələbinin maddi-hüquqi əsaslılığına dair: İddiaçının “övladına məcburi köçkün vəsiqəsinin verilməsi" barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, ‘‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) ‘‘məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"’ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. X6 qeydiyyatı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 ünvanında olduğundan xx.xx.2007-ci il təvəllüdlü X11 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanununun 1 -ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. X11 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X7 X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; X13 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; X7 anası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Səfərova X3 rayonu, Fuğanlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X7 X4nun yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) deyil, “Bakı şəhərinin Suraxanı rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci bəndinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. İş materiallarına əlavə olunmuş AZ-İİ 055266 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X17 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır.

7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-372/2014 nömrəli Qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Cavabdeh X6 iddianı etiraf etməsi təsdiq edilmişdir. X13 ilə İddiaçı arasında bağlanmış vo 16 dekabr 2006-ci il tarixində Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş və akt qeydləri kitabındakı 1472 saylı nikah qeydi ləğv edilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş 23 oktyabr 2007-cı il təvəllüdlü X7, 22 may 2011-ci il təvəllüdlü X8 və 04 iyun 2013-cü il təvəllüdlü X12 anası İddiaçı yanında qalması müəyyən edilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-2249/2014 nömrəli Qətnaməsi ilə cavabdeh X5 23 oktyabr 2007-ci il təvəllüdlü övladı X7 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat, 22 may 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat və 04 iyun 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat olmaqla, hər ay sabit pul məbləğində cəmi 300 (üç yüz) manat miqdarında aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

9. İş materiallarına əlavə olunmuş AZ-İ 185077 və 185078 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamə(lər)yə əsasən X13 və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 71 № ilə qeyd edilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AA seriyalı 216832 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı (1984-cü il təvəllüdlü, Cəbrayıl rayonunda doğulmuşdur) 1993-cü ildə Cəbrayıl rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir, hazırda Bakı şəhəri, Nəsimi rayonunda məskunlaşmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AA seriyalı 129841 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X13 (1980-ci il təvəllüdlü, Cəbrayıl rayonunda doğulmuşdur) 1993-cü ildə Cəbrayıl rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir, hazırda Bakı şəhəri, Sabunçu rayonunda məskunlaşmışdır.

12. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Nizami rayon sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 nömrəli Arayışa əsasən Səfərova X3 rayonundan məcburi köçkün düşüb, Nizami rayonu, E.Süleymanov 137, ev 69, m 69 ünvanında məskunlaşıb.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdilər.

II. İddianın növü və mümkünlüyü

14. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.

15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

18. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

21. Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.

22. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Cavabdehin imtinasının dəlili Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçıların valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Yəni cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, atasının qeydiyyatı Bakı şəhəridir.

23. Məhkəmə qeyd edilən halı araşdıraraq ilk növbədə müəyyən etmişdir ki, İddiaçı X17 xx.xx.2007-ci il təvəllüdlüdür, iddiaçının anası işğal olunmuş rayonda doğulmaqla (Cəbrayıl rayonu) Bakı şəhərində məskunlaşmışdır və məcburi köçkün satusunu malikdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının anası İddiaçı və iddiaçının X4 arasında bağlanmış nikah ləğv edilmiş, iddiaçı X17 anası İddiaçı himayəsinə verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı faktiki və hüquqi olaraq yetkinlik yaşına çatana qədər valideynlərindən yalnız anasının himayəsində olduğundan atasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədar “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsi onun fərdi vəziyyətinə mütənasib olmamışdır.

24. Digər tərəfdən məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

25. Bununla bağlı məhkəmə bildirir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb və ya ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdüyü halda müvafiq hüquqdan məhrum olmaya dair tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət, eləcə də “ayrıca yaşayış sahəsi əldə edildiyi təqdirdə” həmin hüququn itirilməsi halını müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

26. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

27. İddiaçının X4 və anası İddiaçı Məhəmmədli qızı məcburi köçkün statusuna malikdirlər.

28. Məhkəmə qeyd edir ki, iddiaçının valideynlərinin məcburi köçkün statusunun ləğv edilməsi, eləcə də kəndlərinin bərpa edilərək həmin kəndə “Böyük qayıdış”ın baş tutması müəyyən edilmir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydalarının (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur): 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 6-cı bəndinə əsasən Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. 7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır.

30. Göründüyü kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə əsasən iddiaçı məcburi köçkün statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçı məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onun güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir.

31. Digər tərəfdən məhkəmə nəzərə alır ki, qanunvericilikdə məcburi köçkün şəxslərin Cəbrayıl rayonuna köçürülməsi ilə bağlı və ya məcburi köçkün vəsiqələrinin ləğv edilməsi ilə bağlı hər hansı hüquqi tənzimləməsi mövcud olmadığından iddiaçıya münasibətdə cavabdeh orqanın imtinası qanuni hesab edilmir. Belə ki, məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı qanunvericilikdə cavabdeh orqanının qeyd etdiyi məhdudiyyət olmadığından bu hüququn iddiaçıya münasibətdə tətbiq olunmamağı hüquq bərabərliyi prinsipinə ziddir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”da qeyd olunduğu kimi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Odur ki, hazırda Cəbrayıl rayonunun ərazisinə Böyük Qayıdış baş tutmamışdır.

32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

34. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı X11 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar