Məhkəmə qərarları › İş №2-1(112)-1070/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1070/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1070/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair işə məhkəmə hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ona ödəməli olduğu məbləği vaxtında ödəmədiyinə görə ümumilikdə 9000 manat pul vəsaitinin iddiaçıya ödənilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 iyul 2020-ci il tarixli, 2-1(112)-4908/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1730/2020 saylı qərardadı ilə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2-1(112)- 4908/2020 saylı qərardadı ləğv edilmiş, inzibati iş məhkəməyə qaytarılmışdır. 09 mart 2021-ci il tarixə təyin edilmiş mümkünlük iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə qiymət vermişdir. Həmin iclasda işin halları müzakirə edilərkən müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh inzibati orqana 9000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı müraciət etməmişdir. İclasda iştirak edən iddiaçıya məhkəmədə iddia qaldırılanadək cavabdehə edilən müraciətə dair sübutun məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı cavabdeh orqana çoxsaylı müraciətlər etdiyini lakin 9000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılanadək cavabdehə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə məhkəmədə iddia qaldırmazdan əvvəl inzibati orqana müraciət etməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl inzibati orqana 9000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh inzibati orqana 9000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı müraciət etmədən məhkəmədə iddia qaldırdığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar