Məhkəmə qərarları › İş №2-1(112)-107/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-107/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-107/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh4ə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Cavabdeh4ə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı İddiaçı MMC-nin mülkiyyətində olmuş və zəbt edilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə kompensasiya qismində 62000 (altmış iki min) manat, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinə görə kompensasiya qismində 775.000 (yeddi yüz yetmiş beş min) manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin həmin əraziyə yaxın, eyni ölçüdə və sahədə əvəzləşdirilməsi və ya ədalətli kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olmuş və zəbt edilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə, 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə kompensasiya qismində 62000 (altmış iki min) manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən İddiaçı MMC-nin istifadəsinə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsi verilərək icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə, 18.2 kv.m qeyri-yaşayış sahəsi qanunauyğun olaraq özəlləşdirilmiş və Dövlət Əmlak Komitəsindən buna dair ******* saylı, 15.01.1998-ci il tarixli Şəhadətnamə alınmışdır. Dövlət Əmlak Komitəsinin İnventarlaşma İdarəsi tərəfindən verilmiş 20.11.1997-ci il tarixli inventarlaşma pasportuna əsasən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsi də, MMC-nin istifadəsində olmuşdur. MMC tərəfindən qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən səmərəli istifadə edilmiş və lazımi abadlıq işləri aparılmışdır. 2006-cı ilin əvvəllərində isə qeyri-yaşayış sahəsi və istifadə olunan torpaq sahəsi orada dövlət əhəmiyyətli tikinti (X5) aparılması ilə əlaqədar hasara alınmış və söküntü işlərinə başlanmış, söküntünü həyata keçirən şəxslər tərəfindən MMC-yə mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış və torpaq sahəsinə uyğun sahənin veriləcəyi vəd edilmişdir. Yuxarıda göstərilən qeyri-yaşayış sahəsi artıq 12 ildir ki, sökülsə də, bu günə kimi sahənin əvəzinə MMC-yə heç bir əmlak verilməmiş, təklif də, edilməmişdir. Qeyd edir ki, ““X5”nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamına əsasən, “X5”nin yaradılması üçün Bakı şəhərində müvafiq yer ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərin bir ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Tərəflərindən əmlak hüququnun bərpa olunması üçün 05.11.2006-cı ildə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə 15.07.2010-cu il tarixdə isə Əmlak Məsələləri Dövlət Komitəsinə məktubla müraciət olunmuşdur. Birinci məktuba ümumiyyətlə cavab verilməmiş, ikinci məktubla bağlı (23.08.2010-cu il tarixli, 12/5205-m-5/1 saylı) məsələyə qanunvericiliyə uyğun baxılması məqsədi ilə müvafiq araşdırmalar aparıldığı bildirilmişdir. Lakin, göstərilən sahədə həyata keçirilən tikinti işləri ilə bağlı əmlaklarına ziyan dəymiş şəxslərin mülkiyyət hüquqlarının bərpa olunmasına dair xüsusi göstərişin olmasına baxmayaraq, məsələ halhazıradək öz həllini tapmamışdır. Qeyd edir ki, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş ekspert rəyindən də, məlum olduğu kimi, MMC-yə məxsus qeyri-yaşayış sahəsinin 11.10.2018-ci il tarixə bazar dəyəri 62.000 (altmış iki min) manat, torpaq sahəsinin bazar dəyəri 1 550 000 (bir milyon beş yüz əlli min) manat müəyyən edilmişdir. Cavabdehlərdən qanunazidd əməllərinə son qoymağı tələb edərək, məsələnin məhkəməyə qədər həllinə çalışmışlar. Lakin, buna baxmayaraq, cavabdehlər mülkiyyətində olan sözügedən torpaq sahəsinin ona qaytarılması barədə heç bir tədbir görməmişdir. Elə, bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun mülkiyyətindən bu formada məhrum edilməsi heç bir dövlətdaxili beynəlxalq qanunvericilik normasına uyğun deyildir. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etirazına əsasən, iddia əsassız olduğuna görə qeyri-mümkün sayılmalıdır. Belə ki, iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospeti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olduğunu və “X5”nin yaradılması ilə əlaqədar olaraq söküldüyünü, lakin, sökülmüş həmin qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi İddiaçı MMC-nin istifadəsində olmuş 1041.6 kv.m torpaq sahəsinə görə ona kompensasiyanın ödənilmədiyini qeyd etmişdir. Bildirirlər ki, qeyd edilən ərazidə “X5”nin inşası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməmiş və Komitə həmin ərazidə sökülmüş daşınmaz əmlaklara görə mülkiyyətçilərə kompensasiyanın verilməsi öhdəliyini daşımamışdır. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq sökülmüş əmlaka görə ona kompensasiya verilmədiyini və sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin əvəzində ona torpaq sahəsinin ayrılmadığını qeyd etmişdir. Bildirirlər ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə torpağın alına biləcəyi dövlət ehtiyaclarının dairəsi konkret olaraq müəyyənləşdirilmişdir. İddiaçıya məxsus qeyriyaşayış obyekti torpağın dövlət ehtiyacı ilə alınması ilə əlaqədar oalraq sökülməmişdir. Bu səbəbdən, iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq hazırki iddia tələblərini irəli sürməsi əsassızdır. Bundan əlavə, göstərilən torpaq sahəsi dövlət ehtiyacları ilə əlaqədar alınmış olsaydı, belə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Əmlak Məsələləri Komitəsi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla sərəncamında iddiaçıya sökülmüş əmlaka görə kompensasiya kimi verilə bilən pul vəsaiti mövcud deyildir və Komitə qanunvericiliyə əsasən belə bir vəzifə də, daşımır. Bu səbəbdən, iddiaçı müvafiq tələblərini yuxarıda qeyd edilən ərazidə “X5”nin inşasını həyata keçirmiş aidiyyəti orqanlara yönəldə bilər. Bakı şəhər İcra Hakimiyyətinin etirazına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.01.2007-ci il tarixli 20 saylı Sərəncamı ilə “X5”nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli, 1886 nömrəli və 24.01.2007-ci il tarixli, 1913 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 29.01.2007-ci il tarixli, 04/589 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekt 842, 845, 849-cu məhəllələrdə yerləşən, "xxxx" ASC-nin tabeliyində olan "xxxx" TASC-nin əvvəllər istifadəsində olmuş 29.9 ha torpaq sahəsi “X5”nin yaradılması ilə əlaqədar tikintisinin layihələndirilməsi üçün mərkəzin istifadəsinə verilmişdir. Eyni zamanda hesab edirlər ki, iddia tələbinə bilavasitə aidiyyəti olan Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi cavabdeh kimi cəlb olunmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2007-ci il tarixli, 1913 saylı Sərəncamının 3-cü bəndinə əsasən həmin ərazidə “X5”nin yaradılması ilə əlaqədar layihələndirmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə Mərkəzin inşası prosesində həyata keçirilən işlərin təşkili və əlaqələndirilməsi işləri Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. İddiaçı MMC-yə məxsus özəlləşmiş qeyri-yaşayış sahəsi isə Mərkəzin Yaradılması ilə əlaqədar söküldüyündən Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamında olan digər qeyri-yaşayış sahəsi ilə əvəzləndirilməlidir. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin balansında olan sərbəst dövlət torpaqları yalnız sözügedən hüquqi şəxslərə torpaq icarə müqaviləsi əsasında verildiyini, digər kateqoriyaya aid özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə münasibətdə torpaq icarə müqavilələrinin bağlanması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdeh Bakı şəhəri Cavabdeh4in nümayəndəsi və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxıla bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 2-1(112)-107/2021 saylı, 26.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbi iş üzrə cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Cavabdeh4ə münasibətdə və “qeyri-yaşayış sahəsinin yerləşdiyi 1041.6 kv.m torpaq sahəsinin əvəzinə cavabdehlər tərəfindən İddiaçı MMC-nin istifadəsinə Nərimanov rayonu ərazisində 1041.6 kv.m həcmində torpaq sahəsi verilərək icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması hissəsində” mümkün sayılmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərabycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş 20.11.1997-ci il tarixli, qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Rəşid Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 1 mərtəbəli, dəmir materialdan ibarət, 18.2 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı Şirkətidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 15.01.1998-ci il tarixli, 008150 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşən 18.2 kv.m qeyri-yaşayış sahəsi İddiaçı Şirkətinə satılmışdır. İddiaçı Şirkətinə mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən həmin şəhadətnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə İddiaçı Şirkəti arasında bağlanmış 103 nömrəli, 09.02.1998-ci il tarixli “Qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri Səttarxan adına maşınqayırma zavodu ilə 21.11.1997-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü və müqavilə ilə satın alındığı 18.2 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “X5”nin yaradılması haqqında” 20 nömrəli, 31.01.2007-ci il tarixli sərəncamının surətindən görünür ki, “X5”nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli, 1886 saylı sərəncamı və 24.01.2007-ci il tarixli, 1913 saylı sərəncamının 2.1-ci bəndinə əsasən və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinn 29.01.2007-ci il tarixli, 04/589 saylı məktubunu nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekti 842, 845, 849-cu məhəllərlərdə yerləşən, "xxxx" ASC-nin tabeliyində olan "xxxx" TASC-nin əvvəllər istifadəsində olmuş 29.9 ha torpaq sahəsi “X5”nin yaradılması ilə əlaqədar tikintisinin layihələndirilməsi üçün mərkəzin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ərazidə yerləşən mövcud tikililərin və qurğuların balans dəyərinin silinməsinin müvafiq qaydada həll edilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfinədn Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 17.07.2009-cu il tarixli məktubun surətindən görünür ki, sözügedən məktubla bildirilmişdir ki, “X5”nin tikintisi işlərini aparan DİA Holdinq Şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinə 16 iyul 2009-cu il tarixli, GD-DDK-665 nömrəli məktubla müraciət edərək, Bakı şəhəri, Heydər Əliyev prospekti istiqamətində tikintiyə bitişik ərazidə yerləşən beş ədəd yaşayış binalarının Mərkəzin əsas girişindən nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik yaradacağı, Mərkəzin ümumi və estetik görünüşünə ciddi xələl gətirməsi səbəblərindən həmin yaşayış binalarının köçürülməsinin zəruriliyini bildirmişdir. “X5”nin layihələndirilməsini və tikintisini həyata keçirən DİA Holdinq Şirkətinin qeyd olunan məktubunu nəzərə alaraq, onların təqdim etdiyi cizgidə göstərilən yaşayış binalarının köçürülməsi ilə bağlı tədbirlərin görülməsi və onların yerləşdiyi ərazinin “X5”nin tikintisi məqsədilə ayrılmış torpaq sahəsinə əlavə olaraq ayrılması məsələsinə baxılması üçün göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 17.07.2009-cu il tarixli, 279 A nömrəli “X5”nin yaradılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin 31.01.2007-ci il tarixli, 20 saylı Sərəncamına əlavə” barədə Sərəncamın surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən “X5”nin tikintisi ilə bağlı, ətrafında müvafiq abadlıq işlərinin aparılması ilə əlaqədar, Heydər Əliyev prospekti istiqamətində tikintiyə bitişik ərazidə yerləşən yaşayış binalarının Mərkəzin əsas girişindən nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradacağı və ümumi-estetik görünüşünə ciddi xələl gətirdiyindən, Cavabdeh4in 17.07.2009-cu il tarixli, 185 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17.07.2009-cu il tarixli, 12/05M saylı xahişlərini nəzərə alaraq, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 73/A, 73/1, 73/2, 73/3 və 73/4 saylı binaların sökülməsinə və həmin binalarda yaşayan sakinlərin yaxınlıqdakı ərazidə yeni inşa edilmiş, müasir standartlara cavab verən yaşayış kompleksinə köçürülməsinə icazə verilmişdir. Sərəncamın 2-ci bəndinə əsasən Sərəncamın icrası Cavabdeh4in başçısına tapşırılmışdır. İşdə olan Bakı şəhər Cavabdeh4 başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 17.07.2009-cu il tarixli məktubdan görünür ki, sözügedən məktubla bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, Nərimanov rayonu ərazisində “X5”nin tikintisi həyata keçirilir. İnşa edilən mərkəzin tikintisi ilə bağlı və ətrafında müvafiq abadlıq işlərinin aparılması üçün həmin ərazidə yerləşən Heydər Əliyev prospekti 73/A, 73/1, 73/2, 73/3 v 73/4 nömrəli binaların sökülməsinə zərurət yaranmışdır. Bu məqsədlə, həmin binalarda yaşayan sakinlərin yaxınlıqdakı ərazidə yeni inşa edilmiş, müasir standartlara cavab verən yaşayış kompleksində, hazırda təmiri aparılan mənzillərə köçürülməsi planlaşdırılır. Cavabdeh4 köçürülmə zamanı üzərinə düşən işləri vaxtında və keyfiyyətlə həyata keçirəcək. Göstərilənlərlə əlaqədar, qeyd olunan binalarda yaşayan sakinlərin köçürülmə prosesinin həyata keçirilməsi üçün müvafiq sərəncam verilməsi xahiş edilmişdir. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilmsi üzrə Dövlət Komitəsinin sədrinə ünvanlanmış 05.01.2006-cı il tarixli, 141 nömrəli ərizədən görünür ki, iddiaçı tərəfindən Komitəyə ünvanlanmış müraciətdə bildirilmişdir ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası qanunlaraına uyğun olaraq, Bakı şəhəri, R.Qafur küçəsi, 845-ci məhəllədə dəyəri on iki milyon altı yüz on üç manat olan 18.2 kv.m qeyri-yaşayış sahəsi özəlləşdirilmiş və buna dair Dövlət Əmlak Komitəsinin 008159 saylı, 15.01.1998-ci il tarilxi Şəhadətnaməsi alınmışdır. Eyni zamanda DƏK-nin İnventarlaşdırma İdarəsi tərəfindən 20.11.1997-ci il tarixli inventarlaşdırma pasportuna əsasən müəssisə tərəfindən 1041.6 kv.m torpaq sahəsinin istifadə etdiyi əks etdirilmişdir. Lakin, bugünədək qeyri-müəyyən şəxslər tərəfindən həmin əmlak və torpaq sahəsi zəbt edilmiş və sonradan MMC-yə məxsus olan əmlak tamamilə dağıdılmış və torpaq sahəsi bərbad hala salınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, MMC-nin əmlakını və torpaq sahəsinə zəbt edərək, qeyri-qanuni hərəkətlərə yol verən şəxslər barəsində və MMC əmlak hüququnun bərpa olunması üçün müvafiq tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 23.08.2010-cu il tarixli, 20.05.2011-ci il tarixli və 24.02.2012-ci il tarixli məktublardan görünür ki, iddiaçının nümayəndəsinin mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı müraciətlərinə “müraciətdə qeyd olunan məsələyə qanunvericiliyə uyğun baxılması məqsədi ilə müvafiq araşdırmalar aparılır” şəklində müvafiq cavablar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 19.01.2016-cı il tarixli, **********84 nömrəli məktubdan görünür ki, iddiaçının nümayəndəsinin mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı müraciətinə “ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə həmin ünvanda söküntü və abadlıq işlərini həyata keçirmiş təşkilata müraciət edilməsi məqsədəuyğundur” şəklində müvafiq cavab verilmişdir. Məhkəmənin 2-1(112)-1212/2020 saylı, 18.11.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmış, ekspert qarşısında aşağıdakı məzmunda sual qoyulmuşdur: İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur üçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəlinə bazar qiyməti nə qədər təşkil edir?. "xxxx" MMC tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq ƏEM/İ83-639/11 nömrəli, 25 iyun 2021-ci il tarixli ekspert rəyi təqdim edilmiş, rəyin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil edib. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə qiymətləndirərək, qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırki iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da, baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Eləcə də, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizələr ilə uzun illər ərzində cavabdehə müraciətlər olunmuşdur. İddia Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə düzgün cavabdehə qarşı verilməsini məhkəmə onunla əsaslandırır ki, “X3 yaradılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli, 1913 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə müəyyən edilmiş torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “X5”nin yaradılması üçün ayrılmasının təmin edilməsi tapşırılmışdır. Sərəncamın 3-cü bəndinə əsasən “X5”nin yaradılması ilə əlaqədar layihələndirməyə tikinti işlərində sifarişçi funksiyaları, habelə Mərkəzin inşası prosesində həyata keçirilən işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə (02.10.2010-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) həvalə edilmişdir. Digər tərəfdən işdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “X5”nin yaradılması haqqında 20 nömrəli, 31.01.2007-ci il tarixli Sərəncamının 1.1-ci bəndindən də, müəyyən edilmişdir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, ərazidə yerləşən mövcud tikililərin və qurğuların balans dəyərinin silinməsinin müvafiq qaydada həll edilməsi tapşırılmışdır. Göründüyü kimi, hazırki iddia üzrə cavabdehliyi bir başa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşıyır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə kompensasiya qismində 62.000 (altmış iki min) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etsə də, iş materiallarında olan ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Rəşad Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş 18.2 kv.m qeyri-yaşayış sahəsinin 2006-cı ilin əvvəllərinə bazar dəyəri 45500.0 (qırx beş min beş yüz) manat təşkil etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, iddiaçıya mülkiyyətində olmuş 18.2 kv.m qeyri-yaşayış sahəsinə görə 45500.0 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya məbləği Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-nin 25 iyun 2021ci il tarixli, ƏEM/İ83-639/21 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır və cavabdehdən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən R.Qafur küçəsi, 845-ci məhəllədə yerləşmiş, 18.2 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə görə 45 500,0 (qırx beş min beş yüz) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "xxxx" MMC-nin (VÖEN **********, Hesab № AZN: AZ30GUNA********************47944, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar